Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq layihələrdə əsas işçi qüvvəsi Azərbaycan vətəndaşlarıdır
Beynəlxalq layihələrdə əsas işçi qüvvəsi Azərbaycan vətəndaşlarıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 05.08.2018

 

Azərbaycanda beynəlxalq neft-qaz layihələrinin həyata keçirildiyi obyektlərdə, eləcə də tərəfdaş şirkətlərin Bakıdakı ofislərində çalışanların əksəriyyəti yerli sakinlərdir. Bu layihələrin ilk mərhələlərində işçilərin cəmi 10 faizi ölkəmizin vətəndaşları, qalan 90 faizi isə əcnəbilər idi. İllər keçdikcə nisbət dəyişməyə başladı.

Hələ 1999-cu ildə, SOCAR-ın birinci vitse-prezidenti olduğu dövrdə Prezident İlham Əliyev demişdi ki, vaxt gələcək, neft-qaz layihələrində çalışanların 90 faizi yerli sakinlər və yalnız 10 faizi xarici vətəndaşlar olacaq. İndi artıq bu mərhələ gəlib çatmışdır.

Məlum olduğu kimi, son vaxtlar ən genişmiqyaslı işlər “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində və “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi sahələrində aparılıb. “Şahdəniz-2” layihəsinə aid işlər bir neçə obyektdə icra olunub. Bunlar əsasən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və Bibiheybətdəki “AMEK-Tekfen-Azfen” (ATA) tikinti-quraşdırma sahəsidir. “Şahdəniz-2”dən əldə olunan təbii qazı qəbul etmək üçün Səngəçal terminalında da müəyyən genişləndirmə işləri görülüb, yeni avadanlıqlar quraşdırılıb. Dənizdə də bir sıra işlər həyata keçirilib, o cümlədən quyularda öncəqazma aparılıb. Eləcə də “Şahdəniz” qazını nəql edən CQBK genişləndirilib.  

Bütün bu sahələrdə minlərlə insanın məşğulluq problemi həll olunub. İşçilərin əksəriyyəti də azərbaycanlıdır. Ümumilikdə “Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi üzrə tikintinin ən qızğın vaxtlarında ölkəmizdə 24 min nəfərdən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşıdır.

“Şahdəniz” yatağının ərazisində sualtı hasilat sistemini quraşdırmaq üçün inşa edilmiş “Xankəndi” gəmisi artıq fəaliyyətə başlayıb. Keçən il istismara verilən gəmi Bakıda inşa edilib. 2017-ci ildən başlayaraq 2027-ci ilə qədər “Şahdəniz”də işləyəcək bu nadir gəmi ölkəmizin daxilində - Bakı Gəmiqayırma Zavodunda tikilib. Gəminin tikintisində 2 min nəfərdən çox işçi çalışıb ki, bunların da 80 faizdən çoxu ölkəmizin öz sakinləridir.

“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri kimi nəhəng layihələrin operatoru -  Azərbaycanda ən böyük əməliyyat şirkəti olan BP-nin işçilərinin əksəriyyəti də yerli vətəndaşlardır. 2018-ci ilin birinci  rübünün sonuna BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı 2688 nəfər təşkil edib. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89 faizini təşkil edir ki, onların da çoxu rəhbər vəzifələrdə çalışır. Şirkətin eləcə də regional (Azərbaycan, Gürcüstan, Türkiyə) rəhbər heyətinin tərkibində azərbaycanlı mütəxəssislər yüksək vəzifələr tutur. Yuxarıda sözügedən “Şahdəniz” layihəsinin planlaşdırma və kommersiya, planlaşdırma və  iş icrası, “Şahdəniz-2”nin  Səngəçal terminalının quru sahəsi üzrə menecerləri də azərbaycanlı mütəxəssislərdir.

Şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrların təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100 faiz yerli vətəndaşlardan ibarətdir. İşçi heyətinin milliləşdirilməsi planına həmçinin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksəksəviyyəli kadrların hazırlanması daxildir.

Neft-qaz sahələrində müxtəlif vəzifələrdə çalışan səriştəli işçilərin Bakı Ali Neft Məktəbində oxuduqları biznes mühazirələri isə Azərbaycan iqtisadiyyatının sözügedən sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədi daşıyır. Belə ki, nəticədə gələcək mütəxəssislər neft-qaz əməliyyatları, texnologiyalar, iş prosesləri və mexanizmlər haqqında geniş  məlumat əldə edirlər. Bütün bunlar ölkəmizin neft-qaz sektorunda yaxın gələcəkdə daha çox yerli kadrların - mütəxəssislərin, rəhbər işçilərin, ixtisaslı fəhlə və texniklərin çalışacağından xəbər verir.

 

Flora SADIQLI,

“Azərbaycan”