Alternative content

07:43 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 96 ölkə, 760 milyon dollarlıq ixrac sifarişi
96 ölkə, 760 milyon dollarlıq ixrac sifarişi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:08 01.08.2018

 

Son altı ayda Azərbaycandan qeyri-neft sektoruna aid ən çox məhsul Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Niderlanda ixrac olunub

 

Son iki ildə Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətləri iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək, ölkəmizin ixrac imkanlarını genişləndirməkdir.
Prezident İlham Əliyev “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında artıq yeni mərhələ başlayıb.

 

6 ayda qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar olub

 

Məhz bunun nəticəsidir ki, 2018-ci ilin son 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon dollar və ya 15 faiz artıb. 6 ay ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyul sayında məlumat verilir. Əvvəlcə onu vurğulayaq ki, “İxrac icmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirmək, yerli mal və məhsulların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdir.

 

276,7 milyon dollarlıq meyvə-tərəvəz ixracı

 

İlin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (140 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon dollar) ikinci, elektrik enerjisi isə (54,6 milyon dollar) üçüncü olub.
Ümumiyyətlə, 2018-ci ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 71,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon, pambıq ipliyi ixracı 9,9 milyon dollar təşkil edib.

 

Ən çox mal ixrac olunan ölkələr siyahısına Rusiya liderlik edir

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin ixracı 20,3 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iyun ayında qeyri-neft sektoru üzrə Azərbaycanda ixrac 179 milyon dollar təşkil edib. İyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (96,7 milyon dollar), Türkiyə (25,9 milyon dollar), İsveçrə (12,8 milyon dollar), Gürcüstan (8,1 milyon dollar) və Niderland (5,8 milyon dollar) qərarlaşıb.
Qeyd edilib ki, 2018-ci ilin may ayında olduğu kimi, iyun ayında da qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon dollar). Bu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26,8 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 12,4 milyon dollar) isə üçüncü olub.

 

“Azərkosmos” 12,7 milyon dollar gəlir əldə edib

 

Son 6 ayda “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 milyon dollar məbləğində gəlir əldə edib.
Qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. İyun ayında isə “Azərkosmos”un xidmət ixracının dəyəri 1,6 milyon dollar olub. 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirildiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstandır.

 

Azərbaycana dünyanın 189 ölkəsindən turist gəlib

 

Eyni zamanda, “İxrac icmalı”nda məlumat verilib ki, yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1,325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Son 6 ay ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 113 milyon AZN və ya 22,3 faiz artıb.

 

284,4 milyon dollarlıq ixrac sifarişi

 

Onu da vurğulayaq ki, “Azexport.az” portalına daxil olan ixrac sifarişləri də artmaqdadır. Məlumatda qeyd edilir ki, iyun ayı ərzində portala 34,2 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub.
Ümumilikdə isə 2018-ci ilin birinci yarısında portala daxil olan ixrac sifarişlərinin dəyəri 284,4 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında portala daxil olan ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb. Bu isə portalın ötən müddətdə dünya miqyasında daha çox tanınmasından qaynaqlanır.
2017-ci ilin yanvar ayından 2018-ci il iyunun 30-dək “Azexport.az” portalına dünyanın 96 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon dollar təşkil edib. “Azexport.az” həmçinin yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.
İyul ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, İran, İtaliya, İraq, Qazaxıstan, Gürcüstan, Ukrayna, İngiltərə, Sinqapur, BƏƏ, Çin, ABŞ daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

 

15 ixrac missiyası

 

Qeyri-neft ixracının artırılması məqsədilə göstərilən dövlət dəstəyi tədbirləri də bu müddətdə davam etdirilib. İndiyədək 15 ixrac missiyası təşkil olunub, beynəlxalq sərgilərdə ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb.
Yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun, arıçılar, nar, fındıq, şərab, çay, süd və s. istehsalçıları və ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixraca dair xidmətlər göstərilib.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində ixracın artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının ixracı 22 faiz, sənaye məhsullarının ixracı 27 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı isə 34 faiz artıb.

 

Xaricdə “Azərbaycan Ticarət Evi”nin sayı getdikcə artır

 

İcmalın bu sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə “İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu” mövzusunda seminar keçirilməsi ilə bağlı məlumat da əksini tapıb.
Həmçinin “İxrac icmalı”nın iyul sayında Latviyada “Azərbaycan Ticarət Evi”nin açılması, İxracatçılar Klubunun növbəti iclasının keçirilməsi və s. məsələlər barədə də məlumatlar verilib.
Azərbaycan tərəfdən Latviyaya 164 milyon dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 milyon dollar həcmində sərmayə qoyulub. Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir.
Bu ilin sonunadək Çinin Şanxay şəhərində “Azərbaycan Şərab Evi”, Birləşmiş Ərəb Əmirliklərində “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır. Çinin paytaxtı Pekində və bir sıra digər iri şəhərlərində ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM