Alternative content

12:12 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
10:07 30.07.2018

Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Bu barədə AZƏRTAC Şuranın Katibliyindən məlumat verilib.

Məlumatda deyilir: “Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.

Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.

Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaq.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən “20 yanvar”, “28 may”, “Nəriman Nərimanov” və “Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

Eyni zamanda, məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir”.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.