Alternative content

09:21 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TAP Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə verəcək
TAP Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə verəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 03.08.2018

 

“Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və ölkə iqtisadiyyatının inkişafında mühüm amil olacaq bir layihədir. Bu layihə eləcə də regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq.

Hazırda “Cənub qaz dəhlizi”nin gerçəkləşməsində yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edirlər. Üç Balkan ölkəsinin - Bosniya və Herseqovina, Xorvatiya, Monteneqronun isə növbəti mərhələdə layihəyə qoşulacağı gözlənilir. Beləliklə, bu qlobal xarakterli layihə möhkəm beynəlxalq əməkdaşlıq təməli üzərində getdikcə ucalır.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev layihənin uğurla irəlilədiyini vurğulayaraq demişdir: “Cənub qaz dəhlizi”nin reallaşmasında da çox böyük addımlar atılıb. May ayında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, “Cənub qaz dəhlizi”nin dörd layihəsindən üçü artıq reallaşıb: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihəsi. Dördüncü layihə - TAP qrafik üzrə icra edilir”.

TAP (Transadriatik Qaz Boru Kəməri) “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli bir layihədir, Avropanın enerji təhlükəsizliyinə ciddi dəstək verəcək və karbohidrogen ehtiyatlarına olan tələbatı ödəyəcək.

Xatırladaq ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu kiçik bir hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə təbii qazın ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, o, Yunanıstan-Bolqarıstan İnterkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb. 2009-cu ildən bəri aparılan  dizayn və mühəndislik işləri də daxil olmaqla layihənin ümumi dəyərinin 4,5 milyard avro təşkil edəcəyi nəzərdə tutulur.

Hazırda TAP-ın çəkilişi üzrə işlərin 75 faizi icra olunub. Kəmərin keçdiyi yol qısa olmadığından və ayrı-ayrı hissələri fərqli coğrafi şəraitdə yerləşdiyindən tikinti işləri də mürəkkəbdir. Belə ki, marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə olacaq. Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə çatan zirvələrdən keçəcək. Xəttin quru ərazidən keçən hissəsində boruların diametri 48 düym olduğu halda, sualtı hissədə onlar xeyli   dar - 37 düym olacaq.

Tikinti işlərinin çətinliyi həm də onunla bağlıdır ki, kəmərin bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları da var. Üstəlik, digər kəmərlərdən fərqli olaraq, TAP-ın böyük bir hissəsi suyun altından keçir. Bütün bunlara baxmayaraq, inşaatçılar öhdələrinə düşən işi bacarıq və səriştə ilə yerinə yetirirlər. İndi TAP-ın tikinti meydançalarında yüzlərlə işçi çalışır ki, bunlar da əsasən kəmərin keçdiyi ərazilərin sakinləridir.

TAP Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları  çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək. TAP eyni zamanda Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının mühüm bir elementidir. Təsadüfi deyil ki, keçən ay İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində aparılan görüş və söhbətlərdə layihənin bu iki ölkə arasındakı dostluq və əməkdaşlığın inkişafında əhəmiyyəti dönə-dönə vurğulanmışdır.

“Cənub qaz dəhlizi” ilə nəql olunacaq Azərbaycan qazı layihədə iştirak edən digər ölkələr kimi, Bolqarıstan üçün də mühüm əhəmiyyətə malikdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağı nəzərdə tutulur. Bununla da “Cənub qaz dəhlzi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı olan Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolu təmin ediləcək.  Azərbaycan təbii qazı bu ölkənin mavi yanacağa olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiyaya öz töhfəsini verəcək.

TAP layihəsində SOCAR (20 faiz), BP (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləri iştirak edir.

Kəmərin Azərbaycan qazını Avropaya 2020-ci ildə çatdıracağı gözlənilir. 

 

Flora SADIQLI,

“Azərbaycan”