Alternative content

01:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkənin aqrar sektoru anomal istiləri minimal itkilərlə yola saldı
Ölkənin aqrar sektoru anomal istiləri minimal itkilərlə yola saldı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 04.08.2018

 

Bir çox ölkələr müəyyən qədər su ehtiyatlarına malik olsa da, bütünlükdə Yer kürəsində su təchizatı ilə bağlı problemlər artmaqdadır. Bu ilin qaynar yayı isə ən güclü dövlətləri sınağa çəkdi və ciddi çətinliklər yaratdı. Əvvəlcə onu qeyd edək ki, planetdə yağıntıların üçdə ikisi atmosferə qayıdır. Yerin 1400 milyon kubkilometr su ehtiyatlarının yalnız 2,5 faizi - 35 milyon kubkilometrini şirin sular təşkil edir. 

Su ehtiyatlarının bərpası okeanların səthindəki buxarlanmalardan asılıdır. Dünya okeanlarından illik buxarlanmanın həcmi 505 min kubkilometrdir. Qurunun üçdəbiri quraqlıq ərazilərin payına düşür. BMT-nin məruzələrində göstərilir ki, su qıtlığı yaxın gələcəkdə siyasi problemə çevriləcək, ölkələr, şəhər və kənd arasında su uğrunda mübarizələrə səbəb olacaq. Artıq Afrikada Saxaradan cənubda 350 milyona yaxın insanın təhlükəsiz su mənbələrinə əli çatmır. İnkişaf etməkdə olan ölkələrdə xəstəliklərin 80 faizi suyun keyfiyyəti ilə bağlıdır. Hər il planetin əhalisinin 80 milyon artması suya olan illik tələbatın da 64 milyon kubmetr artması deməkdir. Artıq 2030-cu ildə dünya əhalisinin 47 faizi su çatışmazlığı ilə üzləşmək təhlükəsi altında yaşayacaq. Quraqlıq ərazilərdən 24-700 milyon arasında əhalinin miqrasiya edəcəyi güman edilir.
Bu il planetin tarixində son 120 ildə görünməyən anomal istilər baş verdi. Dünyanın əksər ölkələri su qıtlığından əziyyət çəkdi, bir çox böyük şəhərlərdə, məsələn, İtaliyanın 7 şəhərində su təchizatında labüd fasilələr yarandı. Ekstremal istilər həm Avropa ölkələrində, həm də ABŞ-da istilərə dözə bilməyən zəif insanların ölümünə səbəb oldu.
Ən çox ziyan isə onlarla ölkənin kənd təsərrüfatına dəydi. Bu sırada ən ağır vəziyyətin İtaliyada qeydə alındığı vurğulanır. Bu ölkənin aqrar sektoruna dəyən ziyanın 200 milyon avrodan az olmadığı bildirilir. Almaniyada fermerlərə dəyən ziyanın 100 milyon avronu ötməsi barədə məlumatlar mətbuatda yer almaqdadır. Rusiyada da anomal istilər aqrar sektora müxtəlif vilayətlərdə dəyəri milyonlarla ölçülən zərbələr endirdi. Beləliklə, qədərindən artıq düşən ekstremal istilər, yüksək rütubət və güclü bürkü nəinki insanlar, hətta bütünlükdə aqrar sektor üçün ciddi təhlükələr yaratdı.
İspaniyanın ən nəhəng kənd təsərrüfatı məhsulları istehsalçısı sayılan “Coldiretti” şirkətinin mütəxəssisləri ekstremal istilərin bu ölkədə yumurta və süd məhsullarının istehsalına ciddi təsir etdiyini danılmaz fakt kimi təsdiq edirlər. Məsələn, süd sağımının bütün ölkə üzrə 15 faiz aşağı düşdüyünü qeyd edirlər. Qarğıdalı və meyvə-tərəvəz məhsullarının istehsalçıları da xeyli itkiyə məruz qaldılar. Od saçan istilərdə yanıb kül olan bağ-bostanla yanaşı, bal arıları da ciddi çətinliklərlə üzləşib. Arıların belə istilərdə uça bilməməsi bal istehsalını aşağı endirmiş, bağlarda tozlanmanın aparılmasını mümkünsüz etmişdir. Bu da öz növbəsində bağçılığın bir çox sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.
