Alternative content

21:27 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sərmayə qoyuluşu artır, yeni iş yerləri açılır
Sərmayə qoyuluşu artır, yeni iş yerləri açılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 01.08.2018

 

Qobustanda inkişafı sürətləndirmək üçün bu məsələlərə diqqət artırılıb

 

Respublikamızda müşahidə olunan inkişaf tendensiyası digər bölgələrimizlə yanaşı, müstəqilliyimizin yaşıdı və ən gənc rayonlardan sayılan Qobustanda da hiss edilməkdədir. Konkret olaraq 2018-ci ilin birinci yarısının sosial-iqtisadi göstəricilərinə nəzər yetirdikdə mənzərə bir daha aydınlaşır. Rayonda qazanılan uğurlar silsiləsi nəzəri cəlb edir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda rayonda çoxsaylı layihələr icra edilməkdədir. Bunlara nümunə olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasını, xalça istehsalı emalatxanasını, yun tədarükü və boyaq bitkilərinin tədarükü məntəqələrini göstərmək olar. Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi, mövcud xəstəxana binalarının təmiri və çəkilişi uğurla davam etdirilən 14,5 kilometr uzunluqda Qobustan-Poladlı yolu da bu qəbildəndir.
Şıxzahırlı kəndinin qazlaşdırılmasına və kənddə 96 yerlik modul tipli məktəbin tikintisinə yaxın günlərdə başlanacaq. Əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə cari ildə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun qazılması da nəzərdə tutulub.
Ümumilikdə isə yuxarıda qeyd olunan məsələlərin həlli üçün Prezident İlham Əliyev tərəfindən Qobustana 30 milyon manatdan çox vəsait ayrılıb.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov deyir ki, 2018-ci ilin birinci yarısında, demək olar ki, bütün sahələr üzrə uğurlar qazanılıb. Real olaraq ümumi məhsul buraxılışı 17,7 faiz artıb. O cümlədən kənd təsərrüfatında artım 20 faiz təşkil edib. Bitkiçilikdə 6,2 dəfə çox, heyvandarlıqda isə 1 faiz artım baş verib. Rayonun yerli gəlirləri üzrə mədaxil büdcə proqnozu 103,1 faiz icra olunub. Fiziki şəxslərin əməkhaqlarından gəlir vergisi 1,9 faiz, hüquqi şəxslərin mənfəət vergisi 50,7 faiz artıqlaması ilə yerinə yetirilib.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı məsələləri də nəzarətdə saxlanılıb. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Birinci yarımildə rayonun bir sıra kəndlərində yararsız daşıyıcı elektrik xətt və dirəkləri dəyişdirilib. Qobustan şəhərində “Özünü daşıyan izolyasiyalı naqillərlə” kabelləşmə davam etdirilib. Bununla belə Şıxzahırlı, Ərəbqədim, Nardaran, Göydərə, Nabur, Bəklə və Sündü kəndlərində kabelləşdirmə işlərinə tezliklə başlanılması qərara alınıb.
İnfrastruktur layihələri arasında qazlaşdırma mühüm əhəmiyyət kəsb edir. Hazırda əhali üzrə təbii qazla təminat 93 faizdir. Şıxzahırlı kəndinin qazlaşdırılmasını bu il təmin olunacaq. Bundan sonra rayon üzrə qazlaşdırma 96 faizə çatacaq. Növbəti illərdə Cəngi, Qaracüzlü, Sədəfli və Təsi kəndlərinin də qazlaşdırılmasına diqqət ayrılacaq. Onu da qeyd etmək lazımdır ki, istehlak edilmiş təbii qazın dəyəri birinci yarımillikdə 99,5 faiz ödənilib. Ümumi itki 8,5 faiz təşkil edir ki, bu da normal göstəricidir.
Əhalinin içməli su ilə təminatı məsələləri Qobustan şəhərində öz həllini tapıb. Şəhərdə hər bir ev 24 saat içməli su ilə təmin edilir. Növbəti mərhələdə rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də daxili şəbəkənin qurulması, Xilmilli, Sündü, Nardaran, Şıxzahırlı və Cəyirli kəndlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına nail olunması hədəf götürülür. Onu da qeyd edək ki, cari dövrdə əhaliyə verilmiş suyun dəyəri 99,7 faiz, qeyri-əhaliyə verilmiş suyun dəyəri isə 110 faiz ödənilib.
