Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pambıq kolları bara dolur
Pambıq kolları bara dolur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 02.08.2018

 

“Əmək” ordenli Əlihüseyn Hacıyev keçən ildəkindən daha çox məhsul yetişdirmək əzmindədir

 

Söz vaxtına çəkər, deyiblər. Əlihüseyn Hacıyevlə keçən ilin bu vaxtında, pambığın becərilməsi zamanı Muğanda günəşin göydən od ələdiyi bir gündə görüşmüşdük.
Onun haqqında bundan öncə də az-çox məlumatım var idi. Eşitmişdim ki, Neftçalanın Boyat kəndindəndir. Sovet quruluşu dağılandan sonra kəndlərindəki təsərrüfata rəhbərlik etmək o vaxtadək baş aqronom işləyən Ə.Hacıyevə həvalə edilmişdi. Torpaq islahatı aparılanadək bu vəzifədə çalışıb, təbiət vurğunudur, yaxşı ovçudur. Neftçala Rayon İcra Hakimiyyətində fermer haqqında yazı hazırlamaq istədiyimi bildirəndə də Əlihüseyn Hacıyevi məsləhət gördülər.
Fermer təsərrüfatına Boyat kənd inzibati ərazi nümayəndəsi Asif Qafarovla birgə yollandıq. Xıllı qəsəbəsinə az qalmış Boyat kəndi yazılmış göstəricinin yanından sola dönərək hamar yolla xeyli irəlilədik. Ərazi nümayəndəsi sözarası yol çəkilişi sahəsində son vaxtlar Neftçalada çox işlər görülsə də, onların da buna ehtiyacı olduğunu, kəndə qaz çəkilişi ilə əlaqədar çalışdıqlarını bildirmişdi.
Yolun hər iki tərəfində pambıq, yonca, digər bitkilər əkilmişdi. Zəmisi biçilmiş ərazidə mal-qara, qoyun-quzu otlayırdı. Bir azdan yarıasfalt-yarıçınqıl yol qurtardı. Şor su kanalının üstü ilə bir qədər irəliləyəndən sonra A.Qafarov uzaqdakı söyüd ağaclarını göstərib dedi:
- Əlihüseyn kişinin pambıq sahələri oradadır. Ürəyindən əməliyyat olunsa da, bir gün də olsun işdən ayrılmır. Təsərrüfatında 50-60 nəfər çalışır. Özü də kəndin xeyrində-şərində yaxından iştirak edir, lazımi kömək göstərir.
Ə.Hacıyevlə görüşüb hal-əhval tutur, yaxından tanış oluruq. Ala gözləri qızarmışdı. “Özünüzü istidən qoruyun, gözünüz qızarıb” sözümə “Şəkərli diabetim var, ondandır”, - dedi.
Bir qədər kənarda qız-gəlinlər sahədə işləyirdilər. Öyrəndik ki, ucvurma aparırlar. Əlihüseyn kişinin təsərrüfatı ilə yaxından tanış olub, qeydlərimi götürüb geri qayıtmaq istədikdə dedi: “Yox, belə yaramaz. Nahar vaxtıdır. Heç ola bilməz ki, kəndimizə, sahəmə kimsə gələ, çörəyimizi yeməyib, çayımı içməyib gedə”.
Xıllı qəsəbəsində Neftçala-Salyan magistral şose yolunun kənarındakı yeməkxananın həyətindəki qovaq ağacının altına masa qoydurdu. Söhbətimizi burada da davam etdirdik. Boyat və Ballıcalı kəndlərinin nəyə görə Kür çayından kənarda salındığı ilə maraqlandıq. Əlihüseyn də, A.Qafarov da bildirdilər ki, qədimdən burada camaat, əsasən, heyvandarlıqla məşğul olub. Sovet quruluşu yaranandan, kolxoz təsərrüfatı təşkil olunandan sonra buralara su kanalları çəkiblər. O vaxta kimi isə bu kəndlərə su Kürdən arabalarla gətirilərdi. Su kanallarının çəkilməsi, meliorasiya işlərinin aparılması sayəsində buralarda ilk vaxtlar taxılçılıq və pambıqçılıq inkişaf etdirilib. İllər keçdikcə kənd təsərrüfatının digər sahələri, yemçilik, bostançılıq da adamların məşğuliyyət növünə çevrilib.