Avropanın digər ölkələrində də aqrar sektora dəyən ziyan yüz milyonlarla ölçülür. Səbəb isə birdir: şiddətli istilər və buxarlanma, çaylarda suyun səviyyəsinin aşağı düşməsi ziyanı qaçılmaz edir. Azərbaycanda havanın hərarəti, ABŞ-ın bəzi ştatlarındakı kimi, 57 dərəcəyə çatmasa da, Avropadakı 37-40 dərəcə arasındakı istilərə yaxın idi. Bu il gözlənilmədən qarpızın, qovunun və bir sıra bostan məhsullarının qiymətinin əvvəlki illərə nisbətən xeyli bahalaşması da fermerlərə dəyən ziyanla bağlıdır. Redaksiyamız bu çətin günlərdə bölgə müxbirləri və müxtəlif rayonlarda fermerlərlə əlaqə saxlayırdı. Aldığımız məlumatlar belə qənaətə gəlməyə imkan verirdi ki, istilər nə qədər ekstremal olsa da, fermerlər ciddi çətinliklərlə üzləşmirlər. Su qıtlığı həmişə yay aylarında özünü büruzə versə də, bölgə müxbirlərimiz fermerlərin əksəriyyətinin sudan bir o qədər də korluq çəkmədiyini bildirirdilər.
Aldığımız operativ məlumatların analizi, ölkənin aqrar sektorundakı real vəziyyət belə haqlı qənaətə gəlməyə imkan verir ki, anomal yay istiləri Azərbaycan fermerinin işində problemlər yaratmaq gücündə deyil. Əlbəttə ki, meliorasiya sahəsində, ölkənin suvarma sistemlərində irimiqyaslı layihələr həyata keçirilməsəydi, aqrar sektorun böyük itkilərlə üzləşmək ehtimalı çox yüksək ola bilərdi. Onu da nəzərə alaq ki, ölkənin su ehtiyatlarının böyük qismi işğalçı Ermənistan tərəfindən zəbt edilmişdir. İşğal edilmiş Azərbaycan ərazilərindəki çaylar, su anbarları hazırda işğalçı rejimin nəzarəti altındadır. Bu, azmış kimi, işğalçı dövlətin faşist rəhbərləri Azərbaycan tərəfini su anbarlarını partladılması, ya da bəndləri açaraq kəndləri və şəhərləri batıracaqları ilə dəfələrlə hədələyiblər. Hətta Ermənistanın özlərini demokrat adlandıran sonuncu “məxməri liderlər”i də sələflərinin ləpirləri ilə daha uzağa gedir, belə sərsəm hədələrini aramsız bəyanatlara çevirməkdən xüsusi zövq alırlar.
Bütün bunlar hazırda o qədər də böyük su ehtiyatlarına malik olmayan Azərbaycan dövləti üçün ciddi çətinliklər törədə bilərdi. Amma Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında son 15 ildə meliorasiya və su təsərrüfatı sahəsində reallaşdırılan böyük investisiya layihələri bir çox təhlükələrin qarşısını asanlıqla almağa imkan verdi. Min kilometrlərlə suvarma kanalları və kollektor-drenaj şəbəkələri bərpa edildi, yenidən quruldu və tikildi, 2 minə yaxın subartezian quyusu qazıldı.
Dövlət başçısı yaxşı bilirdi ki, Ermənistanla müharibə vəziyyətində olmağımız, ən vacib su ehtiyatlarının erməni işğalçılarının nəzarətinə keçməsi ölkənin su təhlükəsizliyinin təmin edilməsini iqtisadi və hərbi nöqteyi-nəzərdən yubadılması mümkün olmayan ən vacib dövlət əhəmiyyətli məsələyə çevirdi. Bu baxımdan strateji əhəmiyyət kəsb edən Taxtakörpü və Şəmkirçay kimi iri su anbarlarının tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bugünə qədər bu anbarlara toplanmış 3 milyard kubmetrə yaxın su ölkənin aqrar sektorunda düşmənin həsəd apara biləcəyi canlanma yaratdı.
Taxtakörpü su anbarının Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin etdiyi 22 min hektar torpaq hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilib. Bu il Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaq. “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmış, Xızı rayonunda 436 hektarlıq zeytun və badam bağları suvarma suyu ilə təmin edilmişdir. Bakıdan Qubaya gedəndə boz və yeknəsəq mənzərəsi ilə ürək sıxan çılpaq dağların görkəmi dəyişir, burada yaşıllıqlar artır, yeni turizm marşrutları salınır. Minlərlə əlavə iş yeri açılır.
