Alternative content

01:29 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq yay məktəbləri: 20-dək xarici ölkə universitetinin tələbələri burada bir araya gəlir
Beynəlxalq yay məktəbləri: 20-dək xarici ölkə universitetinin tələbələri burada bir araya gəlir
ANA SƏHİFƏ / Təhsil
02:07 29.07.2018

Yay məktəbləri son illər müxtəlif ölkələrdə uşaq və gəncləri bir araya gətirən ümumi vasitəyə çevrilib. Əvvəllər virtual xarakter daşıyan bu vacib məsələ artıq həyat devizi olub. Çünki müxtəlif cəmiyyətlərdə bəşəri düşüncəli gəncliyi bir araya gətirmək artıq vacib faktor kimi özünü göstərməkdədir.

 

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan, düşünülmüş multikulturalizm siyasəti olmadan inkişaf edə bilməz. Bunun bariz nümunələrindən biri Azərbaycandır. Çünki burada milli mədəniyyətə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri qarşılıqlı və tam bərabərhüquqlu yaşayır, öz bilik və bacarıqlarını həm nümayiş, həm də inkişaf etdirirlər. Multikulturalizmdən imtina etmək isə yaxşı heç nə vəd etmir. Bu, bütün dünyada anlaşılmazlığa, müxtəlif fobiya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yol olardı.

Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi tanınması, mövcud multikultural dəyərlərlə əlaqədar layihələrin gerçəkləşdirilməsi prioritet kimi qəbul edilib. Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsinin həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın və regionun bir sıra qabaqcıl ali məktəbləri ilə ikitərəfli danışıqlar aparıb. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı əməkdaşlıq protokolları da imzalanıb.

 

Mərkəzin növbəti yay məktəbi layihəsi də Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisinin məntiqi davamı kimi dəyərləndirilməlidir. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşadıldığı ölkəmizdə özlərinin görüb şahid olmasına şərait yaratmaqdan ibarətdir.

Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşan yay məktəbində 15 ölkənin (Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiya) 18 universitetindən 40-dan artıq tələbə iştirak edib. Ölkəmizdə fəaliyyət göstərən universitetlərdən də yay məktəbi layihəsinə xeyli tələbə qatılıb.

Beynəlxalq multikulturalizm yay məktəbi Bakı ilə yanaşı, Qəbələ, Oğuz, Şəki və Qaxda da fəaliyyət göstərir. Proqrama iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri ilə görüşləri də daxil edilir. Tələbələr “Azərbaycançılıq və etnik rəngarənglik”, “Terror multikulturalizmə qarşı”, “Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər”, “Multikulturalizm Azərbaycan musiqisində”, “Azərbaycanda dini müxtəliflik” mövzularında mühazirələr dinləyib, İsmayıllıda yerli gənclərlə birgə “Dünya ölkələrində multikulturalizm modelləri” adlı “dəyirmi masa”da iştirak ediblər.

Yeri gəlmişkən, ölkəmizin multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xaricdə təbliğini təmin etmək məqsədilə də beynəlxalq “Virtual dəyirmi masa”lar keçirilib. Toplanan materiallar rus və ingilis dillərinə tərcümə olunaraq kitabçalar formasında nəşr edilib. Respublikada mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib reallaşdırmaq, Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətinin təbliği mexanizmini hazırlamaq vəzifələrinin yerinə yetirilməsi məqsədilə nəşr edilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı əcnəbi tələbələr üçün yalnız məlumat xarakterli deyil. Burada həm də xalqımızın milli-mənəvi və mədəni dəyərlərə töhfəsi ilə yaxından tanış ola bilirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların və konfessiyaların, icmaların rəhbərləri ilə keçirdiyi tədbirlərdə Azərbaycan multikulturalizminin xüsusiyyətləri, ölkə rəhbərinin bu sahəyə olan diqqət və qayğısı barədə geniş diskussiyalar aparıb.

Yay məktəblərinin keçirildiyi ünvanlar da müxtəlifdir, təşkilatlar da. Onların arasında dövlət strukturları da var, özəl qurumlar da. Xatırladaq ki, Azərbaycan Dövlət Aqrar Universiteti də 2018-ci ilin 14-28 iyul tarixlərində “Davamlı inkişaf hədəfləri” adlı Birinci Beynəlxalq Yay Məktəbi təşkil edib. Məqsəd yerli və xarici ali təhsil müəssisələrinin bakalavriat tələbələrini bir yerə toplamaqla “Davamlı inkişaf hədəfləri”ni, onların icra vəziyyətini və qlobal əməkdaşlığı müzakirə etməkdir. İngilis dilində təşkil olunan məktəbdə iştirak üçün qeydiyyat, yaşayış və qidalanma ödənişsizdir. İştirakçılar universitetin Tələbə evində yaşayış yeri ilə təmin olunurlar. Yay məktəbində davamlı inkişaf hədəflərinə dair məsələlər müzakirə olunmaqla yanaşı, iştirakçılar üçün Nizami məqbərəsi, Heydər Əliyev Park-Kompleksi, Qala qapıları: Gəncənin Bayraq meydanı, Arxeologiya və Etnoqrafiya Muzeyi, “Zəfər tağı”, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, “İmamzadə” dini kompleksi, Xan bağı, Şah Abbas Məscidi, Göygöl, Maralgöl, Mirzə Şəfi Vazeh, “Xəmsə” parkları, “Gəncəçay” park-bulvar kompleksi və digər diqqətçəkən yerlərə, habelə regionda yerləşən fermer təsərrüfatlarına turlar təşkil edilir.

Ümumiyyətlə, yay məktəbləri ölkənin bir neçə bölgəsini əhatə edir. Tədbirlərin keçirilməsi üçün Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən ən mühüm yerlər nəzərdə tutulur. Ölkəmizin multikultural durumu ilə daha yaxından tanış olmaları üçün tələbələrə Azərbaycan dili, mədəniyyəti, incəsənəti, tarixi və respublikamızda formalaşmış tolerant ənənələr, onların kökləri, bugünkü reallıqlar barədə ətraflı məlumat verilir. Onlar mədəni və dini obyektlərlə tanış olub, müxtəlif görüşlərdə, debatlarda, “dəyirmi masa”larda, mühazirələrdə iştirak edirlər.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”