01 Avqust 2018 02:08
523
Fərmanlar
A- A+

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən yaradılmış, müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar (bundan sonra - əqli mülkiyyət hüquqları) sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə Agentliyin əməkdaşları dövlət qulluqçularına bərabər tutulurlar.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri
2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqları sahəsinin səmərəli fəaliyyətini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarını qorumaq, sözügedən sahədə bilikləri və informasiya cəmiyyətinə təsiri artırmaq və bu nizamnamədə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən əqli mülkiyyət hüquqlarının tənzimlənməsi ilə bağlı qabaqcıl prinsip və standartları əsas götürməkdir.
2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.2.2. əqli mülkiyyət hüquqları sahəsində tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.2.3. əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq və bununla bağlı müvafiq tədbirlər görmək;
2.2.4. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək;
2.2.5. əqli mülkiyyət hüquqlarının obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizasını və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını aparmaq, mühafizə sənədlərini vermək və müvafiq məlumatların dərcini həyata keçirmək, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;
2.2.6. əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsi sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatları qeydiyyatdan (akkreditasiyadan) keçirmək, patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq;
2.2.7. informasiya cəmiyyətinin, o cümlədən rəqəmsal informasiya texnologiyalarının və elektron ticarətin inkişafının dəstəklənməsi məqsədilə rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunmasını və idarə olunmasını təşkil etmək;
2.2.8. əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək;
2.2.9. ali təhsil və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşmasına, əqli fəaliyyət nəticələrinin və innovasiya texnologiyalarının kommersiyalaşdırılmasına dəstək məqsədilə, həmçinin kommersiyalaşdırılma və texnologiyaların transferinin infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək;
2.2.10. əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin etmək və o cümlədən bu sahədə beynəlxalq mübadiləni və əməkdaşlığı həyata keçirmək;
2.2.11. əqli mülkiyyət hüquqları mədəniyyətinin formalaşmasında iştirak etmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
3.1.3. əqli mülkiyyət hüquqlarının mədəni, sosial və iqtisadi rolunun təhlilini aparmaq, əqli mülkiyyət hüquqları sahəsinin inkişafına dair təkliflər hazırlamaq və aidiyyəti orqanlara təqdim etmək;
3.1.4. əqli mülkiyyət hüquqları sahəsində mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, ictimai birliklərin, o cümlədən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların və digər hüquqi şəxslərin (hüquq sahiblərinin və istifadəçilərin), həmçinin patent müvəkkillərinin fəaliyyətini əlaqələndirmək;
3.1.5. hüquq sahiblərinə keyfiyyətli və səmərəli xidmət göstərmək üçün tədbirlər görmək;
3.1.6. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.7. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və YUNESKO-nun əqli mülkiyyətlə bağlı qərar və tövsiyələrinin müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün tədbirlər görmək, beynəlxalq təşkilatların əqli mülkiyyətə dair sorğularını cavablandırmaq, onlarla təcrübə mübadiləsi etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli təhlillər aparmaq və tədbirlər həyata keçirmək;
3.1.8. Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən, Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrdən), ənənəvi biliklərdən və digər qeyri-maddi mədəni irs nümunələrindən, digər əqli mülkiyyət hüquqları obyektlərindən xaricdə qanunsuz istifadə zamanı hüquqların qorunması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq və müvafiq tədbirlər görmək, habelə xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə olunarkən qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı tədbirlər görülməsi barədə təkliflər vermək;
3.1.9. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin Azərbaycan xalqına məxsus olması barədə kitablar, broşürlər nəşr etmək, müxtəlif təbliğat vasitələri hazırlamaq, beynəlxalq konfranslar, seminarlar, “dəyirmi masa”lar təşkil etmək;
3.1.10. Agentliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair qiymət siyasətinin formalaşmasında (o cümlədən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ödəyəcəyi illik haqqın məbləğinin müəyyənləşdirilməsində) iştirak etmək;
3.1.11. qanunvericiliyə uyğun olaraq əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların tanınması barədə vəsatətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin, məlumat toplularının və inteqral sxem topologiyalarının (bu nizamnamənin məqsədləri üçün - müəlliflik hüququ obyektləri), Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin orijinallığının müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təşkil etmək;
