Alternative content

06:19 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bağa baxarsan, bağ olar
Bağa baxarsan, bağ olar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 02.08.2018

 

Qubada hər il 100 min tondan çox alma, armud, gilas, şaftalı, gavalı və digər meyvə yetişdirilir. Keyfiyyətli məhsulun yetişdirilməsində isə kompleks becərmə tədbirlərinin vaxtında həyata keçirilməsi ilə yanaşı, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması da mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan Qubada fəaliyyət göstərən Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşlarının iyun-iyul aylarında sahibkarlarla görüşməsi, onları hər il tonlarla meyvəni məhv edən zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumatlandırması vacib məsələdir.

Qubanın tumlu meyvə bağları ümumilikdə 200-ə qədər zərərverici və 100-dək xəstəlikdən bu və ya digər dərəcədə iqtisadi ziyan çəkir. Aparılan müşahidələr göstərir ki, bağlara daha çox alma meyvəyeyəni, Kaliforniya çanaqlı yastıcası, yarpaqbükənlərin bir neçə növü, minalayıcı güvələr, meyvə gənələri və digər zərərvericilər, eləcə də dəmgil, unlu şeh, pas və digər xəstəliklər zərər vurur.

Mərkəzin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanovun sözlərinə görə, iyun ayının əvvəlində Kaliforniya çanaqlı yastıcasının birinci nəslinin inkişafı başa çatır və yeni doğulan sarı rəngli sürfələr inkişaf etməkdə olan meyvələrə, cavan zoğlara daraşaraq onların şirəsini sorur. Bu ay həmçinin alma meyvəyeyəninin birinci nəslinin davamı, eləcə də hava rütubətli və soyuq keçdikdə dəmgil, unlu şeh və digər xəstəliklərin inkişafı müşahidə olunur. Onların qarşısını almaq üçün iyun ayının əvvəlindən bağlara ultrasidin, karbosulfan, dimetoat tərkibli mankozeb və hexaconazol tərkibli fungisidin qarışığı çilənməlidir. Bu qarışığa yarpaq gübrəsi kimi, Saxalin humatı və digər maye gübrələrdən birini də əlavə etmək olar.

İyun ayının ikinci yarısında isə yarpaqbükən kəpənəklər, meyvə gənələri və digər zərərvericilər, hava rütubətli və sərin keçəndə dəmgi xəstəliyi, həmçinin unlu şeh və başqaları müşahidə olunur. Bunların da qarşısının alınmasında lambda-siqalotirin abamektin, siqeksatin preparatlarından birinin qarışığına tiofanat-metil preparatları əlavə edilərək çiləmə aparılmalıdır.

M.Qurbanov onu da qeyd etdi ki, iyul ayında alma meyvəyeyəninin çox təhlükəli olan ikinci nəsli, həmçinin meyvə gənələrinin bəzi növləri və digər zərərvericilərin inkişafı müşahidə olunur. Bağbanlar bu ay çox diqqətli olmalı və birinci növbədə meyvələri zədələyə biləcək alma meyvəyeyəninin inkişaf mərhələlərinə uyğun kimyəvi mübarizə vaxtlarını müəyyən etməlidirlər. Quba rayonu şəraitində bu kəpənəklər 3-13 iyul arasında meyvələr və yarpaqlar üzərinə tək-tək yumurta qoyur. Zərərvericinin bir dişisi 150-yə qədər yumurta qoyur və hər yumurtadan çıxan tırtıl 4 meyvəni zədələyə bilir. Ona görə də məhz bu dövrdə zərərvericiyə qarşı mübarizə aparılmalıdır. Bu zaman həm də yarpaqbükənlər və minalayıcı güvələr məhv olur.

 

Akif ƏLİYEV,

“Azərbaycan”