Alternative content

05:48 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ...Hərə bir qəhrəman oldu
...Hərə bir qəhrəman oldu
ANA SƏHİFƏ / SİYASƏT
12:08 05.08.2018

 

1918-ci ilin əvvəllərində Bakı işğal altında olanda, bolşevik-erməni birləşmələri və ingilis qoşunları milləti məhv edib, ərazisini işğal etmək istəyəndə Azərbaycanın güclü orduya ehtiyacı var idi. Bunun üçün əvvəlcə Milli Ordunun təməl daşı olan könüllü özünümüdafiə dəstələri və Qafqaz İslam Ordusu yaradıldı. Cümhuriyyətin 26 iyul 1918-ci il tarixli fərmanı Milli Ordunun formalaşmasında mühüm rol oynadı. Qafqaz İslam Ordusunun tərkibində iki-üç həftəlik kurslar açıldı, könüllü əsgər bölükləri təşkil edildi. Təşkilatlanma nəticəsində Rusiya ordusunda zəngin təcrübə qazanmış Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski kimi generallar Milli Orduya cəlb edildi və 1918-ci ilin sonlarından çox ciddi şəkildə ordu quruculuğuna başlanıldı. Müvəqqəti Hökumət 11 iyul 1918-ci ildə “1894-1899-cu illərdə anadan olmuş Məhəmməd dininə sitayiş edənlərin ordu sıralarına çağırılması haqda qərar” da qəbul etdi. 

Yeni yaranmış Əlahiddə Azərbaycan Korpusunda hərbi nizam-intizamı və döyüş qabiliyyətini möhkəmləndirmək məqsədi ilə Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan korpusunun komandiri yanında diviziya rəisi hüququnda xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edildi. Müvəqqəti hökumətin 3 iyul 1918-ci il tarixli qərarı ilə hərbi mükəlləfiyyətə çağırış 19 yaş müəyyənləşdirildi. Yaşlı və cavanlığından asılı olmayaraq bütün Azərbaycan kişiləri Vətəni müdafiəyə böyük həvəs göstərirdilər, əyalətlərdə ordu sıralarına çağırış müvəffəqiyyətlə həyata keçirilirdi. Bakıya yaxın kəndlərin bütün döyüş qabiliyyətli kişiləri könüllü cəbhəyə gedirdilər. Bu səbəbdən 1918-ci ilin oktyabrında Bakıda üç hərbi məktəb açılır. Hökumət yanında Hərbi Nazirlik təşkil olunur. General Səməd bəy Mehmandarov 7 noyabr 1918-ci ildə özünün hərbi nazirin müavini təyin edilməsi haqda 1 nömrəli əmr imzalayır. Bu vaxt mövcud olan hissə və birləşmələr başlıca olaraq Gəncədə və Qarabağda yerləşdirilmişdi. Bu da tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirlik Gəncədə yerləşəndən dərhal sonra ordu rəhbərliyi 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək Gəncə və Ağdam ətrafında olan hərbi hissələrə səfər etdi, oradakı vəziyyətlə yaxından tanış oldu. Hərbi nazir bu hissələrdə rastlaşdığı nöqsanların aradan qaldırılmasını tələb etdi. Hissə və bölmə komandirləri qarşısında vəzifə qoyuldu ki, müstəqil Azərbaycan Ordusunda xidmət edən bütün şəxslərin dərhal Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil olunsun.
Cümhuriyyət dönəmində orduda milli hərbi kadr çoxluğu ən vacib amillərdən hesab edilirdi. Bu səbəbdəndir ki, ordunun yarandığı ilk aylarda Gəncə kiçik praporşiklər məktəbində 250 nəfər azərbaycanlı gənc təhsil almışdı. Onlara 6 ay xidmətdən sonra zabit rütbəsi verilmişdi. Məktəb cəmisi 4 ay fəaliyyət göstərmiş və bu dövrdə əhəmiyyətli nailiyyətlər qazanmışdı. Bu uğur tədrisin təşkili üzrə zabit-pedaqoq Atif bəyin zəhməti hesabına mümkün olmuşdur. O, məktəbin yaradıcısı sayılırdı. Hərbi xidmətə çağırışın elan olunmasına baxmayaraq, gənclər böyük həvəslə bu məktəbə daxil olmağa cəhd edirdilər. Artıq 1919-cu ildə tərkibi 25000 nəfərdən çox olan Azərbaycan ordusu qurulmuş və 1919-cu ilin yanvar ayında 40000-ə çatdırılmışdı. 10 min suvari və 30 min piyada qoşunu olmaqla Azərbaycan ordusu formalaşdırılmışdı. Bu ordunun ilk döyüş bacarığı Qarabağ bölgəsində Əsgəran ərazisini erməni daşnaklarından azad etməsində özünü daha yaxşı göstərdi. Gənc Azərbaycan əsgərləri təpədən-dırnağadək silahlanmış “Daşnaksütyun” ordusunu aprel ayının ortalarında az itki ilə Əsgəranda məğlub etdilər.
