Alternative content

01:45 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABAD-ın bəxş etdiyi abadlıq
ABAD-ın bəxş etdiyi abadlıq
ANA SƏHİFƏ / Mədəniyyət
01:08 04.08.2018

 

Dövlətin ailə biznesinə dəstəyi bəhrəsini verir

 

Minillərin sınağına sinə gərmiş sənətlər, xalq yaradıcılığı nümunələri əcdadlarımızın bizə mirasıdır. Təbii ki, bu mirasa sahib çıxmaq, vəsiyyətə əməl etmək, öyüd-nəsihətə qulaq asmaq bugünkü nəslin mənəvi borcudur.
Odur ki, respublikamızda müxtəlif sənət növlərinin yaşadılmasına diqqət yetirilir. Ümumiyyətlə, sənətə, konkret peşə ilə məşğul olan sənətkarlara dövlət qayğısı hər zaman özünü göstərir. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılan Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzini göstərmək olar. Mərkəzin yaradılmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

 

41 ailə üçün qida brendləri yaradılıb

 

Bu gün də ABAD tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri davam etdirilir. ABAD qida məhsullarının istehsalı sahəsində regional mərkəzlərin sakinlərinə kömək göstərir. Hazırda bu cür regional mərkəzlər Masallı, Balakən və Quba rayonlarında fəaliyyətdədir. Bu mərkəzlər sahəsində 41 ailə üçün qida brendləri yaradılıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində isə bütün respublika üzrə 226 ABAD-çı ailəsi qəbul edilib.
Belə ailələrdən biri də ağacoyma sənəti ilə məşğul olan Mehdiyevlər ailəsidir. 2-ci qrup Qarabağ müharibəsi əlili olan Fikrət Mehdiyev 5 ildir ki, ağac üzərində oyma sənəti ilə məşğuldur.

 

226 ABAD-çıdan biri

 

F.Mehdiyevin emalatxanasına baş çəkdik, iş şəraiti və ərsəyə gətirdiyi sənət əsərləri ilə tanış olduq. O, turistlər tərəfindən böyük maraqla qarşılanan kiçik musiqi alətləri hazırlayır.
Tar-kaman-qaval üçlüyü aksesuarlarını düzəltməyi 4 il əvvəl öyrəndiyini deyən Fikrət Mehdiyev bunun üçün çox əziyyət çəkməli olub. Bir neçə il əvvəl milli üçlük suveniri düzəltmək arzusuna düşüb. Bakı şəhərində və rayonlarda kamança, tar və dəfdən başı çıxanlara, onu düzəldənlərə müraciət edib və bu alətlərin necə ərsəyə gəldiyini öyrənmək istədiyini söyləyib. Amma dəfələrlə xahiş etməsinə baxmayaraq, heç kəs ona bu sənətin sirlərini öyrətmək istəməyib. Lakin bütün çətinliklərə baxmayaraq, həmsöhbətimiz bu sənəti özü öyrənib. Peşəkar usta olmağında güclü istəyi və marağı böyük rol oynayıb. İlk işini isə nümunə olaraq indiyə qədər saxlayır: “İlk işimi heç bir oyma bıçağı olmadan, divar kağızı bıçağı ilə yonub düzəltmişəm. Həmin işim hər kəs tərəfindən çox bəyənilmişdi. Elə ondan sonra da satışda olmayan oyma bıçaqları ilə maraqlandım, sifariş etdim və bu sənətin incəliklərinə daha da yiyələndim”.

 

Dəqiqlik peşəkarlığın əsas şərtidir

 

Usta vurğulayır ki, ağac üzərində oyma ilk baxışdan insana asan gələ bilər. Lakin bu sənət yüksək ustalıq, incə zövq və son dərəcə səbir tələb edir. Bunlarla yanaşı, materialların düzgün seçiminə və istifadəsinə də ciddi fikir vermək lazımdır. Fikrət Mehdiyev tar və kamançanı düzəltmək üçün şam və tut ağaclarından istifadə edir. Şam ağacından olan materiallarla işləmək rahat və asan başa gəldiyi üçün bu materiala daha çox üstünlük verir. Usta bizə bir sirri də açır ki, işin gözəlliyi tarın, kamanın, qavalın ülgülərinin dəqiqliyindən asılıdır. Əks halda iş gözəl alınmaz. Həmçinin oyma bıçaqları da həddindən artıq iti olmalıdır. Ancaq bir adi diqqətsizliklə insan barmağından ola bilər. Hətta barmağın elə bir yerindən zədə alarsan ki, aylarla işsiz qala bilərsən.

 

Kiçik bir tarı ərsəyə gətirmək üçün bir gün vaxt lazımdır

 

Öyrənirik ki, sənətkar 60 ədəd sifarişi 2 ay yarıma ərsəyə gətirir. 18 sm uzunluğunda tarı düzəldib başa çatdırmaq üçün təxminən bir gün vaxt lazımdır: “Xeyli sayda suvenir düzəltmişəm. Adətən bir tarı düzəltmək üçün bir gün vaxt ayırıram. Müxtəlif ölçülü və formalı bıçaqlardan, burğu və yonucu elektrik alətlərindən, müxtəlif yapışqanlardan, cürbəcür rəngli boyalardan istifadə edirəm. Tara adətən iki dəfə dolğu vurulur. Dolğu elə bir şeydir ki o, açıq havada vurulmalıdır. Rənglər vurulduqdan sonra onun üzünün pərdəsi çəkilir, aşıqları vurulur, ondan sonra sırf qablaşdırılması işləri gəlir”.

 

ABAD-ın dəstəyi mənə əcnəbi müştərilər qazandırıb

 

Fikrət Mehdiyev ABAD-a qoşulmağının faydalarından ağızdolusu danışır. O deyir ki, 1 ildir bu qurumla mütəmadi olaraq çalışır və işlərini başqa satış yerlərinin heç bir yerində görmək mümkün deyil: “Sifariş əsasında çalışıram. Əvvəllər elə hallar olurdu ki, 5-6 ay sifarişim olmurdu. Ancaq Ailə Biznesinə Asan Dəstək bu problemimizi həll etdi, artıq belə hallarla rastlaşmırıq. Bizə yaratdıqları şəraitə görə ABAD ailəsinə çox minnətdarıq. Onlar hətta əl işlərimi hansı ölkənin nümayəndələrinin nə vaxt alacağı barədə mənə əvvəlcədən məlumat verirlər. İşlərimi əsasən xaricilər - Almaniya, İngiltərə, Fransa, Belçika, Yunanıstan, Kipr, Rusiyanın müxtəlif şəhərləri, İsrail, Ərəb Əmirlikləri alır. Bir çox musiq alətləri düzəltmək mümkündür, ancaq dünyanın harasında olursa-olsun, tar, kaman, qaval dəsti bilinir ki, yalnız Azərbayacana aiddir”.
Belə nəticəyə gəldik ki, həmsöhbətimiz kamança, tar, qaval üçlüyündən ibarət suvenirlərinə maddi maraq deyil, milli dəyərlərin bir nümunəsi kimi baxır. Milli musiqi alətlərimizin dünyada tanıdılması, təbliğ olunması Azərbaycana bu sənətə marağı artırar.

Səbinə MƏMMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”