3.1.12. müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatını təşkil etmək, müəlliflik hüququ obyektləri və hüquq sahibləri barədə məlumatları dövlət reyestrlərinə daxil etmək, qeydiyyatdan keçirilmiş müəlliflik hüququ obyektlərinin hüquq sahiblərinə dövlət qeydiyyatı haqqında müvafiq şəhadətnamə vermək, bu obyektlərin uçotunu, inventarlaşmasını və saxlanmasını təmin etmək;
3.1.13. müəlliflik hüququ obyektlərinə hüquqların keçməsi və verilməsi barədə sənədləri qeydiyyata almaq və müvafiq dəyişiklikləri dövlət reyestrlərinə daxil etmək, dövlət reyestrlərinə daxil edilmiş müəlliflik hüququ obyektlərinin qeydiyyatı haqqında informasiyanı dərc etmək;
3.1.14. ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər (bu nizamnamənin məqsədləri üçün - sənaye mülkiyyəti obyektləri) barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını təşkil etmək, sənaye mülkiyyəti obyektlərini qeydiyyata almaq, patent və ya şəhadətnamələr vermək, onların qüvvədə saxlanılması üçün müvafiq tədbirlər görmək, sənaye mülkiyyəti obyektlərinin dövlət reyestrini aparmaq və bu obyektlər barədə dövlət reyestrlərinə daxil edilmiş məlumatları dərc etmək;
3.1.15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası ərazisində qüvvəsinin tanınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən göndərilən əmtəə nişanları barədə bildirişlərin (iddia sənədlərinin) tabeliyindəki qurum vasitəsilə ekspertizasını aparmaq və ekspertiza nəticəsində qəbul olunmuş qərarların beynəlxalq müqavilə şərtlərinə uyğun Beynəlxalq Büroya göndərilməsini təmin etmək;
3.1.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional sistemlər vasitəsilə sənaye mülkiyyəti obyektlərinin qorunmasına təminat yaratmaq məqsədilə iddia sənədlərini qəbul etmək və tabeliyindəki qurum vasitəsilə ekspertizasını apardıqdan sonra onların Avrasiya Patent İdarəsinə və ya Beynəlxalq Büroya göndərilməsini təmin etmək;
3.1.17. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin dövlət qeydiyyatını təşkil etmək, qeydiyyatdan keçirilmiş həmin obyektlərə dair məlumatları yaratdığı əqli mülkiyyət hüquqları sahəsində milli informasiya sisteminə daxil etmək, onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalq (cəmiyyət) haqqında elektron məlumat bazasını müntəzəm olaraq təkmilləşdirmək və dövlət reyestrlərinin elektron surətinin yenilənməsini təmin etmək;
3.1.18. sənaye mülkiyyəti obyektləri (coğrafi göstərici istisna olmaqla) barədə iddia sənədi və ya qeydə alınmış həmin sənaye mülkiyyəti obyektləri üzrə hüquqların digər şəxslərə verilməsinə dair müqavilələri, onlardan istifadə hüququnun verilməsi ilə bağlı lisenziya müqavilələrini, eləcə də qanunvericiliyə müvafiq olaraq girov müqavilələrini qeydiyyata almaq və onlar barədə məlumatı müvafiq dövlət reyestrinə və mühafizə sənədlərinə daxil etmək;
3.1.19. əmtəə nişanları və coğrafi göstəricilərin dövlət reyestrindən çıxarışlar vermək, dövlət qeydiyyatından keçirilmiş müəlliflik hüququ obyektləri, dövlət reyestrlərində edilmiş dəyişikliklər və qorunma müddətləri bitmiş müəlliflik hüququ obyektləri haqqında, həmçinin müvafiq orqanların sorğularına əsasən, bu obyektlərin Agentlikdə qeydiyyata alınması haqqında zəruri məlumatlar vermək;
3.1.20. qeydiyyat üçün təqdim edilmiş inteqral sxem topologiyalarının qorunma müddətlərinin başlanğıcını müəyyənləşdirmək və istehsalatda istifadə olunan inteqral sxem topologiyalarının və onların istifadəçilərinin uçotunu aparmaq;
3.1.21. ixtiranın, faydalı modelin və sənaye nümunəsinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək;
3.1.22. digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrdən) kommersiya məqsədilə istifadə etməsinə icazə vermək;
3.1.23. Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrdən) satış, yayım obyektlərində, kütləvi tamaşa yerlərində, kabel və efir yayımı təşkilatlarında və rəqəmsal şəbəkələrdə yayım, dərcetmə, kütləvi ifa vasitəsilə və digər istifadə hallarına nəzarət etmək və həmin halların uçotunu aparmaq, qeyri-qanuni istifadə hallarını müəyyənləşdirmək, müvafiq tədbirlər görmək, bununla əlaqədar məhkəmələrdə dövlətin maraqlarını müdafiə etmək və qanun pozuntuları nəticəsində dəymiş maddi ziyanı müəyyənləşdirmək;
3.1.24. qeydiyyata təqdim olunmuş məlumat toplularının müvafiq meyarlara əsasən müəlliflik hüququ və (və ya) xüsusi qorunma hüquqları ilə qorunmalı olduğunu müəyyənləşdirmək, rəsmi qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan açıqlanmamış məlumat toplusu qorunduğu müddətdə açıqlandığı, həmçinin xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna sonradan əhəmiyyətli dəyişikliklər edildiyi hallarda bu topluların qorunma müddətini dəqiqləşdirmək;
3.1.25. qorunma müddəti bitmiş və ictimai varidata keçmiş müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin müəyyənləşdirilməsi və uçotu üzrə iş aparmaq, ictimai varidata keçmiş əsərlər sırasından, əlaqəli dövlət orqanları və yaradıcılıq birlikləri ilə razılaşdırmaqla, dövlət varidatına keçirilməsi məqsədilə əsərlərin seçilməsi və dövlət varidatı elan olunması üçün təkliflər vermək;