Əlihüseyn kişi dedi ki, keçən əsrin 60-cı illəri yaxşı yadındadır: “O zaman 5-6 yaşım ancaq olardı. Kəndimizin görkəmi indi də gözümün önündədir. Evlərin hamısı çiy kərpicdən idi, üstü də qamış. Yağış yağan kimi tavan damırdı. Palçıq əlindən tərpənmək olmurdu. Sonralar kəndimiz inkişaf etməyə başladı. Hamı özünə kolxozda iş tapdı. Məhsul artdıqca adamların gəliri çoxaldı. Kəndə yol, işıq çəkdilər, məktəb, xəstəxana, poçt, hamam tikdilər. 70-ci illərdə mişar daşından ev tikməyə başladılar, minik maşınları aldılar. Kolxozlar dağılandan sonra camaat pay torpaqlarını əkib-becərməyə başladı. Dövlətin verdiyi subsidiyalar, gübrələr əhalidə ruh yüksəkliyi yaratdı, onları torpağa bağladı”.
Ə.Hacıyevin iki oğlu, bir qızı var. Qızı gəlin köçüb, oğlanları evləniblər. Doqquz nəvəsi var. Bildirdi ki, böyük nəvəsi Gülyaz onun peşəsini davam etdirəcək - Lənkəran Dövlət Universitetinin Aqronomluq fakültəsinin tələbəsidir.
Keçən il əkdikləri 50 hektar pambıq sahəsinin hər hektarından 42 sentner “ağ qızıl” götürdüklərinə görə fermer ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə ikinci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Ertəsi günü onunla Boyat kəndinə gedən yolun başlanğıcındakı göstəricinin yanında görüşdük. Kənd inzibati ərazi nümayəndəsi A.Qafarov da orada idi. Bu dəfə köhnə dostlar kimi hal-əhval tutduq. Birlikdə pambıq tarlalarının becərildiyi yerlərə yollandıq. Bu il keçən ildəkindən 5 hektar az, yəni 45 hektarda pambıq əkiblər. Səbəbi pambıqçılıqda intensiv metoda geniş yer verilməsi ilə bağlıdır. Ona görə də təcrübəli əkinçi kimi daha məhsuldar növ pambığın çiyidini seçmişdir. Becərmə zamanı isə bütün aqrotexniki tədbirləri vaxtında və yüksək keyfiyyətlə həyata keçirirlər. Kultivasiya, suvarma, alaq otlarından təmizləmə, ucvurma, ziyanvericilərə qarşı mübarizə tədbirləri bu sıradandır.
Bunlarla bərabər, Ə.Hacıyevin narahatlıq keçirdiyi də nəzərimizdən yayınmadı. Səbəbini soruşduqda bildirdi ki, havaların 1-2 gün sərin keçməsi ilə əlaqədar sovka əmələ gəlib: “Vaxtında dərmanlama aparmasaq, məhsulu əlimizdən ala bilər. Odur ki, səhər saat 6-dan kollar şehli ikən dərman səpməyə başlamışıq. Bu iş başa çatan kimi 2-ci suvarmanı aparacağıq. Su sarıdan keçən illə müqayisədə çətinliyimiz yoxdur. Sağ olsun rayondakı suvarma idarəsinin kollektivi”.
Qarşıdakı sahənin kənarındakı gölün üzərində əsrarəngiz bir mənzərə də diqqətimizi çəkdi. Suyun üzünü ləçəkləri göz oxşayan güllər bürümüşdü. Öyrəndik ki, bu balaca göldə işçilər üçün balıq saxlayırlar. Əlvan güllər burada keçən ildən peyda olub. Güllərin toxumu su ilə gəlib, burada bitib.
Bol məhsul əldə etmək üçün gərək torpağa, bitkilərə qayğı göstərəsən, onun nazını çəkəsən, daim çalışasan, nəyi hara, nə vaxt əkdiyini biləsən. Gecikmək də ziyandır, tələsmək də. Gözünü açandan torpaqla ünsiyyətdə olan Ə.Hacıyev bunları yaxşı bilir. Torpaq altına üzvi və mineral gübrələri verməyi əsirgəmirlər. Dövlət dəstəyini hər zaman hiss edirlər. Keçən il sentyabrın 24-də ölkə rəhbərinin onun pambıq tarlasında olmasını bu gün də unutmur. Prezidentin göstərdiyi diqqət və qayğıya cavab olaraq yorulmaq bilmədən çalışır, daha yüksək miqdarda məhsul götürməyə səy göstərirlər.

Seyran CAVADOV,
“Azərbaycan”