Şəmkirçay su anbarı zonasında Goranboy və Samux rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus min hektarlarla torpaq sahələrinə suvarma suyunun verilməsi cari ildə təmin edilmişdir. Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin son 14 kilometrlik hissəsi tikildikdən sonra Goranboy rayonunda daha 10 min hektara yaxın torpaq sahəsini suvarmaq mümkün olacaq. Erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin 400 hektar torpaq sahəsinin Araz çayından suvarma suyu ilə təmin edilməsi düşmənə çəkilən göz dağıdır.
Kür çayından Sabirabad rayonunda 17 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə yanaşı, yeni torpaq sahələrini suvarmaq üçün “H” kanalının və nasos stansiyasının tikintisi tamamlanmış, digər suvarma kanallarında isə tikinti işləri davam etdirilir. Bu işlər başa çatdırıldıqdan sonra Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələrini suvarmaq mümkün olacaq. Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılmış, meliorativ tədbirləri davam etdirməklə Hacıqabul rayonunda 2700 hektar, Ağcabədi rayonunda 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq.
Azərbaycan Prezidentinin sərəncamına əsasən ayrılmış vəsait hesabına cari ildə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsinin 8740 hektar torpaq sahəsini suvarma suyu və əhalini içməli su ilə təmin etmək üçün ilin sonunadək 300 subartezian quyusu qazılacaq. Artıq 175 artezian quyusunda qazma işləri tamamlanmışdır.
Ötən il Araz çayının 54 kilometr uzunluğunda torpaq məcrada inşa edilən yeni qolu Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar suya həsrət qalan torpaqları suvarmağa imkan yaratdı. Bu il isə həmin kanal beton üzlüyə alınacaq, əlavə 13 min hektar torpağa su çıxarılacaq, həyat veriləcək. Məhz belə çoxsaylı faktlara əsaslanaraq ən ekstremal istilərdə belə Azərbaycan fermerlərinin elə də böyük təhlükələrlə üzləşməməsinin əsl səbəblərini izah edə bilərik. Ölkəmizin aqrar sektoru planetdə baş verən ən ağır anomal istilərdə İtaliyada, Avropanın digər ölkələrində baş verən ağır itkilərlə qarşılaşmadı. Əksinə, meliorativ tədbirlər dayanıqlı və dinamik surətdə davam etdirilir, yeni suvarma texnologiyaları uğurla tətbiq edilir. Belə faktlardan bir neçəsini nəzərdən keçirək.
Qədim aqrar ənənələrə malik Abşeronda müstəqilliyin ilk illərində ciddi problemlər yarandı və bu regionun kənd təsərrrüfatında yaşanan ciddi problemlər bir çox sahələrin sıradan çıxmasına səbəb oldu. Dövlətin son illər atdığı addımlar, aqrar sektorun ənənəvi sahələrinin bərpası üçün gördüyü işlər təqdirəlayiqdir. Bu il Abşeron yarımadasında zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Artıq Xəzər və Pirallahı rayonlarındakı aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilmişdir. Əlavə olaraq 1226 hektar sahəyə su çıxarmaq üçün nasos stansiyalarının, basqılı boru kəmərlərinin və su hovuzlarının tikintisi işlərinə start verilib.
Bundan başqa, cari ildə Qax, Şəki və Oğuz rayonları ərazisində 13 min hektara yaxın sahədə salınacaq qoz-fındıq bağlarının suvarılması üçün işlər görülür.
2018-ci il iyul ayının 2-nə respublikanın su anbarlarında 15 milyard kubmetrdən artıq su yığılıb. Su anbarlarında toplanılmış su ehtiyatları və meliorativ sistemlərdə aparılan təmir-bərpa işləri kənd təsərrüfatı bitkilərinin normal suvarılmasına şərait yaradıb. İyulun 1-nə respublikanın rayonları üzrə 1 milyon 382 min hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 2 dəfəyə yaxın suvarılıb. Hazırda vegetasiya suvarmaları uğurla davam etdirilir.
Dünyanın müxtəlif ölkələrində şirin su problemləri mövcuddur və onların bir çoxunu həll etmək üçün böyük vəsait lazımdır. Azərbaycanda bu təhlükələrin aradan qaldırılması üçün 15 il müddətində fasiləsiz olaraq reallaşdırılan iritutumlu layihələr istənilən iqlim şəraitində ölkənin aqrar sektorunun dinamik inkişafını təmin etməyə imkan verir.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”