3.1.26. dövlət varidatına keçmiş əsərlərdən istifadə zamanı müəlliflik hüquqlarının pozulmasına və onların məzmununun təhrif olunmasına qarşı müvafiq tədbirlər görmək, dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını və dövlət büdcəsinə köçürülməsini təmin etmək;
3.1.27. patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq və bu barədə məlumatları özünün rəsmi internet səhifəsində dərc etmək, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində, həmçinin patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə bağlı yaranan mübahisələrə baxan apelyasiya şurasını yaratmaq və onun fəaliyyətini təmin etmək;
3.1.28. əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatları qeydiyyatdan (akkreditasiyadan) keçirmək, onların fəaliyyətinə nəzarət etmək, həmin təşkilatların fəaliyyəti ilə bağlı təkliflər vermək;
3.1.29. əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatların Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısını və təqdimolunma formasını müəyyənləşdirmək, həmin təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi ilə bağlı əsaslandırılmış irad və təklifləri olduqda, onları müvafiq qaydada təqdim etmək;
3.1.30. müəlliflər və digər hüquq sahibləri ilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların mübahisəli münasibətlərini tənzimləmək, bu təşkilatların ictimai birliklərinin təmsil etdikləri müəlliflərin və digər hüquq sahiblərinin müraciətlərinə baxmaq;
3.1.31. əmlak hüquqlarının idarəçiliyini kollektiv əsasda idarəetmə təşkilatlarına verməmiş müəlliflərin əsərlərini həmin təşkilatların istifadəyə verməsi aşkarlandığı və müəlliflər üçün yığdıqları qonorardan ayırmalar barədə qəbul etdikləri qərarlar müəlliflərin maraqlarına zidd olduğu hallarda həmin hərəkətlərin dayandırılmasını və qərarların ləğv olunmasını tələb etmək;
3.1.32. qanunla müəyyən edilmiş hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını (akkreditasiyasını) ləğv etmək;
3.1.33. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət göstərmədiyi sahələrdə müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirmək, bu halda istifadəyə görə qonorarı müvafiq qaydada yığmaq və hüquq sahiblərinə çatdırmaq, xarici ölkələrin müəlliflərinin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə müvafiq təşkilatlarla əlaqələr qurulmasını, bu sahədə əməkdaşlıq haqqında sazişlər bağlanmasını, Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınmasını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
3.1.34. əqli mülkiyyət hüquqları sahəsində hüquqi maarifləndirmə işi aparmaq, beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirmək, müəlliflərə və digər hüquq sahiblərinə pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquqi məsləhətlər vermək;
3.1.35. əqli mülkiyyət obyektlərindən istifadə ilə bağlı sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət hüquqları obyektlərindən qanunsuz istifadəyə və piratçılığa qarşı tədbirlər görmək;
3.1.36. Azərbaycan Respublikasının ərazisində buraxılan kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə və audio-video yazılara beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil etmək və həyata keçirmək, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının hazırlanmasını təmin etmək və onları istifadəçiyə vermək, nəzarət markaları yapışdırılaraq yayılmasına nəzarət etmək, bu obyektlərin dövlət reyestrini aparmaq, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirmək;
3.1.37. əqli mülkiyyət hüquqları sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.38. rəqəmsal şəbəkələrdə müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə nəzarət etmək, hüquqların pozulduğu, o cümlədən hüquqlardan istifadəyə qoyulmuş məhdudiyyətləri təmin edən texniki müdafiə vasitələrinin qeyri-qanuni dağıdıldığı, eləcə də hüquq sahibinin razılığı olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın ləğv edildiyi, yaxud dəyişdirildiyi hallarda, hüquq pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi, habelə onlara məxsus informasiya ehtiyatından istifadənin dayandırılması məqsədilə tədbirlər görmək;
3.1.39. qlobal rəqəmsal şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sisteminin yaradılması və istifadəsi ilə bağlı tədbirlər görmək;
3.1.40. pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər hallarda müvafiq məhkəmələrdə iddia qaldırmaq və hüquq sahiblərinin mənafelərini müdafiə etmək, müvafiq dövlət və məhkəmə orqanlarının sorğusu əsasında ekspert rəyləri hazırlamaq, məhkəmədə və digər səlahiyyətli orqanlar tərəfindən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak etmək, əqli mülkiyyət hüquqları sahəsində qanun pozuntuları ilə əlaqədar işlərin uçotunu və təhlilini aparmaq, toplanmış məlumatları sistemləşdirmək;
3.1.41. qanunla qorunan əqli mülkiyyət hüquqları obyektlərindən qlobal rəqəmsal şəbəkələrdə istifadəyə dair monitorinqlər aparmaq, arayışlar hazırlamaq və səlahiyyətli orqanlara təqdim etmək;
3.1.42. elektron ticarət haqqında qanunvericilikdə əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların qorunmasının təkmilləşdirilməsi məqsədilə təkliflər vermək və müvafiq tədbirlər görmək;
