Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:50 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 60 il “Uzaq sahillər”də...
60 il “Uzaq sahillər”də...
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 03.08.2018

 

“Neft və milyonlar səltənətində”n başlayan yol

 

120 illik tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətimizin inkişafında böyük rol oynayıb. Bu dövr ərzində kino salnaməmizə xalqımızın qəhrəmanlığının, milli düşüncəsinin əks olunduğu bir-birindən qiymətli filmlər yazılıb. Azərbaycan kinosunun keçdiyi tarixi yola nəzər salsaq, bunun keşməkeşli olduğunu görərik.
Ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqust ayının 2-də Azərbaycan Kinosu Günü qeyd edilir. 120 yaşlı milli kinomuzun ötən dövrlər ərzində bir çox uğurlara nail olması ürəkaçandır. 1898-ci ildə Bakıda lentə alınan “Bibiheybətdə neft fontanı” xronikaları Azərbaycanda kino sənətinin əsasını qoyub. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində nümayiş etdirilən həmin filmdə, eləcə də sonralar ekranlaşdırılmış əsərlərin ayrı-ayrı epizodlarında böyük sənətkarlıq nümunəsi yaradan səhnə və ekran fədailərinin adları dillərdə əzbərə çevrilib. “Neft və milyonlar səltənətində”, “Mavi dənizin sahillərində”, “Kəndlilər”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Şərikli çörək”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Bir cənub şəhərində”, “İstintaq”, “Babək”, “Dənizi fəth edənlər”, “Xəzər neftçiləri haqqında dastan” adlı filmlər xalqımızın yaddaşında özünə yer tapmaqla yanaşı, dünya kinosevərlərinin unutmadığı ekran əsərləri sırasında da yer tutub. Həmin kinofilmlər keçmiş SSRİ məkanında, həmçinin Avropada, Yaxın və Uzaq Şərqdə maraqla qarşılanaraq müxtəlif beynəlxalq kinofestivalların mükafatına layiq görülüb, kinematoqrafiyanın inkişafında mühüm əhəmiyyət daşıyıblar.

 

Mixaylo, Anjelika, Veselin...

 

Azərbaycan filmlərinin xronologiyasına nəzər salsaq, onların çoxunun milli sənət incilərimizdən olduğunu söyləyə bilərik. Azərbaycan milli kinosunun tarixində 60 illik yol gələn bir ekran əsərimiz də var: “Uzaq sahillər”dən soraq verir. Haqqında söhbət açacağımız “Uzaq sahillərdə” filmi də Azərbaycan kinosunun dəyərli örnəklərindəndir. Bu il filmin ekranlara çıxmasının 60 ili tamam olur. 2018-ci il həm də filmlə bağlı digər yubileylərlə əlamətdardır. Belə ki, filmin əsas baş obrazı - Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, görkəmli yazıçı-dramaturq, ekran əsərinin ssenari müəlliflərindən İmran Qasımovun və bu ekran əsərinin bəstəkarı Qara Qarayevin 100 illik, Azərbaycan kinosunun isə 120 illik yubileyləri qeyd olunur.
Ötən əsrin əllinci illərinin əvvəllərində sevilə-sevilə oxunan məşhur yazıçılarımızdan olan İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə aldıqları “Uzaq sahillərdə” əsərinin nəşri hər iki qələm sahibinin yaradıcılığına marağı daha da artırdı. Əsər qısa vaxt ərzində geniş oxucu kütləsinin dərin rəğbətini qazandı. Hətta məktəbyaşlı oxucular özlərini Mixayloya, Anjelikaya, Veselinə bənzətməyə başladılar. Kinodan ayrı-ayrı epizodları əzbərdən söyləyən uşaqların gələcəyin məşhur aktyoru olacağına kimsədə şübhə qalmırdı. Əsər əldən-ələ gəzir və xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsində əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verirdi.
Bəlkə də əsərin populyarlığı onun filmə çevrilməsinin əsas səbəbi idi. Görkəmli kinorejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidbəylinin İ.Qasımovla birgə yazdığı ssenari əsasında 1958-ci ildə lentə alınan “Uzaq sahillərdə” Azərbaycan kinosunda əsl sənət hadisəsinə çevrildi. Gəncləri qəhrəmanlığa, vətəni sevməyə çağıran bu ekran əsəri 1959-cu ildə Ukraynanın paytaxtında keçirilən ümumittifaq kino festivalında diploma, filmin bəstəkarı Qara Qarayev isə yüksək mükafata layiq görüldü.

