Alternative content

01:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Xəzərdə ən böyük donanmalardan birinə malikdir
Azərbaycan Xəzərdə ən böyük donanmalardan birinə malikdir
ANA SƏHİFƏ / SİYASƏT
12:08 05.08.2018

 

Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir və müasir texnika ilə təchiz edilir

 

Bu il müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd olunmaqda davam edir.
Yubileylər ilində Silahlı Qüvvələrimizin də yaranmasının 100 illiyini böyük təmtəraqla qeyd etdik. İyunun 26-da “Azadlıq” meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli hərbi paradda xüsusi döyüş geyimində müasir silahlarla silahlanaraq tribuna və xalq qarşısından qürurla keçən peşəkar zabit, əsgərlərimiz, mükəmməl döyüş texnikaları və səmada əsl peşəkarlıq bacarığı göstərən hava şahinləri Azərbaycan Ordusunun gücünü düşmənə, dünyaya nümayiş etdirdi.
Parada həmçinin Hərbi Dəniz Qüvvələrinin gəmiləri dənizdən dəstək verdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz Xəzərin Azərbaycan sektorunda dövlətimizin iqtisadi və strateji maraqlarını qorumaqla yanaşı, yüksək döyüş hazırlığı nümayiş etdirdi.

 

Ən müasir silahlarla, texnika ilə təchiz edilən Azərbaycan Ordusu

 

Bir daha hər kəsə bəlli oldu ki, Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan öz hərbi məhsullarını ixrac etməyə də başlayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bəyan etdi ki, son illər ərzində alınan ən müasir texnika və silahlar arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarca döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri mövcuddur. Bütün bunlar əlbəttə ki, Azərbaycanın qüdrətini, hərbi gücünü artırır. Əminliklə deyə bilərik ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

 

Azərbaycanda Hərbi Donanma necə yarandı

 

5 avqust tarixi Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd edilir. Bu günün yaranma tarixinə qısaca nəzər yetirək:
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi dəniz donanması da yaradıldı. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu bazanın əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım idi.
Yeni yaranmış Azərbaycan Hərbi Donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.
1919-cu ilin sonlarında baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə, Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi - “Ərdahan” və “Kars”, onlarla yanaşı, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin bir neçə kater var idi.
Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası Məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı.
Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmadı.
Yenidən müstəqillik əldə etdikdən sonra parlamentin qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olundu. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Xəzəryanı dövlətlər arasında əldə olunan razılığa görə, Azərbaycan ərazisində yerləşən sabiq Xəzər Hərbi Donanmasının bazalarına və 25 faiz hərbi gəmilərinə sahib oldu.

 

Üçrəngli bayrağımız ilk dəfə “Bakılı” gözətçi gəmisində qaldırıldı

 

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Həmin ilin iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırıldı.
1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Ümummilli lider Heydər Əliyevin fərmanına əsasən, hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.
İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil oldu. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlandı. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırıldı. 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı.
Hərbi Dəniz Qüvvələri mövcud güc və vasitələrlə dənizdə digər hərbi birləşmələr və dənizçilik təşkilatları ilə birlikdə təhlükəsizliyin təmin olunması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda milli maraqların qorunması məqsədilə fəaliyyət göstərir.

 

Dəniz təhlükəsizliyi strategiyası

2013-cü il sentyabrın 11-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası dəniz təhlükəsizliyi strategiyası” imzalanıb. Sənəddə Azərbaycanın bütün dəniz qurumları, eləcə də qarşılıqlı fəaliyyətdə olan digər təşkilatlar qarşısında tapşırıqlar qoyulub və vəzifə bölgüsü aparılıb. Bu sənəd vasitəsilə hər bir qurum ayrılıqda öz təyinatına uyğun vəzifələrindən irəli gələn tapşırıqların yerinə yetirir.

2000-ci ildən isə Azərbaycanın hərbi donanması geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi donanması ən müasir hərbi texnika ilə təchiz edilmişdir. Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür.
Aprel ayında keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində vurğulamışdı ki, Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir.

 

Müstəqil siyasət, uğurlu inkişaf

 

İyulun 31-dən avqustun 11-dək “IV Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2018” beynəlxalq yarış da yuxarıda deyilənləri bir daha təsdiqləyir. Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.
İlk gündən başlayaraq Azərbaycan Müdafiə Nazirliyinin komandaları Beynəlxalq Ordu Oyunlarında iştirak edirlər. Keçən il Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası “Dəniz kuboku-2017” müsabiqəsində qalib gələrək Rusiya Federasiyası Xəzər Dənizi Flotiliyasının komandası ilə birinciliyi bölüşüblər. Tankçılarımız, artilleriyaçılarımız, aşpazlarımız və snayperlərimiz də müvafiq müsabiqələrdə fərqləndilər. Bu il də komandalarımız Rusiya, Qazaxıstan və Belarus poliqonlarında keçirilən beş növ üzrə müsabiqədə öz güclərini sınayırlar.
Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd edən Azərbaycanda keçirilən bu yarışın əhəmiyyəti əlbəttə ki, yüksək qiymətləndirilir. Çünki “Dəniz kuboku-2018” Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafında böyük rol oynayır. Eyni zamanda, bu oyunlar iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək.
“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində, ümumilikdə, 28 müsabiqə təşkil olunacaq.
Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin gekdikcə daha da qüdrətləndiyini bir daha təsdiqləyir. Ali Baş Komandan İlham Əliyev təntənəli paradda qeyd etdiyi kimi: “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”