31 Iyul 2018 12:07
441
İDMAN
A- A+

İLHAM ƏLİYEV nümunəsi

 

Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət alır

 

Atletlərimizin bütün idman növləri üzrə son 6 olimpiadada qazandıqları 44 medalı aşağıdakı kimi qruplaşdırmaq olar:

Güləş: 23 medal (4 qızıl, 8 gümüş, 11 bürünc)
Boks: 8 medal (1 gümüş, 7 bürünc)
Cüdo: 4 medal (1 qızıl, 2 gümüş, 1 bürünc)
Taekvondo: 3 medal (1 qızıl, 2 bürünc)
Avarçəkmə: 2 medal (1 gümüş, 1 bürünc)
Stend atıcılığı: 3 medal (1 qızıl, 2 bürünc)
Ağırlıqqaldırma: 1 medal (1 bürünc)

İdmançılarımız dünyanın ən mötəbər yarışlarında uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Yüksək nailiyyətlər qazanılan yarışlar içərisində ən nüfuzlusu isə dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - yay olimpiya oyunlarıdır. Dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən olimpiya oyunları ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Azərbaycanda isə Olimpiya hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır.

 

İdmanın sürətli yüksəliş dövrü

 

Müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət və laqeyd münasibət digər sahələr kimi, idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı.
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci il iyulun 31-də yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.
Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli addım atıb. MOK ilk növbədə mövcud durumu düzgün qiymətləndirib, idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməyə başladı. Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı.
Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib idi. Qarşıya çıxan bütün problemləri bacarıqla dəf edərək, İlham Əliyev Olimpiya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl və səmərəli qurulmasını müəyyənləşdirdi. Beynəlxalq əlaqələrin möhkəmlənməsi bu sistemin mütləq tərkib hissəsi olmalı idi. Çünki bəşəri mahiyyətli olimpiya ideyalarına söykənərək beynəlxalq münasibətlər və mübadilə sistemində möhkəm yer tutmaqla tək idmanda deyil, hər sahədə Azərbaycanın dünyəvi imicini yüksəltmək lazım gəlirdi.
Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü.
İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, futbol üzrə “Avro-2020”nin final mərhələsinin 4 oyununun Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.

 

Son 18 ildə 43 olimpiya idman kompleksi istifadəyə verilib

 

MOK-un fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi. Ölkədə idmanın sürətli inkişafını təmin etmək və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın vəziyyətində dönüşün əsası qoyuldu.
MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başladı və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk olimpiya kompleksinin açılış mərasimi oldu. Paytaxtdan başlayan quruculuq bölgələrə doğru istiqamətləndi. Bölgələrdə olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi idman hərəkatının tərəqqisi üçün çox önəmli rol oynayır.
Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 43 olimpiya idman kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.
Fərəhli haldır ki, respublikamız hazırda Avropada ən böyük idman qurğularına sahibdir. Belə ki, 2015-ci və 2017-ci illərdə paytaxtımızda təşkil olunan Avropa və İslam Həmrəyliyi Oyunlarında bir-birindən möhtəşəm yarışlara evsahibliyi edən 18 arena (Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sarayı, “Baku Crystal Hall”, Mingəçevir “Kür” Olimpiya Tədris İdman Mərkəzi, BMX Veloparkı, Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, Bilgəh çimərliyi, Şose) maraqlı idman mübarizələrinin şahidi oldu.

 

6 olimpiada, 44 medal

 

İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. 199 ölkənin qatıldığı XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə iştirak edirdi.
Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu. Komandamıza ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi.
Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. “Sidney-2000” Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu. İki qızıl və bir bürünc medal qazanan Azərbaycan medal alan ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı.
“Afina-2004” Olimpiya Oyunlarında Azərbaycan idmanı yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya Oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı.
Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, “Sidney-2000” Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.
Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.
XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 idman növündə 44 atletlə təmsil olunurdu. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar.
Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl ipponla qalib gələn E.Məmmədli həlledici matçda koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə ən güclü oldu. Gümüş medalları Yunan-Roma güləşində Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) qazandı.
Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.
London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 10 medal qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdə idi.
Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç güləşçimiz Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirə respublikamız 56 idmançı ilə qatılmışdı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu.
Sevindirici haldır ki, buna kimi iştirak etdiyimiz son 5 olimpiadada qazanılan medallar 5 idman növündə qeydə alınmışdırsa, bu dəfə say 7-yə yüksəldi. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma, avarçəkmə (kayak və kanoe) və taekvondodur. İdmanın ayrı-ayrı növlərinə gəlincə, başa çatmış Olimpiya Oyunlarında ən çox güləş (14 lisenziya), boks (11 lisenziya), cüdo (6 lisenziya) və taekvondo üzrə yarışlarda (4 lisenziya) təmsil olunmuşduq. Əldə edilən nəticələr isə bir-birindən fərqlidir.
Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı pəhləvanlar (Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular.
Cüdoçular bu dəfə etimadı doğrultdular. Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.
Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan teakvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan biri olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına seviniblər.
Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə etdi.

Mötəbər turnirlərin dəyişilməz ünvanı

 

Bu gün dünyanın ən nüfuzlu beynəlxalq idman yarışlarının təşkili ölkəmizə böyük imic qazandırıb. “Bakı-2015” ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.

Son üç ilə nəzər yetirdikdə isə ən böyük idman hadisələrindən biri sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 il davam etdirilən yüksək səviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.
Nümunəvi və qüsursuz təşkilatçılığı, möhtəşəm açılış və bağlanış mərasimləri ilə yaddaqalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bunun bir daha şahidi olduq ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.
Ötən il mayın 12-22-də isə Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyündü. Yarış günlərində paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla, 162 medal qazanaraq 1-ci yeri tutdular. Prezident İlham Əliyevin idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi onlara verilən ən böyük mənəvi dəstək idi. Tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu və sevinclə uğurlarımızı alqışlayıb, qürur hissi yaşadılar.
Ölkəmiz artıq dünyanın ən mötəbər yarışlarından olan “Formula-1” Azərbaycan Qran-prisinə də evsahibliyi edir. Bu il aprelin 27-29-da Bakı planetin bir nömrəli avtomobil yarışını sayca 3-cü dəfə qəbul etdi. Maraqlı və gərgin keçən yarışın yekununda “Mercedes” komandasının üzvü Luis Hamilton 1 saat 43 dəqiqə 44,291 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yeri “Ferrari” komandasının sürücüsü Kimi Raikkonen, üçüncü yeri isə “Force India” komandasının pilotu Serxio Peres tutdu.

Elçin CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video