Alternative content

12:58 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Turizm qeyri-neft sektorunun inkişafına töhfə verir
Turizm qeyri-neft sektorunun inkişafına töhfə verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 01.08.2018

 

Bu gün Azərbaycana gələn qonaqlar böyük həvəslə Qubanı görməyə can atırlar. Qısa müddətə olsa da, bu qədim və gözəl şəhəri gəzmək, onun küçələrini dolaşmaq, tarixi-memarlıq abidələri, mehriban sakinləri ilə daha yaxından tanış olmaq istəyirlər.

Mübaliğəsiz demək olar ki, Quba hazırda Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən biridir. Burada turizm infrastrukturunun yaradılması istiqamətində əhəmiyyətli işlər görülmüş, müasir istirahət mərkəzləri, yeni hotellər tikilib istifadəyə verilmişdir. Hazırda Qubada görülən abadlıq, tikinti-quruculuq və yenidənqurma işləri turist axınına təkan verən amillərdəndir. Şəhərin milli memarlıq üslubunun qorunub saxlanmasına daha çox diqqət yetirilir. Quba təkcə təbii gözəllikləri ilə deyil, həm də qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur.
İnsanı valeh edən meşələrlə örtülü dağların qoynunda yerləşən, şəlaləli çayları, soyuq bulaqları olan Quba rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkanlardandır.
Şahdağın və Qudyalçayın ətəklərində qərar tutan, paytaxtdan bir saatlıq məsafədə (150 kilometr şimalda) yerləşən Quba nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın çox gözəl guşələrindən biridir. İsti aylarda gözəlliyi ilə göz oxşayan meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar həmin füsunkar diyara qayıtmağa məcbur edir. Turizmin potensial brendi olan Qubaya dövlət tərəfindən böyük diqqət göstərilir. Quba Olimpiya İdman Kompleksi, SPA mərkəzləri, Xınalıq kəndi, qədim xalçaçılıq sənətinin inciləri və onlarla digər göstəricilər rayonun simasının təzahürləridir. Burada 140-dan çox tarix-memarlıq, o cümlədən 70 təbiət abidəsi var. Təbii fəlakətlər zamanı yaranmış bu abidələrə yerlilər təbiət möcüzəsi deyir. Bu sırada “Gəlin qayası”, “Qızıl qaya”, “Gülcahan daşı”, “Xan bulağı”, “Daş gəlinlər”, “Ağacda ev”, “Xaltan suyu” və s. təbiət abidələrini göstərmək olar. Rayon ərazisindəki 60-dan artıq arxeoloji abidənin böyük hissəsi IV-XVII əsrlərə aiddir. Əvvəlki illərdə onların bir çoxunun yolu təmirsiz idi. Ötən mövsümdən bəri yollar təmir edilmiş, bəzi yeni turist infrastruktur sahələri yaradılmışdır. Eyni zamanda Qubanın yaxınlığında yerləşən Qusar şəhəri turizm ənənələrinin davamlı olmasını təmin edən əsas amildir. Respublikada turistlərin ən çox istiqamətləndikləri iki rayonun yanaşı olması buraya olan marağı təkcə artırmır. Bu həm də turistin xəritə genişliyini təmin edir. Yəni Qusara istirahətə gələnlərin çoxu Qubanı da gəzib-dolanmadan geri qayıtmır.
Bu yerlərdə turizmin daha geniş miqyas alması, inkişafı üçün hər cür şərait var. Əlaqədar təşkilatların əsas vəzifəsi səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdan ibarətdir.
İsti günlərdə Qubaya təşrif buyuran turistlərin sayı birə-beş artır. Onu da bildirək ki, turist təkcə pul xərcləyən deyil, həm də informasiya daşıyıcısıdır. İstirahət zamanı qarşılaşdığı və yaxud heç vaxt görmədiyi qeyri-adi nə varsa, bunları yaddaşında saxlayan turist özündən sonra digər insanların da həmin yerlərə yeni axının təşkilatçısına çevrilir.
Rayonda yay turizm mövsümünə start verilib. Hazırda elə bir istirahət mərkəzi tapılmaz ki, orada gün ərzində bir neçə turistlə rastlaşmayasan. Bunların içərisində xarici ölkə vətəndaşları da var. Onların çoxu Rusiya və Belarusdan gələnlərdir.
Turistlərin hərəkət mexanizmi də müxtəlifdir. Maşın və piyada gəzintilər onların ən çox üstünlük verdikləri hərəkət vasitəsidir. Yaşıl sıx meşələr buraya gələnləri sözün həqiqi mənasında valeh edir. Ayağı həmişə mərmər üstə olanların torpağa ehtiyacı olur. Bəzən onların çoxu çadırlarda qalmağa üstünlük verir. Onu da qeyd edək ki, respublikamızın iqtisadi yüksəlişi ölkəmizə təşrif buyuran turistlərin sayının artmasına səbəb olub. Keçirilən Avropa və İslam Həmrəyliyi Oyunları ölkəmizə turist axınının sürətləndirilməsini şərtləndirən cəhətlərdir. Elə buna görədir ki, ötən il Qubaya gələn turistlərin sayı əvvəlki onillikdəkindən qat-qat çoxdur.
