Alternative content

10:01 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Halal insan
Halal insan
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 05.08.2018

 

Onun haqqında xeyli müddət əvvəldən məlumatlı olsaq da, görüşümüz alınmamışdı. Keçən il kəndlərindəki təsərrüfatına da gedib taxıl sahəsini gəzmişdik. O, həmin vaxt nümayəndə heyətinin tərkibində Belarusun İsmayıllı şəhəri ilə qardaşlaşmış Nesvij şəhərində  idi.

Bu dəfə də rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənovla Qubaxəlilli kəndinə birgə getdik. H.Həsənov dedi ki, Qubaxəlilli sovetlər dönəmində qabaqcıl, inkişaf etmiş kənd olub. Taxılı həm keyfiyyətinə, həm də kəmiyyətinə görə başqa təsərrüfatlara nümunə göstərilib. Qubaxəlillililər əkin-biçinlə yanaşı, heyvandarlıq sahəsində də fərqləniblər: “Amma keçən əsrin sonlarındakı məlum tənəzzül bu kəndin təsərrüfat həyatında da müşahidə olundu. Bununla belə, indi Qubaxəlilli yenə də seçilənlər sırasındadır. Bu da orada yaşayan insanların fədakarlıqları sayəsində mümkün olub”.

Onlardan biri az vaxtda qazandığı uğurları ilə İsmayıllıda deyil, respublikada tanınan fermer Müşviq Həsənovdur. O, keçən il Prezident

İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

Əvvəlcə sahibkarın kəndin giriş hissəsindəki taxıl anbarları və heyvandarlıq kompleksinə getdik. Burada bizi H.Həsənovla birlikdə Qubaxəlilli kənd inzibati ərazi dairəsinin nümayəndəsi Yaşar Cəlalov qarşıladı. Söhbətə körpü salan da Y.Cəlalov oldu. Dediyinə görə,  nümayəndəliyin ərazisində 9570 hektar torpaq sahəsi var. Bunun 4400 hektarı əkinə yararlı, 220 hektarı bələdiyyənin, qalanı isə kənd sakinlərinin pay torpağıdır.

Cari ildə 3 min 964 hektar taxıl əkilib. Onun 2 min 958 hektarı buğda, 1800 hektarı arpadır. Demək olar ki, kənddə biçin yekunlaşıb. Qalan az hissə yem noxudu və noxud sahələridir.

Kənddə 3 toxumçu təsərrüfat da fəaliyyət göstərir. Onların 500 hektaradək əkin sahələri var. Bunlardan biri Müşviq Həsənovundur. O, 400 hektaradək sahədə əkin aparıb.  Bunun 200 hektarı toxum sahəsidir. 150 hektarı buğda, 50 hektarı arpa olan sahədə orta məhsuldarlıq yüksəkdir. Toxumluq buğdanın alıcısı həmişə başının üstündədir. İstər rayonun, istərsə də digər bölgələrin taxılçıları ona müraciət edirlər. Başlıca səbəb məhsulun keyfiyyətli olmasıdır.

Müşviq 2000-ci ildən taxılçılıqla məşğuldur. 2013-cü ildən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə toxumçuluq təsərrüfatı yaradıb. Hazırda onun təsərrüfatında yüksək reproduksiyalı toxum yetişdirilir. Fermer əsasən “Qızıl buğda” və “Cəlilabad 19” kimi yerli sortlara üstünlük verir.

M.Həsənov orta məktəbi bitirib təsərrüfatla məşğul olmağa başlayıb. Bu işdə ixtisasca aqronom olan böyük qardaşından məsləhətlər alıb. Hazırda əkin apardığı torpaq sahəsinin təxminən 200 hektarı şəxsi mülkiyyətindədir. Qalanını icarəyə götürüb.

Müşviq dövlət dəstəyindən də razılıq edir. Deyir ki, istər gübrələrin, istərsə də texnikaların alınması zamanı xeyli güzəştlər edilir. Bu da təsərrüfatın inkişafına böyük köməkdir. Bu hesaba əkin-biçin üçün zəruri olan bütün növ texnikaları var. Zərurət yarandığı hallarda, imkan daxilində digər fermerlərə texnika sarıdan kömək də edirlər.

M.Həsənov maldarlıqla da məşğuldur. 150 baş qaramal bəsləyir. Əsasən Almaniya, Hollandiya və Ukrayna cinsli heyvanların bir qismi ətlik, bir qismi südçülük istiqamətlidir.

Müşviq iki övlad atasıdır. Oğlu Elgün 9-cu sinfi bitirib. Niyyəti iqtisadçı olmaqdır. O da boş vaxtlarında atasına təsərrüfat işlərində kömək edir. Özü də təsərrüfatda olan bütün texnikaları idarə etməyi bacarır.

Müşviq ali təhsil almasa belə, işləyə-işləyə özünü həm toxumçu, həm aqronom, həm zootexnik, həm də baytar kimi göstərə bilib. Təsərrüfat işlərində bol məhsul əldə etmək üçün nəyin lazım olduğunu, zərərvericilərə qarşı mübarizə metodlarını,  xəstə heyvana necə diaqnoz qoyulmasını yaxşı bilir. Göründüyü kimi, insan bir işin ardınca getdikdə o zaman mütləq istədiyinə nail olur. Təbii ki, halal zəhmət bahasına.

 

Əli SƏLİMOV,

“Azərbaycan”