3.1.43. əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparmaq, onların inkişafı zamanı meydana çıxan problemləri müəyyən etmək, milli brendlərin yaradılmasının təşviqi ilə bağlı işlər görmək, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görmək, əqli fəaliyyət nəticələri ilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirmək, təhlillər aparmaq və təkliflər hazırlamaq;
3.1.44. əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması məqsədilə əqli fəaliyyət nəticələrinə sərmayə yatıran investorlar üçün təlimlər, treninqlər, “dəyirmi masa”lar təşkil etmək, onlara əqli mülkiyyət hüquqların təminatı ilə bağlı hüquqi məsləhətlər vermək;
3.1.45. elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətinin artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transfer və innovasiyalara dəstək mərkəzlərinin, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması infrastrukturunun (kommersiyalaşdırılma mərkəzlərinin və təsisatlarının) yaradılması ilə bağlı təkliflər vermək və formalaşdırılmasında iştirak etmək;
3.1.46. ali təhsil və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşmasına dəstək məqsədilə həmin müəssisələrin əqli mülkiyyət bölmələrinə nəşrlər təqdim etməklə və təlimlər vasitəsilə yardım göstərmək;
3.1.47. ali təhsil və elmi tədqiqat müəssisələrin əqli fəaliyyət nəticələrinin və innovasiya texnologiyalarının kommersiyalaşdırılmasına xidmət edən start-up layihələrinin yaradılmasının stimullaşdırılması ilə bağlı işlər görmək;
3.1.48. elmi araşdırma, tədqiqat və inkişaf mərkəzlərində əldə olunan əqli fəaliyyət nəticələrinə patent hüququnun əldə olunması üçün Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadənin təşviqi ilə bağlı işlər görmək;
3.1.49. əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsində fiziki və hüquqi şəxslərə metodiki yardım göstərmək;
3.1.50. əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı zərərin iqtisadi dəyərləndirilməsi istiqamətində işlər görmək;
3.1.51. gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqları obyektləri olan mallarda əqli mülkiyyət hüquqlarının pozulmasının müəyyənləşdirilməsində gömrük orqanları ilə əməkdaşlıq etmək, onlarla əlaqəli şəkildə belə faktları ümumiləşdirmək, təsnifatını aparmaq, gömrük orqanlarının sorğusu əsasında əqli mülkiyyət hüquqlarının pozulub-pozulmaması ilə bağlı rəylər vermək;
3.1.52. gömrük sərhədində əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların pozulmasının müəyyənləşdirilməsi üçün gömrük orqanının müraciəti əsasında gömrük orqanı ilə birlikdə tərkibində əqli mülkiyyət hüquqları obyektləri olan malların identifikasiyasının həyata keçirilməsində iştirak etmək, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük orqanı tərəfindən reyestrə daxil edilməsi üçün təkliflər vermək;
3.1.53. əqli mülkiyyət hüquqları ilə qorunan beynəlxalq və milli informasiya texnologiyalarının təhlilini aparmaq, informasiya texnologiyalarının əqli mülkiyyət hüquqlarının obyektləri kimi qorunması vəziyyətini müşahidə etmək və milli səviyyədə qorunması vəziyyətini araşdırmaq, onların qorunmasının beynəlxalq standartlara uyğun olması üçün tədbirlər görmək və yeni informasiya texnologiyaları obyektlərinin qorunmasına dair təkliflər vermək;
3.1.54. əqli mülkiyyət hüquqları sahəsində milli informasiya sistemini yaratmaq, onun operativliyini və beynəlxalq mübadiləsini təmin etmək, qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektləri və onların hüquq sahibləri haqqında elektron məlumat bazasını təkmilləşdirmək və dövlət reyestrlərinin elektron surətinin yenilənməsini təmin etmək, sənaye mülkiyyəti obyektləri üzrə məlumat bankının avtomatlaşdırılmış sistemini yaratmaq və onu mütəmadi təkmilləşdirmək, patent fondunun komplektləşdirilməsi sahəsində zəruri işləri həyata keçirmək;
3.1.55. Agentliyin daxili informasiya-kommunikasiya sistemi çərçivəsində informasiyanın fasiləsiz alınmasını, işlənməsini və ötürülməsini təşkil etmək;
3.1.56. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsi ilə tabeliyindəki qurum vasitəsilə əlaqələri genişləndirmək, informasiya mübadiləsini təşkil etmək və Qlobal Şəbəkənin rəqəmsal kitabxanalarından istifadə etməklə yeniliklər barədə informasiya hazırlamaq;
3.1.57. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin əqli mülkiyyət hüquqları sahəsi üzrə fəaliyyətini əlaqələndirmək, onlar üçün əqli mülkiyyətlə bağlı peşəkar tövsiyələrin və rəylərin hazırlanması məqsədilə tədbirlər görmək;
3.1.58. əqli mülkiyyət hüquqları sahəsində elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.59. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.60. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.61. əqli mülkiyyət hüquqları sahəsində informasiya sisteminin tətbiqini, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.62. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.63. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.64. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.65. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.66. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, əqli mülkiyyət hüquqları sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.67. əqli mülkiyyət hüquqları sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.68. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. əqli mülkiyyət hüquqları sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. əqli mülkiyyət hüquqları sahəsinə nəzarət çərçivəsində yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;