1918-ci il oktyabrın 26-da yunkerlər məktəbinin birinci buraxılışı oldu. Bununla əlaqədar Bakıdan hökumətin bir çox vəzifəli şəxsləri, qoşun növlərinin nümayəndələri, fəxri qonaqlar, o cümlədən Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşanın atası Hacı Əhməd Paşa, Qafqaz İslam Ordusunun komandanı general-leytenant Əliağa Şıxlinski və Nazim bəy, xalq maarif naziri Nəsib bəy Yusifbəyov, daxili işlər nazirinin nümayəndəsi Mehdi bəy Hacınski, səhəri gün isə İranın baş konsulu İsmayıl xan və başqaları məktəbə gəlmişdilər. Qonaqları Gəncə qubernatoru İbrahim bəy Vəkilov, şəhər idarəsinin rəisi Ələsgər bəy Xasməmmədov, məktəbin rəisi Atif bəy, şəhərin komendantı Salman Fəhmi və başqaları qarşılamışdılar. Onları fəxri qarovul dəstəsinin rəisi salamlamış və qonaqların şərəfinə ziyafət verilmişdi.
Təlimlərin keçirilməsi üçün səngərlər qazılmış, maneələr qoyulmuş, bir sözlə, lazımi işlər görülmüşdü. Təlimə baxış üçün çoxsaylı ictimaiyyət nümayəndələri də gəlmişdi. Hamıda bayram əhval-ruhiyyəsi vardı. Sıraya düzülmüş yunkerləri Əli Paşa salamlayır. Sonra rəhbər heyətin təqdim edilməsi, sıra təlimi, hərbi əməliyyatlarda təcili tədbirlər, müxtəlif məsafələrdən odlu silahdan atəş açılması, qumbara atmaq, hərbi gimnastika, səngərdən bomba atmaq, bayraqlarla işarə etmək, raport vermək və s. üzrə təlimlərə start verilir.
Buraxılış imtahanları səhər tezdən günortaya qədər davam edir. Gənc kursantların müvəffəqiyyətləri oraya toplaşanların sevincinə səbəb olur. Tədbirin sonunda Nazim bəy nitq söyləyir. Xalq maarif naziri Nəsib bəy Yusifbəyov və başqaları çıxış edirlər. Daxili İşlər Nazirliyinin nümayəndəsi Mehdi bəy Hacınski bəyan edir ki, bu günlərdə 1200 nəfərlik daha belə bir məktəb açılacaq. 600 nəfərlik yunkerlər və 600 nəfərlik kiçik zabitlər məktəbi təşkil olunacaq. Bütün bunlar əhalinin ordu quruculuğuna böyük önəm verməsindən irəli gəlirdi.
Nazirlər Şurasının sədri Fətəl xan Xoyskinin qərarı ilə orduda müsəlman hərbçilərə böyük ehtiyac olduğuna görə, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin ikinci müavini təyin edilmişdi.
Ordu quruculuğunda hərbi mütəxəssislərdən, peşəkar hərbçilərdən istifadə edilməsinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurasının qərarı ilə Müsəlman Korpusunun maddi bazasının möhkəmləndirilməsi məqsədilə 500000 rubl kredit ayrılmışdır. Orduda başqa millətlərdən olanların, xüsusilə xristian hərbçilərin dini etiqadına həssaslıqla yanaşılırdı. Belə ki, Milli Ordunun Baş Qərargahının rəisi polkovnik Səlimovun 18 yanvar 1919-cu il tarixli əmri ilə xristian hərbçiləri üçün 19 yanvar (xristianlığın qəbul edilməsi günü) tam istirahət günü elan edilmişdi. Həmçinin Novruz bayramı ərəfəsində də şəxsi heyət üç gün təlim məşğələlərindən azad edilmiş, hissələrdə və bölüklərdə bayram süfrəsi açılmışdı.
