01 Avqust 2018 02:08
100
CƏMİYYƏT
A- A+

Qubadlılılar dövlət siyasətini dəstəkləyirlər

 

Məcburi köçkünlərin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Onlar ölkədə həyata keçirilən çoxsaylı layihələrdən də layiqincə bəhrələnirlər. 1993-cü ilin avqustundan məcburi köçkün həyatı yaşayan qubadlılılar da iqtisadi islahatların həyata keçirilməsində yaxından iştirak edirlər.

Hazırda 37 min 800 nəfər Qubadlı sakini respublikanın 41 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Rayonun 20 min 300 nəfər əmək qabiliyyətli əhalisi var.

Qubadlılıların əksər hissəsi Sumqayıt şəhərində yerləşib. Rayonun icra strukturları, idarə və təşkilatları burada fəaliyyət göstərir. Müxtəlif əraziyə səpələnmiş qubadlılıların  sosial, kommunal , səhiyyə, təhsil və digər məsələləri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri həll etmək üçün icra strukturları xüsusi iş rejimi ilə çalışırlar.

Onu da qeyd edək ki, ölkədə aparılan iqtisadi islahatların uğurlu nəticəsi məcburi köçkünlərin də həyatına müsbət təsir etmişdir. Dövlət başçısının imzaladığı bir sıra fərman və sərəncamlarda məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, sosial məsələlərinin həlli öz əksini tapmışdır.

İndi sənaye sahələrində, tikintidə, neft sektorunda çalışan xeyli məcburi köçkün soydaşımız var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da ildən-ilə artır. Bu, məcburi  köçkünlərin həyatına, dolanışığına müsbət təsir edir. 2018-ci ilin birinci yarısında qubadlılıların məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Son 6 ayda 53 iş yeri açılmışdır. Rayon icra hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli, Xızı rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.

Bunlardan əlavə, rayon icra hakimiyyətinin daxili imkanları hesabına rüb ərzində  xəstələrin müalicəsinə, Böyük Vətən müharibəsi veteranlarının qayğılarının həllinə və bir sıra digər tədbirlərin keçirilməsinə yardım etmək məqsədilə aztəminatlı ailələrə 40 min 500 manat pul verilmişdir.

Rayonun büdcəsinə yerli gəlirlərdən daxilolma 959 min 414 manat həddində  proqnozlaşdırılsa da, yekun rəqəm 1 milyon 284 min 47 manat olmuşdur.

Rayonun təhsil sahəsində də inkişaf var. Belə ki, IX, XI siniflərdə imtahanlarda iştirak edən 76 şagird fərqlənmə attestatı ilə təltif olunub. Ötən dərs ilində Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlamasında Qubadlı rayonu ali məktəblərə qəbulun nəticələrinə görə birinci yerə layiq görülüb, IX və XI siniflərin nəticələrinə görə isə ilk onluqda qərar tutub.

Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə yüksək səviyyədə tibbi xidmət göstərir. 

Bu gün qubadlılılar məskunlaşdıqları ərazidə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə də məşğul olurlar. Rayon kümdarları baramaçılığı inkişaf etdirir. Onlar 578 kiloqram yüksək keyfiyyətli barama istehsal edərək  təhvil veriblər. Payızda Çindən gətiriləcək 8 min tut ağacı tinginin əkilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə rayonda baramaçılığın inkişafı üçün əlavə imkanlar yaradacaq. Rayonda son illər arıçılığın inkişafında da nailiyyətlər qazanılıb. Bu gün arı ailələrinin sayı 5 min 200-ə yaxınlaşıb. Hər il keçirilən yarmarkaya Qubadlı arıçıları yüz kiloqramlarla bal çıxarırlar. Ümumiyyətlə, Bakı və Sumqayıt şəhərlərində təşkil olunan yarmarkalarda Qubadlı fermerlərinin becərdikləri tonlarla məhsul satılır.

Bütün bu və digər məsələlər rayon icra hakimiyyətinin 2018-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən yığıncaqda da ətraflı müzakirə edilib. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yeni şəhərciklərin salınması layihələri  uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi qayğı və diqqət nəticəsində sakinlər yeni mənzillərə köçürülür, yaşayış şəraitləri yaxşılaşır.

Yığıncaqda o da vurğulandı ki, qubadlılılar da bütün ölkə vətəndaşları kimi əmindirlər ki, hərbi gücü gündən-günə artan Azərbaycan dövləti torpaqlarının işğalı ilə barışmayacaq. Çünki dövlət başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı prinsipial və dəyişməz mövqeyi var. Qubadlılılar dövlət başçısının irəli sürdüyü siyasəti dəstəkləyir və bir nəfər kimi işğal altında olan torpaqlarımızın işğaldan  azad olunması yolunda döyüşə hazırdırlar.

 

A.ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video