Alternative content

20:28 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qeyri-neft sənayesinin inkişafı iqtisadi sabitliyin qarantıdır
Qeyri-neft sənayesinin inkişafı iqtisadi sabitliyin qarantıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 29.07.2018

Qeyri-neft sektorunun inkişafı siyasətinin əsas məqsədi ölkənin neft asılılığını minimuma endirməkdir. Hazırda ölkə üzrə ixracdan gələn gəlirlərin çoxu enerji daşıyıcılarının satışından əldə edilir. Dünya bazarında isə neftin qiyməti sabit olmur. Yüksək qiymətə satıldığı kimi, qəfil də ucuzlaşır ki, bu da maliyyə sabitliyinə ciddi təsir göstərir. Məhz bu səbəbdən dövlət başçısının sənayeləşmə siyasəti xeyli vaxtdır ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub.

 

Nəticədə artıq bir çox qeyri-neft sənaye məhsulları ölkəmizdə istehsal edilir və belə məhsulların xaricdən idxalı, demək olar ki, dayandırılıb. Müsbət cəhət odur ki, bu cür məhsulların idxalının azalması ilə yanaşı, onun ixracı artıb. Düzdür, hələlik bu, istənilən həddə çatmayıb. Lakin buna doğru atılan addımlar müsbət nəticəsiz də qalmır.

Azərbaycanda sənayeləşmə müxtəlif yollarla həyata keçirilir. Yeni müəssisələrin fəaliyyətə başlaması ilə bərabər, sənaye parklarının və məhəllələrinin yaradılması da geniş vüsət alıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatında qeyri-neft sənayesinin inkişafına böyük önəm verdiyini vurğulayaraq demişdir: “Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxındır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır”.

İndiyədək sənaye parklarına 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir. Cari ilin sonunadək isə daha 7 müəssisə istifadəyə veriləcək.

Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanılacaq. Bununla yanaşı, Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələri yaradılır. İlin sonunda istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodunun daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da olacaq.

Onu da qeyd edək ki, ölkədə sənaye parkları yaradılarkən elmi təhlillər aparılır, mövcud tələbat və xammal mənbəyi nəzərə alınır. Bu, texnoparkların yerləşdiyi ərazilərdə istehsal edilən məhsullarda özünü aydın şəkildə büruzə verir. Məsələn, Sumqayıtda kimya məhsullarının istehsal edilməsi daha münasibdir. Çünki bu şəhər Bakıya yaxındır, texnoparkdakı müəssisələrdə xammal kimi neft məhsullarından istifadə edilir. Mingəçevir Sənaye Parkına isə istehsal etdiyi məhsulların xammalı ətraf bölgələrdən gətirilir. Burada xammal əsasən kənd təsərrüfatı məhsullarıdır.

Belə ki, Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində xammal kimi pambıq, barama və yundan istifadə olunur.

Azərbaycanda sənaye parkları ilə yanaşı, sənaye məhəllələri də fəaliyyətə başlayır. Sənaye məhəllələri sənaye parklarına nisbətən kiçikdir. Ona görə də gələcəkdə ölkənin bütün rayonlarında sənaye məhəllələrinin yaradılması nəzərdə tutulub. Bu məhəllələrdə yaradılacaq müəssisələr də əsasən yerli xammaldan istifadə edəcək. Bu, digər sahələrin inkişafına da imkan verəcək. Məsələn, meyvə-tərəvəzi konservləşdirməklə məşğul olan hər bir müəssisə eyni zamanda fermerlərin real alıcısıdır. Yəni kəndli məhsul yetişdirəndə arxayın olacaq ki, onun alıcısı var.

Neftçala Sənaye Məhəlləsində 8 müəssisəyə 45 milyondan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri açılıb. Sevindirici hal odur ki, Neftçala kimi bir əyalət şəhərində yaxın gələcəkdə ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Artıq 100-ə yaxın avtomobilin satışına başlanlıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib. Bununla yanaşı, Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb. Hacıqabul və Sabirabad sənaye məhəllələri isə ilin sonunadək istifadəyə veriləcək.

Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı ölkənin dayanıqlı inkişafının əsas təminatçısıdır. Son vaxtlar görülən işlər nəticəsində ixracda qeyri-neft məhsullarının çəkisinin artması müsbət haldır. Lakin bu sahədə görüləcək işlər də çoxdur. İnkişaf etmiş ölkələrin keçdikləri yola diqqət yetirdikdə görürük ki, bu prosesin başa çatmasına uzun illər lazımdır. Biz isə həmin yolun, demək olar ki, yarısındayıq. Amma şübhə yoxdur ki, həyata keçirilən siyasətin davamı nəticəsində Azərbaycan bu sahədə də qarşıya qoyulan məqsədə nail olacaq.

 

R.KAMAL,

“Azərbaycan”