Yay mövsümü başlayandan həftənin şənbə və bazar günləri rayonun mərkəzində xüsusi konsert proqramları təşkil edilir. Girəcəkdə inşa edilən möhtəşəm Heydər Əliyev seyrəngahında hər gün xarici ölkədən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Buradakı Heydər Əliyev və gənclər mərkəzləri, yaşıl teatr, əzəmətli musiqili fontan qonaqların yaddaşında xüsusi izlər buraxır.
Həmin tədbirlərdə dövlət rəmzləri, tariximiz barədə məlumatlar səsləndirilir. Mərasimlərdə Azərbaycanın tanınmış şairlərinin şeirlərindən parçalar oxunur, yazıçıların əsərlərindən səhnələr göstərilir. Axşamlar xüsusi viktorinalar keçirilir. Kəndlərdə konsertlər təşkil olunur. Konsert proqramlarında təkcə yerli musiqiçilər deyil, respublikanın tanınmış müğənniləri də çıxış edirlər.
Qubadakı istirahət mərkəzləri ilin bütün fəsillərində fəaliyyət göstərir. Buna görə də burada turistlərlə bağlı işlər il boyu aparılır. Rayonda turizm sahəsinin reklamı ilə bir neçə təşkilat və sayt məşğuldur. Bunlardan birincisi Quba Turizm İnformasiya Mərkəzidir. Onlar bukletlər, kitabçalar, tur proqramları, disklər və s. hazırlayır. Qubada bir neçə yerdə reklam lövhələrində mərkəzin fəaliyyəti nümayiş etdirilir. Mərkəzin hazırladığı 6 ekskursiya turu indi turistlərin hərəkət xəritəsidir. Bunlar Xınalıq, Afurca, Ləzə, Xanəgah, Alıc və bu il yeni yaradılan Tüləkəran ekskursiya turlarıdır. İlin əvvəlindən bəri mərkəzə 4474 turist müraciət edib ki, bunlardan 3827 nəfəri yerli, 647 nəfəri isə xarici vətəndaşlardır.
Qubanın bir çox istirahət mərkəzləri bu il turistlərə sürprizlər hazırlayıb. Birincisi, xidmət personalı milli geyimlərdən istifadə edir. İkincisi, süfrə mədəniyyətinə diqqət verilir. Milli adət-ənənəmizə, mətbəxdə, süfrədə səliqə-sahmana, nəzakətli davranışa xüsusi diqqət yetirilir. İstirahət mərkəzlərində qərara alınıb ki, xarici ölkədən olan turistə öz ölkəsinin milli xörəklərindən birini hədiyyə etsinlər.
Bu gün Qubanın elə bir kəndini, elə bir yaşayış ərazisini tapmazsan ki, orada xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşmayasan. Kənd turizminin inkişaf etdirilməsi istiqamətində xeyli iş görülüb. I Nügədi, II Nügədi, Pirvahid və digər kəndlərdə hər gün yüzlərlə turist gecələyir. Dəstə-dəstə, kürəklərində səfər çantaları olan bu adamlar velosiped, yaxud motosikletlərlə Qubada istirahət etməkdən zövq alırlar. Evləri kirələyən turistlər yerli sakinlərin ailə büdcələrini artırır. Yetişdirdikləri məhsulları təqdim edən qubalılar onları da yaxşı qiymətə satırlar.
Dünyaya səs salan Quba xalçaları turistlərin daha çox maraqlandıqları sahədir. Burada toxunan “Çiçi”, “Ağgül” və “Pirəbədil” xalçaları Azərbaycanın ən məşhur xalçalarındandır. 1712-ci ildə toxunmuş “Qollu Çiçi” xalçası hazırda Nyu Yorkdakı “Metropoliten” muzeyində saxlanılır. Qubada fəaliyyət göstərən xalçaçılıq məktəblərinin yaratdıqları qədim sənət nümunələrini turistlər həvəslə alırlar. Bəzi turistlər rayonda olduqları günlərdə xalça sexlərində çalışan qızlarla bir yerdə toxumanın sirlərini də öyrənirlər.
Bir çox turistlər Xınalığa yol alır və onların mədəniyyəti, dili barədə məlumatlarla maraqlanırlar. Həmin istiqamətdəki Qrız kəndi də onların marağına səbəb olur. Bir çox turistlər özləri ilə gətirdikləri çadırları kəndlərin ətrafında quraraq istirahətlərini canlı təbiət qoynunda keçirirlər. Məsələn, yayın əvvəlindən bəri Təngaltı, Xuçbala, Qrız, Gültəpə istiqamətində bir neçə təbii turist düşərgəsi salınıb.
Qeyri-neft sektorunun inkişafı yüzlərlə sahənin yüksəlişində sıçrayışa səbəb olub. Turizmin inkişafı bu istiqamətdə xüsusilə diqqəti cəlb edir. Bu gün Qubada təkcə turizm deyil, eyni zamanda milli adətlərimizə uyğun bir brend formalaşır. Gələcəkdə onun daha da inkişaf etdirilməsi gərəkdir. Çünki respublikamızın şimal bölgəsinin turizm potensialı zəngindir, rəngarəngdir. Qalır bircə turistlərin həmin yerlərə turlarını təşkil etmək. Artıq ötən illərdə qubalılar da geniş təcrübə toplaya biliblər. Kənd və dağ turizminin ənənələrinin inkişaf etdiyi Qubada bu mövsümdə də insanların istirahəti üçün hər cür şərait yaradılıb.

Akif ƏLİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM