01 Avqust 2018 01:08
118
SİYASƏT
A- A+

Növbəti hədəf Serj Sarkisyandır?

 

Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbs olunması ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Siyasi qüvvələr Koçaryanın həbsinə birmənalı münasibət bildirərək onun azadlıqdan məhrum edilməsini qanunauyğun nəticə kimi qiymətləndirir. Öz növbəsində Koçaryanın təmsil etdiyi Ermənistan Respublika Partiyası (ERP) da haray-həşir qoparmaqda davam edir. 

ERP daha bir bəyanat yayaraq yenidən eks-prezidentin həbsindən narahatlığını ifadə edərək bildirmişdir ki, bu hadisə cəmiyyətdə parçalanmaya gətirib çıxara bilər. Partiya həmçinin bəyan etmişdir ki, məsələni beynəlxalq qurumlarda qaldıracaq.
20 il hakimiyyətdə olmuş ERP-nin bir-birinin ardınca iki oxşar bəyanatla çıxış etməsi ictimaiyyətin diqqətini başqa bir məqama yönəldir. Məsələ burasındadır ki, partiyanı ikinci bəyanat yaymasına nə vadar edib? ERP bu dəfə də Koçaryanı, yoxsa başqa bir eks-prezidenti - Serj Sarkisyanı müdafiə etmək məqsədi güdür? Yoxsa məqsəd hansısa üçüncü qüvvəni dəstəkləməkdir?
Belə bir vəziyyətdə ERP-nin özünün mahiyyəti araşdırılır. Partiyanın bəyanatları ilə məhz özünü müdafiə etmək cəhdi o qədər də ağlabatan görünmür. ERP hakimiyyətdə olduğu illər ərzində qanunçuluğu müdafiə etsəydi, elə bu gün də hakimiyyətdə qalardı və məxməri inqilab vasitəsilə hakimiyyəti dəyişdirməyə ehtiyac olmazdı. Əslində hakim partiyanın özünün daxilində illər boyu mübarizə gedirdi. ERP iki seqmentə - Koçaryan və Sarkisyan seqmentlərinə bölünmüşdü. Koçaryan hakimiyyətdən gedəndən sonra Sarkisyan sələfinin partiyada nüfuzunu heçə endirmək üçün əlindən gələni etmişdir. Lakin Sarkisyan hakimiyyətlə vidalaşdıqdan sonra məlum oldu ki, onun partiyanı tamamilə özünə tabe etdirmək səyləri o qədər də səmərəli olmamışdır. Belə olmasaydı, o, “Nikol haqlı idi, mənsə səhv etmişəm” mesajı verməzdi, aprelin 25-dən mayın 1-dək əvvəlcə Karen Karapetyan, ardınca isə Robert Koçaryan partiyada hakimiyyəti ələ keçirmək cəhdi göstərməzdilər.
Nəticə etibarilə hazırda ERP-nin iki bəyanatı fonunda partiyanın hansı istiqamətə yönəlmək məqsədi müzakirə mövzusuna çevrilmişdir. Bəzi yerli müşahidəçilər ehtimal edirlər ki, partiya ardıcıl bəyanatlar verməklə həm Koçaryanı, həm Sarkisyanı, həm də partiyanın özünü müdafiə etmək istəyir. Çünki Koçaryan ötən ayın 26-da bəyanat verərək açıqca xəbərdarlıq etmişdi ki, cəhənnəmə təkcə getmək fikrində deyil, hamı birgə müdafiəyə keçməsə, əvvəlki həmfikirlərini özü ilə aparacaq.
Lakin birgə müdafiə taktikası seçib onu reallaşdırmaq elə də asan deyil. Ona görə də bir sıra ekspertlər hesab edirlər ki, ERP-nin ikinci bəyanatı Serj Sarkisyanın müdafiəsinə yönəlmişdir. Onların fikrincə, Koçaryanın taleyi artıq həll olunmuşdur və ona görə də “siyasi meyit”in naminə çalışmağa dəyməz. İndisə Domokl qılıncı məhz Sarkisyanın başı üstündədir. Odur ki, bütövlükdə partiyanı xilas etmək üçün Sarkisyanı dəstəkləyib quruya çıxarmaq sərfəli olar.
Amma o da faktdır ki, Sarkisyanın Koçaryanın taleyini bölüşməkdən qurtulmaq şansı elə də böyük deyil. Çünki həm Koçaryan, həm də Sarkisyan hakimiyyətdə olduqları illərdə qanunsuzluqla yadda qalmışdılar. Oliqarxik idarəetmə sistemi onların hər ikisinə xas idi. Ölkədə insan hüquqlarının kütləvi şəkildə pozulması, milli iqtisadiyyatın dözülməz vəziyyətə düşməsi, vətəndaşların vətəni tərk etmək məcburiyyətində qalması hər iki eks-prezidentin qoyub getdiyi ağır miras idi. Bu mirasa görə həm Koçaryan, həm də Sarkisyan məsuliyyət daşımalıdırlar.
Yaxın vaxtlarda Yerevan merinin seçilməsi nəzərdə tutulur. İndiyədək paytaxtı iki eks-prezidentin əlaltıları idarə edirdi. Mer seçkiləri ərəfəsində ictimaiyyətin diqqətini əvvəlki paytaxt rəhbərlərinin fəaliyyəti cəlb edir. Belə bir məqam vurğulanır ki, Koçaryan 1998-ci ildə hakimiyyətə gələn kimi Yerevanı “işğal etmişdir”. 2001-2009-cu illərdə paytaxt meri vəzifəsini bir-birinin ardınca kriminal-oliqarxik sistemin iki ən rüşvətxor nümayəndəsi - Robert Nazaryan və Yervar Zaxaryan tutmuşdu. Yerevan sakinləri onların hakimiyyəti illərində Koçaryan və onun kriminal ətrafının bitməz-tükənməz acgözlüyünü, geniş korrupsiya şəbəkəsinin fəaliyyətini öz üzərlərində hiss etmişdilər. Eks-merlərin başlıca işi cinayət yolu ilə toplanmış pulu yumaqdan ibarət idi. Cinayətkarlıq xüsusilə paytaxtda aparılan inşaat işlərində vüsət almışdı. O dövrdə sakinlər müasir binaların tikilməsi bəhanəsi ilə evlərindən qovulub çıxarılmışdılar. Onların bir çoxu müvafiq olmayan kompensasiya üzündən hələ də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib öz hüquqları uğrunda mübarizə aparmalı olur. Nəticə etibarilə Koçaryan və onun əlaltı merlərinin qanunsuz hərəkətlərinə görə Ermənistan cəmiyyəti Avropa məhkəməsinin qərarlarına uyğun olaraq pul ödəməli olur.
Sarkisyanın təyin etdiyi əlaltı merlər də paytaxt əhalisinə az divan tutmamışdılar. Mer seçkiləri formal xarakter daşıyırdı, çünki ölkə mahiyyət etibarilə qeyri-konstitusion rejimdə yaşayırdı. Mer məsələsini şəxsən Sarkisyanın özü həll edirdi. Onun hakimiyyəti illərində keçirilmiş mer seçkiləri kütləvi seçkiqabağı rüşvətxorluq, inzibati resurslardan total sui-istifadə ilə müşayiət olunurdu. O vaxt “seçilmiş” merlər kriminal oliqarxiyanın müəyyən seqmentlərini təmsil edirdilər. Şəhərin idarə edilməsi tamamilə korrupsiya sistemi məntiqinə tabe edilmişdi. Sarkisyanın hakimiyyəti illərində hətta yerli özünüidarəetmə təsisatının muxtariyyətindən söhbət gedə bilməzdi. Təsadüfi deyil ki, məxməri inqilabdan sonra ERP-nin üzvü olan merlərin, demək olar ki, hamısı istefaya çıxdı.
Bütün bu səbəblərə görə ERP-nin özünü qoruyub saxlamaq üçün Sarkisyanın taleyindən narahat olması tamamilə təbiidir. Amma deyəsən, qatar artıq yola düşmüşdür. Odur ki, Koçaryanın ardınca Sarkisyan barədə həbs qərarının çıxması gözlənilməz olmaz və qanunauyğun sayılar.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video