 

Qardaşa məhəbbətin ifadəsi

 

Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadənin “Kino və zaman” kitabında film haqqında maraqlı faktlar az deyil. Həmin kitabda oxucunun daha çox diqqətini çəkən Mehdinin bacısı Bikə Əlizadənin fikirlərini həyəcansız oxumaq mümkün deyil: “Filmə baxarkən qardaşımın uzaq ellərdə çəkdiyi əziyyəti, od-alov içində necə vuruşduğunu görürəm. Şirin söhbəti və mehriban gülüşü ilə evimizi bəzəyən qardaşımı sanki heç ölməmiş kimi gördüm. Az qala onu yenə bağrıma basıb öpəcək, evimizə aparacaqdım”.
Filmin rejissoru Tofiq Tağızadənin xatirələri isə bu ekran əsərinin necə hasilə gəlməsi anlarını xatırladır: “Biz hələ filmin ssenarisinə hazırlaşdığımız zaman hiss etmişdik ki, onu ərsəyə gətirmək həm çətin, həm də şərəflidir. Filmdəki əsas hadisələrin baş verdiyi yerləri, xarici ölkələrin şəhər və kəndlərini əks etdirmək lazım idi. Həmin ölkələrin təbiətini, xalqın adət-ənənələrini öyrənmək çəkilişlər üçün müəyyən çətinliklər yaradırdı. Rolların düzgün bölünməsi, aktyorların seçimi də əsas məsələlərdən idi. Filmin qəhrəmanı bir neçə qiyafədə - fransız rəssamı, alman zabiti, sadə partizan və başqa qiyafələrdə çəkilməli idi. Bu mürəkkəb obrazı yarada biləcək sənətkarı isə Moskvadakı Dram və Komediya Teatrının aktyoru Nodar Şaşıqoğlunun şəxsində gördük”.
Filmin çəkilişlərinin bir hissəsi Ağsu rayonunda aparılıb. Alman faşistlərinin ərzaq daşıdığı səhnədə maşınların partladılaraq yolun kəsilməsi səhnəsi məşhur Ağsu aşırımının dolaylarında lentə alınıb. Əfsanəvi qəhrəmanın son döyüşü və həlak olduğu səhnənin çəkildiyi Kövlüc kəndindəki ev isə bu gün də məşhurdur və ziyarət edilməkdədir. Bir aydan artıq orada çəkilişi davam edən filmin kütləvi səhnələrində yer alan kəndin yaşlı nəslindən qalanlar yaradıcı heyəti bu gün də dərin hörmətlə yad edirlər...

 

Mehdi olmaq istəyi və 28 milyon tamaşaçı sevgisi

 

Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu Mehdi-Mixaylo obrazını yaradanda 31 yaşı olub. O vaxtadək “Mosfilm”də, Kiyev kinostudiyasında filmlərə çəkilsə də, bu, onun Azərbaycan kinosunda ilk işi idi. Mixaylo obrazı aktyora böyük şöhrət gətirdi. Film prokata çıxdığı zaman 28 milyona yaxın tamaşaçı tərəfindən izlənmişdi. Bundan sonra aktyor sanki əsl Mehdiyə çevrilir - Nodar Şaşıqoğlu “Uzaq sahillərdə”nin ona gətirdiyi uğurla birgə Bakıya həmişəlik bağlanır.
Aktyorun filmlə bağlı xatirələrindən: “Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xasiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən haradasa mövcud şəraitdə özümü oynayırdım. Filmin premyerası “Nizami” kinoteatrında keçirildi. “Vətən”də göstəriləndə bilet almaq istəyənlərin növbəsi “Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı...”
Maraqlıdır, bəs filmin əsas qəhrəmanı olan Mehdi Hüseynzadə kimdir? Aktyor nədənsə Mehdi obrazını, onun qəhrəmanlığını həmişə fərqli hiss etdiyini söyləyirdi: “İkinci sinfin “Ana dili” dərsliyində Mehdi Hüseynzadəyə həsr edilən hekayədəki sətirləri isə bu gün də unutmamışam: “İstəyirəm Mehdi kimi qəhrəmana bənzəyim...”

