Alternative content

04:21 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ X Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir
Qəbələ X Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 02.08.2018

 

Son illər Qəbələ inanılmaz dərəcədə dəyişib, gözəlləşib. Dövlət müstəqilliyimizin şah əsərlərindən birinə çevrilən Qəbələ indi dünyanın ən ünlü sənət sahiblərinin dəvət edildiyi, üz tutduğu bir ünvandır. Hər il burada keçirilən Beynəlxalq Musiqi Festivalı regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilməklə bu il özünün 10 illik yubileyini qeyd edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə festival iyulun 30-dan başlayaraq avqustun 7-dək davam edəcək. 

Festivalın təntənəli açılış mərasimi 31 iyul 2018-ci il tarixində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında, açıq səma altında baş tutdu. Tədbirdə Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edirdilər.
Açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu.
Məktubda qeyd olunduğu kimi: “Çox zəngin mədəni irsi və musiqi ənənələri olan Azərbaycanda bu festivalın rəğbət və dəstək qazanması təqdirəlayiqdir. Xalqımız musiqi dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudov kimi korifeyləri bəxş edib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.
Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı” adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Qəbələ festivalı onların arasında xüsusi yer tutur. Bu festival paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl guşələrindən birində, əsrlər öncə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirilir. Festivalın keçirilməsi üçün seçilmiş bu məkan Azərbaycanın qədim tarixini və xalqımızın zəngin mədəni irsini, habelə ölkəmizin və onun regionlarının sosial-iqtisadi inkişafının bugünkü nailiyyətlərini özündə əks etdirir.”
Sonra respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bildirdi ki, Beynəlxalq musiqi festivalı ötən 10 il ərzində Qəbələnin şan-şöhrətini dünyaya yayıb. O, böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bugünə qədər onun təşkilinə rəvac verən bu uğurların əsas müəllifi olan Mehriban Əliyevaya təşəkkürünü bildirdi.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında vurğuladı ki, bu möhtəşəm tədbirin səviyyəsi, ona ayrılan diqqət və maraq tamaşaçılar tərəfindən ildən-ilə artmaqdadır. Bu illər ərzində şəxsən Mehriban xanım Əliyevanın himayəsi, dəstəyi və təşkilatçılığı ilə bağlı olan məsələlər dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin Qəbələyə gətirilməsinə imkan verdi.
Festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli möhtəşəm tədbirlə bağlı dedi: “Bu, xüsusi bir festivaldır. Yubiley xarakteri daşıyan festivaldır. Bilirsiniz ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən də dahi bəstəkarımız Qara Qarayevin 100 illiyidir. Həmin yubileyləri böyük təmtəraqla qeyd etmişik. Bugünkü rəsmi açılışda Qara Qarayevin və onun tələbələrinin əsərlərinin səslənməsi hər birimizə ənənəvi zövq verdi”.
Festivalın bədii rəhbəri Dmitri Yablonski isə tədbirin təşkili ilə bağlı fikirlərini belə ifadə etdi: “Taleyimə və Azərbaycana minnətdaram. Ötən on il ərzində biz yüksək səviyyəli festivallar təşkil etməklə dünyanın tanınmış musiqiçilərini Azərbaycana, Qəbələyə gətirə bildik, onun bütün sahələrdəki inkişafını göstərə bildik. Bu gün xanımım Qandermanla birgə ifadan və tamaşaçı alqışlarından zövq aldıq”.
Festivalda Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər - Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları iştirak edir. Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər. Festivalda xalq artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin təşkil etdiyi “Gənclərə dəstək” layihəsinin iştirakçıları konsert proqramı ilə çıxış edəcəklər.
Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılmasına öz töhfəsini verir.

Əli SƏLİMOV,
“Azərbaycan”