03 Avqust 2018 12:08
468
Mədəniyyət
A- A+

Xınalıqda 2500 il yaşı olan nekropol aşkarlanıb

 

Azərbaycan ərazilərinin hər qarışında tarixin müəyyən sirlərinin yatması haqqında alimlərin zaman-zaman gəldiyi qənaət özünü doğrultduqca, tədqiqat işləri aparıldıqca antik dövrün yadigarlarının daha çox olduğu aşkarlanır. Məhz belə tədqiqatlar nəticəsində əldə edilən materiallar əsasında miladdan əvvəl I minillikdə ərazidə və regionda məskunlaşma və mədəni münasibətlər barədə yeni fikir irəli sürmək olar.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun Xınalıq kəndinin cənub-şərqində miladdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolun aşkarlanması da bunu təsdiqləyir.

Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri bildirib ki, dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin “Xınalıq” Tarixi-Memarlıq və Etnoqrafik Qoruğu ərazisində yerüstü, o cümlədən memarlıq abidələri qeydə alınmışdır. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmamışdır. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın bilavasitə təşəbbüsü ilə 2017-ci ildə Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparıldı, yerüstü materiallar toplandı, kəşfiyyat xarakterli şurflar qoyuldu və tədqiqatlar üçün münasib sahələr qeyd edildi.

Ekspedisiya tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, divarları daş plitə parçaları ilə üzlənib. Aşkarlanmış skeletlərin kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji analizlər üçün götürülüb.

Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkarlanıb. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar, tuncdan bəzək əşyaları, çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və digər maddi mədəniyyət nümunələri tapılıb.

“Nekropolda tədqiq edilmiş 12 qədim qəbrin tarixini təqribən miladdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə, miladdan əvvəl V-III əsrlərə aid etmək olar. Həmçinin nekropolun mövcudluğu yaxınlıqda qədim məskənlərin də olmasına işarə edir”, - deyə İdris Əliyev bildirib.

Alim onu da  vurğulayıb ki, Xınalıq nekropolunun aşkarlanmasını Azərbaycan arxeoloji xəritəsində daha bir boşluğun aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünəməxsus coğrafi mövqeyinə və relyefinə görə bu  yerlərin qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə, Son Tunc-İlk Dəmir dövrünün axırı ilə antik dövr ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikir irəli sürmək mümkündür.

 

M.NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video