 

Milli filmlərin çəkilişinə əcnəbi aktyorlar cəlb edilirdi

 

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Hətta bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, əslində isə kim olmalarından xəbərsizik. Bəlkə də onları azərbaycanlı hesab edənlər az deyil. “Uzaq sahillərdə” də tanıdığımız və yadda qalan obrazlardan biri də aktrisa Aqniya Yelikoyevanın canlandırdığı Anjelika obrazıdır.
Milliyyətcə osetin olan, Anjelika obrazını məharətlə canlandıran Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad (indi Sankt-Preterburq) Teatr İnstitutunu bitirib. Leninqradda Lensovet teatrında müxtəlif rollarda oynayıb.
Aqniya Yelikoyeva, yaxud Aqnyuşa (onu yaxın dostları belə çağırırdılar) gözəl qadın, maraqlı aktrisa, həddindən çox ciddi insan olub. Bu barədə onun haqqında xəsisliklə verilən qısa məlumatlarda bildirilir. SSRİ dağılan ərəfədə, daha doğrusu, ötən əsrin 90-cı illərinin əvvəllərində o, Sovet İttifaqını həmişəlik tərk edərək ABŞ-a köçüb.
Aqniya Yelikoyevanın “Uzaq sahillərdə” filmində canlandırdığı Anjelika rolunu azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib.

 

Bir ailədən üç nəfər

 

“Uzaq sahillərdə” filminin çəkilişləri zamanı texniki heyətdə çalışan Şahin Qalabəylinin o günlərdən maraqlı təəssüratı var. O, 1942-ci ildə Bakıda dünyaya gəlib. Orta məktəbin axırıncı siniflərində yaxşı oxumadığı üçün anası onu kinostudiyada texniki işlə məşğul olmağa məcbur edir. Lakin o, sonradan Moskva Ümumittifaq Dövlət Kino İnstitutunu bitirir. 1958-ci ildən kinostudiyada çalışdığını deyir: “Uzaq sahillərdə” filmində əvvəl işıqçı, sonra mikrofonçu oldum. Bu, Tofiq Tağızadənin ikinci filmi idi. Buna qədər “Görüş” filmini ekranlaşdırmışdı. Mən onunla 3 filmdə işləmişəm. “Uzaq sahillərdə” filminin çəkilişləri vaxtı sakinlər də fəallıq göstərirdilər. Onlar üçün hər şey möcüzə idi - alman hərbi geyimləri, əsgərlər, aktyorlar...”
Maraqlı bir məqam da filmdə bir ailədən üç nəfərin rol almasıdır. Veselin obrazını yaradan aktyor Yuri Boqolyubovun ata-anası da filmdə çəkilib. Filmdə camaatın partizanlara yemək apardığı epizodda Veselinin atasına (Nikolay Boqolyubov) deyirlər ki, “get denən Mixaylonu təhvil versinlər, yoxsa güllələyəcəyik”. Orada çiynində səhənglə güllələnən qadın da aktyorun anasıdır.
Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də Azərbaycan kinosunun inciləri sırasında özünə yer alan “Uzaq sahillərdə” rol alıb. Filmin quruluşçu rəssamı Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə, bəstəkarı Qara Qarayev, dirijoru Niyazidir. Görkəmli kino xadimi Rasim Ocaqov bu filmdə ikinci rejissor kimi çalışıb.
60 yaşlı “Uzaq sahillərdə” filmi o qədər keyfiyyətli, maraqlı çəkilib ki, tamaşaçıları hər zaman ekrana yaxın əyləşməyə vadar edir. Bu yaxınlıq, bitməyən bağlılıq filmin gələcək nəsillər tərəfindən də seviləcəyinin bir göstəricisidir.
Azərbaycan kino salnaməsində belə uzunömürlüləri az deyil. Lakin milli kinomuzun dəyərli xəzinəsindən telekanalların kifayət qədər istifadə etməməsi təəssüf doğurur. Onlar unudurlar ki, reklam xarakterli şouların ömrü həmin verilişlərin ekranlarda göründüyü qədərdir. Lakin mənəvi xəzinəmizin sərvətlərindən olan milli kinolarımızda klassika ilə müasirlik elə sintezləşdirilib ki, onları həm zaman, həm də onun ictimai-siyasi burulğanları ekranlardan və zövqlərdən uzaq sala bilməyib və bundan sonra da bilməyəcəkdir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM