Alternative content

05:38 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tələb keyfiyyətli toxumadır
Tələb keyfiyyətli toxumadır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 02.08.2018

 

Oğuzda taxılçılıq, heyvandarlıq, bitkiçilik, meyvəçilik, tütünçülük və baramaçılıq inkişaf edib. Taxılçılıq isə rayonun kənd təsərrüfatının əsas sahəsi sayılır.

Rayon kənd təsərrüfatı idarəsi rəisinin müavini Akif Adıgözəlov bununla bağlı bildirdi ki, keçən ilin payızında 2018-ci ilin məhsulu üçün 16 min 795 hektar sahədə payızlıq taxıl əkilib. Bunun 12 min 230 hektarı buğda, 4565 hektarı arpadır. Qalan sahələrdə yazlıq bitkilər əkilib. Hazırda rayonda biçin dövrüdür. Sahələrdə 50-dən çox texnika işləyir. Məhsuldarlıq biçilmiş sahələr üzrə orta hesabla 27-29 sentnerdir ki, bu da ötən ilin müvafiq dövründəkindən yüksəkdir.

Məhsuldarlığın və ümumiyyətlə, məhsul istehsalının artması elmi nailiyyətlərin istehsalata tətbiqindən çox asılıdır. Növbəli əkin sisteminin tətbiqi, məhsuldar toxum,  gübrələrdən, herbisid və pestisidlərdən, kənd təsərrüfatı maşın və aqreqatlarından düzgün və səmərəli istifadə olunması, əlverişli iqlim şəraiti yüksək məhsul alınması üçün mühüm şərtlərdir. Şəki Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının Oğuz rayonu üzrə baş aqronomu Sadiq Fərhadov bildirdi ki, son illər istehsal olunan yüksək reproduksiyalı taxıl toxumları üçün dövlət tərəfindən ölkənin, o cümlədən Oğuz rayonunun özəl toxumçuluq təsərrüfatlarına xeyli miqdarda subsidiya verilir. Həmin təsərrüfatlar bu hesaba superelit və elit toxumla təchiz olunurlar. 2013-cü illə müqayisədə 2018-ci ildə Oğuz rayonunda toxum istehsalının 900 tondan 1700 tona qədər artması bunun nəticəsidir.

S.Fərhadov onu da qeyd etdi  ki, 2017-2018-ci məhsul ilində Oğuz rayonu üzrə  6 toxumçuluq  təsərrüfatında 884 hektar toxumluq taxıl sahəsi qeydiyyata alınıb. Bunun 662 hektarı toxumluq buğda, 222 hektarı toxumluq  arpa sahələridir. Həmin təsərrüfatların toxumluq əkinləri səpin dövründən biçinə qədər ciddi nəzarətdə saxlanılır. Onların superelit və elit toxumlarla, gübrələrlə, herbisid və pestisidlərlə  təminatı  ildən-ilə yaxşılaşır. Bu il Oğuz rayonu üzrə  bu təsərrüfatlarda 2 min tondan yuxarı yüksək reproduksiyalı taxıl toxumunun istehsalı gözlənilir: “Rayonun ümumi toxum tələbatı isə 3400-3500 ton arasında dəyişir. Göründüyü kimi, istehsal olunan toxum bu tələbatı tam ödəmir. Ona görə də qarşıya qoyulan vəzifə həm toxumluq əkinlərin həcminin artırılması, həm də iri təsərrüfatların formalaşaraq bu işə cəlb olunmasıdır”.

Bucaq, Xaçmaz, Yenikənd, Cavud və Malıx kəndlərində toxumçuluqla daha geniş məşğul olurlar. “Beytullah” MMC-nin, Xanlar Əliyevin və Cavanşir Sadıqovun təsərrüfatları   hər il 300-350 ton toxum istehsal edir. Mövcud maddi-texniki bazalarının güclü olması onlara işlərini layiqincə və  məsuliyyətlə yerinə yetirmələrinə  imkan verir

 

Əli SƏLİMOV,

“Azərbaycan”