Hərbi Nazirliyin tərkibində 38 qurum yaradılmışdı. Bu zaman hərbi-tibbi qurumların müvafiq ixtisaslı kadrlarla təmin edilməsinə böyük önəm verilmişdi. Azərbaycan Ordusunu kiçik tibb işçiləri ilə təmin etmək məqsədilə Gəncə Hərbi Lazareti yanında feldşerlik kursları açılmışdı. Qısa müddətdə bu kurslara 28 nəfər cəlb edilmişdi.
General Səməd bəy Mehmandarov Milli Ordunun daha mükəmməl formalaşdırılması üçün 25 dekabr 1918-ci ildə Azərbaycan vətəndaşlarına müraciət edərək bildirdi ki, bu ilin yazında Azərbaycan müstəqil dövlət elan olunmuşdur. Bu müddətdə hakimiyyətdə olanlar bütün qüvvələrini qanunsuzluqların aradan qaldırılmasına yönəltmişdilər. Bu məqsədlə digər hökumət tədbirləri kimi, özümüzün silahlı qüvvələrimizi, başqa sözlə, Azərbaycan Ordusunun yaradılması qərara alınmışdır. Ən ağır vaxtlarda bizim köməyimizə türk ordusu gəlmiş, onun komandiri bizim ordumuzun sonrakı formalaşdırılmasını, həmçinin onun saxlanmasını və yaradılmış hissələrin təlimini öz üzərlərinə götürmüşdür.
General müraciətində demişdir ki, “...hazırda ordumuzun yaradılması işini öz üzərimə götürmüşəm. İndi ölkəmizin bütün vətəndaşları, istər varlı, istərsə də kasıb vətəndaşlar olsun, hərbi xidmətə eyni qaydada gələcəklər və əgər hansı varlı hərbi xidmətdən azad ediləcəksə, təqsirkar şəxslər ən ağır formada cəzalanacaqlar. Hərbidə əsgər bundan sonra yaxşı geyindirilməlidir. Diqqət yetiriləcəkdir ki, onlar keyfiyyətli yemək alsınlar, bu haqda isə ciddi tapşırıq vermişəm. Otaqları qaydaya salmaq və lazımi qaydada qızdırmaq, bütün əsgərləri yatacaqla təmin etmək lazımdır”.
Səməd bəy Mehmandarov əhaliyə müraciətində daha sonra bildirirdi ki, “...mən Vətənimizin adından ölkənin bütün əhalisinə Vətənimizə məhəbbət naminə müraciət edir, yüksək vətənpərvərlik göstərib, ordumuzun formalaşdırılması işində mənə kömək etməyi, ölkədə qanunçuluğu müdafiə etməyi, bütün hərbi xidmətə çağırışçılardan çağırış yerinə getməyi xahiş edirəm”. Sonda Səməd bəy göstərirdi ki, istərdim bu müraciətim bütün ölkədə yayılsın və savadlılar savadsızlara oxusunlar.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında Müvəqqəti Hökumətin sədri Fətəli xan Xoyski öz bəyanatında Milli Ordunun gücləndirilməsini hökumətin əsas vəzifəsi elan etmiş və onun bu bəyanatı gurultulu alqışlarla qarşılanmışdır.
Ordunun azərbaycanlılaşdırılması, əmr və tapşırıqların Azərbaycan dilində həyata keçirilməsi üçün ardıcıl tədbirlər görülürdü. Hərbi nazirin əmri ilə milli kökdən olmayan zabitlərə tatar dilində (türk dilində) komanda verməyi bir aya öyrənməsi və bu dildə komanda verilməsi tapşırılmışdı. Bununla yanaşı, hərbi qulluqçularda vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə ölkənin tarixinin öyrənilməsi gündəmə gətirilmişdi. Səməd bəy Mehmandarov Nazirlər Şurasında bu barədə demişdi: “Xalq arasında sağlam milli hisslərin oyanması bolşevizmlə mübarizə tədbiridir, bu məsələ yeni yaranan Azərbaycan Milli Ordusu üçün xüsusi ilə zəruridir, yüzillik rus hökümranlığından azad olmuş türk xalqına (Azərbaycan xalqına) xatırlatmaq zəruridir ki, biz heç də həmişə hakimiyyət altında olmamışıq, Avropa və Asiyaya öz iradəmizi diktə etmişik”. Ona görə də Səməd bəy Mehmandarov Azərbaycan tarixi ilə bağlı məlumat-kitabçaların kütləvi tirajla çap olunub orduda yayılacağını və öyrənilməsini təklif edirdi.
Orduda nizam-intizamın möhkəmləndirilməsi üçün xidmətdə fərqlənən hərbi qulluqçuların təltif edilməsi, mükafatlandırılması da mühüm əhəmiyyət kəsb etmişdi. Ona görə də bölgələrin bolşevik-erməni birləşmələrindən azad olunmasında fərqlənən əsgər və milisionerlərin rütbələri artırılırdı. Bu məsələlər ildə üç dəfə - Novruz, Ramazan və Qurban bayramlarında gündəmə gətirilirdi.
Ölkəmizdə bolşevik-erməni hücumları kütləvi xarakter aldığından, ictimai-siyasi vəziyyət daha da gərginləşdiyindən 16 iyun 1919-cu ildə Azərbaycan və Gürcüstan respublikaları arasında hərbi-müdafiə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən razılığa gələn dövlətlər onların hər birinin müstəqilliyinə və ya ərazi bütövlüyünə təhlükə yaranarsa, birgə hərbi güclərdən istifadə etmək iqtidarına malik olurdular.
1919-cu ilin yayında və payızında ordu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirilmişdi. Bu dövr qoşun hissələrinin yaradılmasında ən məhsuldar zaman sayıla bilər. İngiltərə hərbi qüvvələri Azərbaycan ərazisini tərk etdikdən sonra Hərbi Nazirliyin rəhbər orqanları 1919-cu il iyunun sonu-iyulun əvvəllərində yenidən Bakıya köçürülmüşdü.
10 iyul 1919-cu ildə isə Dövlət Müdafiə Komitəsi Bakı şəhəri və onun rayonlarında yaşlı olmayan əhalinin könüllü hərbi hazırlıq keçməsi haqda qərar qəbul etmişdi. Cümhuriyyət hökuməti sistemli olaraq hərbi quruculuq işləri ilə məşğul olurdu. 1919-cu ilin iyul ayında artıq formalaşmış beş piyada polk əsasında iki piyada diviziyası yaradılmışdı. Həmin ilin sentyabrından isə Gəncə stansiyasında hərbi dəmir yolu məktəbi təşkil olunmuşdu. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olunmuşdu və Azərbaycanda milli ordunun təməli qoyulmuşdu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimiz Hüseyn xan Naxçıvanskinin, İbrahim ağa Usubovun, Həmid Qaytabaşının, Kazım Qacarın, Cavad bəy Şıxlinskinin, Həbib bəy Səlimovun rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri yaradılmışdı.
1919-cu ilin ortalarında Rusiya vətəndaş müharibəsi apararkən Dağıstanda ləzgilər bolşeviklərə qarşı vuruşan könüllü orduya səfərbərlikdən boyun qaçıraraq, Azərbaycana gəlib Milli Ordu sıralarında vuruşmaq istəmişdilər. Dövlət Müdafiə Komitəsi 8 sentyabr 1919-cu il tarixli qərarı ilə Dağıstandan ləzgi qaçqınların Azərbaycana gəlməsinə və Milli Ordu sıralarına götürülməsinə dəstək olmuşdu.
Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırılmışdır. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan AXC hökuməti 1918-ci il iyunun 19-da gərginliyi nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etmişdi.
Təəssüf ki, 1920-ci ilin aprelində XI Ordu Azərbaycanı işğal etdikdən sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri də ləğv edilmişdi. Amma Cümhuriyyət ordusunun əsgərləri tarixin yaddaşında əsl qəhrəman kimi xatırlanır. Hazırda müstəqil Azərbaycan Respublikasının Milli Ordusu Cümhuriyyət dövründə təşkil olunmuş ordunun şanlı ənənələrini əzmlə davam etdirir.

Rəhman SALMANLI,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM