Alternative content

01:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib
Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
09:07 31.07.2018

İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak ediblər.

Mərasimin aparıcıları Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Əməkdar Artist Cahangir Qurbanov və Rəna Qurbanova Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd edən Azərbaycanda keçirilən bu yarışın əhəmiyyətini yüksək qiymətləndiriblər. Aparıcılar “Dəniz kuboku-2018”in Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafında rolundan söz açıblar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının, incəsənət ustalarının və matrosların iştirakı ilə Azərbaycanın tarixi və milli adət-ənənələrini əks etdirən etnoqrafik etüdlər təqdim edilib.

Sonra “Dəniz kuboku-2018” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Yarışın baş hakimi 1-ci dərəcəli kapitan Həbib Xəlilovdur.

Müsabiqə iştirakçıları - Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrın müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.

IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2018” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2018” müsabiqəsinin bayraqları dalğalandırılıb.

Mərasimdə çıxış edən “Dəniz kuboku - 2018” müsabiqəsinin təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov tədbirin əhəmiyyətindən danışıb.

Nizam Osmanov deyib: “Artıq bir neçə gündür ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikasının və Qazaxıstan Respublikasının gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku-2018” müsabiqəsində iştirak etmək üçün Vətənimizə gəlib. Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. İlk gündən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandaları Beynəlxalq Ordu Oyunlarında iştirak edərək xalqımızı və ordumuzun şəxsi heyətini nailiyyətləri ilə sevindirir. Keçən il Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası “Dəniz kuboku-2017” müsabiqəsində qalib gələrək Rusiya Federasiyası Xəzər Dənizi Flotiliyasının komandası ilə birinciliyi bölüşüblər. Tankçılarımız, artilleriyaçılarımız, aşpazlarımız və snayperlərimiz də müvafiq müsabiqələrdə fərqləniblər. Bu il də komandalarımız Rusiya, Qazaxıstan və Belarus poliqonlarında keçirilən beş növ üzrə müsabiqədə öz güclərini sınayırlar".

Müsabiqənin təşkilat komitəsinin sədri bildirib ki, “Dəniz kuboku-2018” ölkəmiz və xalqımız üçün əlamətdar bir vaxtda keçirilir. Biz bu il Şərqin ilk demokratik Cümhuriyyəti olan Azərbaycan Respublikasının və Silahlı Qüvvələrimizin 100 illik yubileylərini təntənə ilə qeyd etdik. Yubileylər ilində Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan Respublikası Hərbi Dəniz qüvvələrinin müsabiqə iştirakçılarını salamlamaq hər birimiz üçün xoşdur. Təşkilat Komitəsinin sədri kimi bildirirəm ki, IV Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsinin şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar. Onların Vətənimizdən xoş təəssüratlarla ayrılacağına əminəm”.

Nizam Osmanov vurğulayıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi “Dəniz kuboku-2018” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara müdafiə nazirinin təbrikini çatdırıb.

Kərim Vəliyev deyib ki, artıq ikinci ildir Xəzər dənizinin Azərbaycana aid hissəsində “Dəniz kuboku” müsabiqəsi keçirilir. Beynəlxalq Ordu Oyunlarının yarış növlərinin, komandaların sayının hər il artması və keçirilmə coğrafiyasının genişlənməsi bu oyunların əhəmiyyətinin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə reallaşan Beynəlxalq Ordu Oyunlarına xüsusi önəm verir.

"Əminəm ki, keçirilən yarışlar hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər, iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq. Eyni zamanda, “Dəniz kuboku” müsabiqəsi bütün iştirakçılara ölkəmizi daha yaxşı tanımaq, tarixi yerləri, abidələri görmək və xalqımızın adət-ənənələri ilə tanış olmaq imkanı yaradacaq. Yarışlar döyüş hazırlığı baxımından da böyük əhəmiyyət daşıyır. Birgə keçirilən bu oyunlar hərbi təlimlərdən heç də geri qalmır, hətta onları üstələyir. Yarış zamanı iştirakçıların üzərinə böyük məsuliyyət düşür. Hər mərhələdə hər bir iştirakçının peşəkarlığı və praktiki qərar verməsi tələb olunur", - deyə Kərim Vəliyev qeyd edib.

Nazir müavini diqqətə çatdırıb ki, birincilik əldə etmək üçün komandaların şansları bərabərdir: “Mən inanıram ki, bütün iştirakçılar hərbi vərdişlərini və məharətlərini yüksək səviyyədə nümayiş etdirəcək, əvvəlki illərdə olduğu kimi, yarışlar səmimi dostluq və qardaşlıq mühitində keçəcək. “Dəniz kuboku”nda ölkələrini təmsil etmək şərəfinə nail olmuş komanda üzvlərinə yüksək nəticələr və uğurlar arzulayıram. Güclü olan qalib gəlsin”.

Kərim Vəliyev “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.

Mərasimdə incəsənət ustalarının, Azərbaycan Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Qara Dəniz Donanmasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.

“Dəniz kuboku-2018” beynəlxalq yarışlarının açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində, ümumilikdə, 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku–2018” müsabiqəsinə müşahidəçi qismində qatılıblar.