A.Məmmədov bildirdi ki, rayonda əhalinin sosial müdafiəsi və məşğulluq məsələləri də diqqətdə saxlanılır. Bu ilin birinci yarısında 155 nəfər müvafiq işlə təmin olunub. Özəl təsərrüfatlarda da çoxsaylı müvəqqəti iş yerləri açılıb. 33 nəfər ailə özünüməşğulluq proqramına cəlb edilib.
Xalçaçılıq emalatxanası, yeni xəstəxana binası və uşaq bağçası istifadəyə verildikdən sonra isə rayonda təkcə bu müəssisələrdə 200-dən artıq daimi iş yeri açılacaqdır. Həmin iş yerlərindən 90 faizi qadınlar üçün nəzərdə tutulur.
Dövlət başçısının tapşırığı ilə artıq ənənəvi hal almış əhalinin ümumi dispanserizasiyası və sağlamlığının qorunması tədbirləri bu il də davam etdirilib. Ümumilikdə 24 min 810 nəfər tibbi müayinəyə cəlb edilib. 1104 nəfər ambulator, 81 nəfər stasionar, 178 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib, 4 nəfər əməliyyat olunub.
Rayonda yaşıllıqların artırılmasına xüsusi önəm verilir. Birinci yarımillikdə Qobustan şəhərində, Təklə kəndində yol kənarında, “Aqrolizinq” ASC-nin Qobustan Regional Nümayəndəliyinin həyətində və yol kənarında, Cəngi kəndinin girişində salınan parkda, Bölgə Təcrübə Stansiyasının həyətində ümumilikdə 5 mindən artıq müxtəlif növ ağac, 1500-dən çox qızılgül əkilib.
Artıq rayonda aqroparkın salınmasına da başlanılıb. Orada 200 başlıq cins mal-qara fermasının tikintisi aparılır. Əraziyə elektrik xətti çəkilir. Aqroparka ayrılmış sahədə 300 hektar buğda, 400 hektar arpa əkini aparılıb və biçin yekunlaşıb. Lakin suvarmada çətinliklər yaşandığından aqropark ərazisində məhsuldarlıq bir qədər aşağı olub. Aqroparka 14 kilometr məsafədə yerləşən “Qozluçay” çayından kanalın çəkilməsi və sututarının qurulması zəruridir. Əgər suyun əraziyə gəlməsi təmin edilərsə, burada əlavə 2 min hektar ərazinin əkin dövriyyəsinə cəlb edilməsi mümkündür.
Hazırda özəl investisiyanın cəlb edilməsi hər bir rayon üçün prioritet məsələdir. 2018-ci ilin birinci yarımilində Qobustana 33 milyon 231 min manat özəl investisiya cəlb edilib. Bundan 640 min manat kənd təsərrüfatı, 510 min manat heyvandarlıq, 350 min manat mebel istehsalı, 390 min manat tikinti, 30 min manat ticarət, 850 min manat turizm, 461 min manat isə digər sahələrə qoyulmuş investisiyalardır. Bu sahədə işlər davam etdirilir. Bu layihələr əsasında 76 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsi öz bəhrəsini verir. Məlum olduğu kimi, kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Bununla yanaşı, fermerlərə güzəştli şərtlərlə texnika, toxum, gübrələrin, alaq otları və ziyanvericilərə qarşı vasitələrin pulsuz verilməsi təmin edilir, əkinçilərə yanacaq və motor yağlarına, buğda istehsalına görə subsidiyalar verilir.
Qobustanda sakinlərin fiziki sağlamlığına qayğı da hər zaman diqqətdədir. Buna görədir ki, ilin birinci yarısında rayonda idman sahəsində də bir sıra uğurlar əldə edilib. 4 beynəlxalq, 16 respublika, 14 zona yarışlarında rayondan 379 idmançı iştirak edib. 53 qızıl, 29 gümüş, 48 bürünc olmaqla, ümumilikdə 130 medal qazanılıb. Bundan sonra da rayonda idmanın kütləviliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsi qərara alınıb. Gənclərin vətənpərvərliyinin, dövlətə bağlılığının yüksəldilməsi, zərərli vərdişlərdən uzaq olması üçün lazımi maarifləndirmə tədbirləri daim davam etdirilir.

Əli SƏLİMOV,
“Azərbaycan”