03 Avqust 2018 12:08
182
İQTİSADİYYAT
A- A+

İctimai nəqliyyatda qiymətlər artırılsa da...

 

Yenə də MDB məkanında ən aşağı qiymət Azərbaycandadır

 

Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Dünyada dövlət tərəfindən zərurət yarandıqda tətbiq edilən qaydalar heç də həmişə birmənalı qarşılanmır.

Ancaq həqiqət odur ki, hər bir sahənin inkişaf perspektivi onun rentabelliyindən asılıdır. Yəni indiki halda ictimai nəqliyyat rentabelli olmasa, ölkə vətəndaşlarına yüksək xidmət göstərə bilməz. Çünki bu sahədə fəaliyyət göstərən sahibkarlar qazanc götürə bilməsələr, işlərini dayandırmalı olacaqlar. Nəticəni təsəvvür etmək çətin deyil. Əhali işə, dərsə və digər səfərlərə vaxtında çata bilməyəcək, yaranan hərc-mərclikdən narazılıq edəcək. Bu, birmənalıdır. Belə halın baş verməməsi üçün ictimai nəqliyyatın gəlirliyi təmin edilməlidir. Buna nail olmağın yollarından biri də qiymətlərin artırılmasıdır.

Dövlət tərəfindən ötən müddət ərzində əhalinin əməkhaqları və pensiyaları mütəmadi olaraq artırılıb. Bu sahədə növbəti addımların atılacağına da heç kəsin şübhəsi olmasın. Məsələn, devalvasiyadan sonra Prezident tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə büdcə təşkilatlarında çalışanların əməkhaqları, əhalinin aztəminatlı təbəqəsinin pensiya və müavinətləri də artırıldı. Dövlət bütün hallarda əhalinin sosial müdafiəsini diqqət mərkəzində saxlayır.

Tarif Şurasının belə qərar qəbul etməsi isə məcburi xarakter daşıyır. Belə ki, uzun müddət bu sahədə qiymət artımına yol verilmirdi. Məqsəd isə əhalinin sosial vəziyyətinin nəzərə alınması idi. İctimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması zərurəti yaranıb və Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən geniş şəkildə təhlil edilib,  təklifin ədalətli olduğu müəyyənləşdirildikdən sonra müvafiq qərar qəbul edilib.

Belə qərar qəbul edilməzdən əvvəl digər ölkələrdə olan qiymətlər də öyrənilib. Məqsəd ölkəmizdə sərnişindaşımada yüksək qiymət artımına yol verilməməsidir. Belə ki, araşdırmalar zamanı məlum olub ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Yeni tarifdən sonra da həmin ölkələrdəki qiymətlərlə müqayisə etdikdə görürük ki, Azərbaycanda nəqliyyatdakı sərnişindaşıma üzrə qiymətlər aşağıdır. Məsələn, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə bir gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq bir gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə bir kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Onu da qeyd edək ki, digər ölkələrdə vaxtaşırı bu cür qərarlar qəbul edilir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video