01 Avqust 2018 03:08
209
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank uçot dərəcəsini 10 faiz səviyyəsində dəyişməz saxlayıb

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin dəyişməz saxlanılması haqqında qərarı şərh edib

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti avqustun 1-də uçot dərəcəsinin 10 faiz səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (±2 faizlik kənarlaşma ilə aşağı hədd 8 faiz, yuxarı hədd 12 faiz) dəyişməz saxlanılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov avqustun 1-də keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, 2018-ci ilin ötən dövründə inflyasiya hədəf dəhlizindən aşağı olmaqla azalma trendini saxlayıb, tədiyə balansı profisitli olub, iqtisadi aktivlik üzrə müsbət dinamika qorunub.

Qısa və ortamüddətli dövrdə həm xarici sektordan, həm də fiskal siyasətdən gələn inflyasiya riskləri potensialı monetar şəraitin yumşaldılması imkanlarını məhdudlaşdırır.

Qərar qəbul edərkən İdarə Heyəti aşağıdakıları nəzərə alıb:

 

İnflyasiya prosesləri

 

E.Rüstəmov qeyd edib ki, inflyasiya azalma trendini saxlayır. 2018-ci ilin 6 ayında orta illik inflyasiya 3 faiz təşkil etməklə elan edilmiş hədəf dəhlizindən aşağıda qərarlaşıb.

İnflyasiya səviyyəsinin aşağı düşməsini manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümi faktorlar şərtləndirir. Bütün bunlar dünya əmtəə qiymətlərinin, o cümlədən dünya ərzaq qiymətlərinin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin daxili inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırır.

Cari ildə Azərbaycandakı inflyasiya ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olub ki, bu da manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2018-ci ilin I yarısında cəmi 1.2 faiz möhkəmlənib. 2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 35.4 faiz ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyib.

 

İnflyasiya üzrə gözləntilər və proqnozlar

 

Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərinin son illər üzrə minimum səviyyədə qaldığını göstərir.

Son makroiqtisadi proqnozlar göstərir ki, 2018-ci ilin sonuna inflyasiyanın hədəf intervalında qalması risklər balansındakı dinamikadan asılı olacaq. İdxalın əhəmiyyətli artımı, tərəfdaş ölkələrdə yüksək məzənnə və qiymət volatilliyi və fiskal genişlənmə inflyasiyanın tələb və təklif amillərini aktivləşdirə bilər. İnflyasiya hədəfinə nail olunması həm də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət dəyişimindən asılı olacaq.

 

Xarici şərait

 

Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və dünya bazarında əlverişli neft qiymətlərinin xarici sektor göstəricilərinin yaxşılaşması ilə müşayiət olunduğunu deyən Mərkəzi Bankın sədri 2018-ci ilin birinci yarısında ticarət balansının müsbət saldosunun 2.2 dəfə, ixracın 64 faiz, qeyri-neft ixracının 14 faiz artdığını diqqətə çatdırıb. Qeyd edib ki, ticarət balansı ilə yanaşı xidmət ixracı və pul baratları daxilolmaları da pozitiv dinamikanı qoruyur. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

"Son proqnozlar göstərir ki, 2018-ci ilin sonuna tədiyə balansı profisitli qalacaq. Neftin qiyməti 70 ABŞ dollarından yüksək formalaşıb və ilin sonuna onun dinamikası müsbət proqnozlaşdırılır. Qısa və ortamüddətli dövrə isə tədiyə balansı üçün təhdid başlıca olaraq idxalın yüksək templə genişlənməsi, kapital və maliyyənin hərəkəti hesabının defisitinin artmasıdır", - deyə E.Rüstəmov vurğulayıb.

 

İqtisadi aktivlik

 

Mərkəzi Bankın sədri deyib: "İqtisadi aktivliyin artım dinamikası müsbət olaraq qalır. 2018-ci ilin yanvar-iyun aylarında iqtisadi artım 1.3 faiz olub, o cümlədən qeyri-neft sektorunda 2 faizlik artım baş verib. İqtisadi artımı dəstəkləyən başlıca amillərə xarici tələbin və dövlət investisiyalarının artması, əhalinin real gəlirlərinin yüksəlməsi şəraitində istehlakçı inamı göstəricilərinin yaxşılaşması aiddir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinə əsaslanan Biznes İnam İndeksinin dinamikası da iqtisadi aktivliyin yüksəldiyini təsdiq edir. İqtisadi artım qeyri-neft sektorunun başlıca sahələrində qeydə alınıb. İqtisadi artım qeyri-neft sənayesində 11.1 faiz, kənd təsərrüfatında 7.6 faiz təşkil edib. İqtisadi artım potensial səviyyəsini üstələmədiyindən inflyasiyaya artırıcı təsir göstərmir".

 

Monetar şərait

 

Elman Rüstəmov 2018-ci ilin ötən dövründə monetar şəraitin neytral səviyyəyə yaxınlaşmaq istiqamətində dəyişdiyini, pul bazasının genişləndiyini, uçot dərəcəsinin aşağı salındığını bildirib.

Diqqətə çatdırılıb ki, ilin sonuna və ortamüddətli dövrə monetar şəraitin normallaşdırılması potensialı inflyasiya risklərini və gözləntilərini formalaşdıran xarici və daxili amillərin reallaşması ehtimalından asılı olacaq.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin oktyabr ayında müzakirə ediləcək.

Azərbaycan Mərkəzi Bankı ilə əlaqə: Tel: (994 12) 493 11 22, daxili 374 və ya 381 Faks: (994 12) 493 55 41,

R.Behbudov küçəsi, 90 E-mail: [email protected], Bakı, AZ 1014 URL: http://www.cbar.az

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video