Alternative content

16:00 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV CNN: “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri”
CNN: “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri”
ANA SƏHİFƏ / SİYASƏT
09:08 01.08.2018

ABŞ-ın CNN televiziya kanalının saytında “Şəki: Azərbaycanın ipək yolu – karvanlar və xanlar şəhəri” sərlövhəli məqalə yerləşdirilib.

Məqalənin müəllifləri Morin Oheyr və Cəfər Almadhun yazırlar ki, nefti ilə şöhrət tapmazdan əvvəl, Azərbaycan öz ipəyi və ədviyyatının keyfiyyəti ilə məşhur idi. Avropa ilə Asiyanın kəsişdiyi məkanda, Xəzər dənizinin sahilində və Qafqaz dağlarının ətəyində yerləşən ölkə qədim ticarət marşrutlarının şəbəkəsi olan və Şərqlə Qərbi birləşdirən İpək yolunun mühüm hissəsi idi.

Diqqətə çatdırılır ki, İpək yolunun Azərbaycanın şimal-qərbindən keçən hissəsində yerləşən Şəki şəhəri XIX əsrin əvvəlində dünyada ipək istehsalı üzrə mərkəz olub. Çay daşları ilə döşənmiş küçələri və orta əsr memarlığı ilə seçilən Şəki müasir Azərbaycanın ən mənzərəli şəhərlərindən biridir.

Şəkinin tarixi abidələrini təsvir edən müəlliflər qeyd edirlər ki, yüz illər bundan əvvəl İpək yolu boyu çoxlu mehmanxanalar vardı, bu gün Azərbaycana gələn turistlər isə XVIII əsrə aid olan və orijinal üslubda tikilmiş “Yuxarı Karvansara” otelində qala bilərlər. Əlavə edilir ki, 2017-ci ildə Azərbaycana 2,7 milyon əcnəbi turist gəlib ki, bu da rekord rəqəmdir.

Məqalədə bildirilir ki, Şəki Xan Sarayı şəhərin ən başlıca turizm məkanıdır. XVIII əsrdə tikilmiş bu ikimərtəbəli bina öz zəngin interyeri və eksteryeri ilə fərqlənir. Binanın içərisində çiçəklər, fauna, döyüş və ov səhnələri təsvirləri olan kompleks freskalarla bəzənmiş altı otaq var.

Ticarət şəhərinin kosmopolit ruhuna uyğun olaraq, Şəki dini müxtəlifliyin uzun tarixinə malikdir. Bölgədə çoxlu kilsə və məscid var. Şəhərin şimalından bir neçə kilometr aralıda yerləşən Kiş kəndində tikintisi eramızın I əsrində başa çatmış bölgənin ən qədim məbədi var.

Beynəlxalq oxucu auditoriyası üçün yerli mətbəxin xüsusiyyətlərindən bəhs edən müəlliflər yazırlar ki, çörəklə yeyilən piti yeməyi yerli kulinariyanın özəl təamıdır, şəkər və qozdan hazırlanan halva isə bölgənin ən sevilən şirniyyatıdır. Şəhərin hüdudlarından kənardakı qədim İpək yolunu birləşdirən yollar isə yenə tacirlərlə doludur.

Məqalənin sonunda qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda elektron vizaların alınması prosesinin daha da asanlaşdırılmasından sonra Qafqazın bu guşəsinə gələn turistlərin sayı artıb.

 

AZƏRTAC