3.2.6. tutduğu dövlət rüsumunun Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsini əldə etmək;
3.2.7. hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrə əsasən, əqli mülkiyyət sahəsi üzrə rəylər hazırlamaq, digər işlər görmək və xidmətlər göstərmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.9. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.14. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək;
3.2.15. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
4.3. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.5.1. Agentliyin fəaliyyətini təşkil etmək;
4.5.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;
4.5.3. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.5.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.5.5. Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.5.6. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.5.7. Agentliyin əməkhaqqı fondunu və işçilərinin əməkhaqlarını bu Nizamnamənin 5.8-ci bəndi nəzərə alınmaqla təsdiq etmək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.5.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.5.9. Agentliyin tabeliyində olan publik hüquqi şəxslərin işçilərinin say həddini təsdiq etmək;
4.5.10. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
4.5.11. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.5.12. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.13. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.5.14. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.5.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.16. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.17. bu Nizamnamənin 3.1.62-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.5.18. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.7-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla). İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.7. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.8. İdarə Heyətinin sədri:
4.8.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.8.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.8.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.8.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.8.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.8.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.8.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.8.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.8.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.8.10. bu nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
4.8.11. Agentliyin əmlakından bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.8.12. bu nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.8.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qruplar yaradır;
4.8.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.8.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.8.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.9. İdarə Heyətinin üzvləri:
4.9.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.9.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.9.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.9.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.9.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.10. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin ilkin nizamnamə fondu 5 000 000 (beş milyon) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Azərbaycan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
5.5. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait Agentliyin fəaliyyətinin təmin edilməsinə yönəldilir.
5.6. Agentlik “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər göstərməsinə (hüquqi hərəkətləri həyata keçirməsinə) görə həmin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə bu nizamnamənin 5.7-ci bəndində göstərilmiş hallarda haqlar tutur. Agentliyin tutduğu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Agentliyin hesabına köçürülür.
5.7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndində, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 13.3-cü maddələrində, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində, “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsində, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Agentliyə ödənilən haqların məbləğləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir.
5.8. İdarə Heyəti sədrinin, İdarə Heyətinin digər üzvlərinin və Agentliyin Aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları, müvafiq olaraq, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, rəhbər müavinlərinin və aparatları işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, təsisçinin səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin bu nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
7.3. Agentlik idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video