29 Iyul 2018 01:07
2400
Oxucu məktubları
A- A+

Vətən sənə oğul dedi

Cəbhə bölgəsində doğulub boya-başa çatan, erməni vəhşiliyini həm görüb, həm də eşidənlərdən biri də 1989-cu ildə dünyaya göz açan Nicat Bəhruz oğlu İsgəndərov idi.

 

Nicatın atası Bəhruz kişi dülgər, anası Maya xanım evdar qadındır. Maya xanım hər dəfə söhbət düşəndə deyir ki, Nicat sanki ömrünün qısa olacağını bilirdi. 27 illik həyatında həm övladlıq borcunu, həm də Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün tələsirdi. Hətta bir neçə günlüyə evə gələndə belə hərbi geyimini əynindən çıxarmaq istəmirdi.

Bu fikirləri cəsur hərbçinin döyüş yoldaşı Emin də təsdiqləyərək dedi ki, Nicat taqım komandiri idi. Yaxşı yadımdadır, 2016-cı il aprel ayının 1-də axşam tərəfi ona zəng gəldi. Bir an içində gözlərində alov parladı. Sifətində həyəcanla bərabər, sevinc hisslərini də gördük. Əvvəlcə elə bildik ki, evdən şad  xəbər eşidib. Amma bu başqa xəbər idi. “Döyüşə hazır ol!” tapşırığı.

Nicat can atdığı döyüşdə vətən borcunu şərəflə yerinə yetirdi. Çox təəssüf ki, Tərtərə şəhid kimi döndü.

Ölümündən sonra birinci dərəcəli “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər şəhərinin mərkəzi küçələrindən birinə adı verilib, barelyefi vurulub.

2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə tərtərlilər də yuxudan top atəşinə oyandılar. Şəhərdə dağıntılar vardı. Hamı evdən çıxıb, bir-birindən xəbər tutur, vəziyyəti öyrənməyə çalışırdı.

Beləcə, nigarançılıq içində səhər açıldı. Amma bu səhər xalqımıza nigarançılıqdan daha çox sevinc gətirdi. “Qələbə” sözü dildən-dilə gəzdi. Təhlükə, həyəcan hissləri yoxa çəkildi. İnsanlar erməni istehkamlarının darmadağın edilməsi, qoşunlarımızın irəliləməsi xəbərini bir-birinə çatdırır, sevinclərini gizlədə bilmirdilər.

Xalqımız şəhid ailələrini tək qoymurdu. Elə həmin aprel günlərində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın adından Heydər məscidində aprel şəhidlərinin ruhuna ehsan verildi. Bu, sadəcə ehsan deyildi. Bu, bir ananın, böyük qəlb sahibinin yaralı ürəkləri ovundurması idi. O anlarda şəhid anaları, bacıları, həyat yoldaşları hiss etdilər ki, bizim Vətənimiz bir, torpağımız bir olduğu kimi, dərdimiz də birdir. Bu dərdi qürurla çəkməliyik.

Görüşdə Nicat İsgəndərovun anası Maya xanım da iştirak edirdi. Maya xanım o günləri belə xatırlayır:

- Mehriban xanım hər birimizlə ayrı-ayrılıqda görüşdü, təsəlli verdi. Onun ürək sözləri qəlblərimizə məlhəm oldu. Bu mərasim bizi doğmalaşdırdı, sanki bir ailə olduq.

Aprel şəhidlərinin şərəfinə Horadizdə əzəmətli abidə ucaldılıb. Hər il aprel ayında burada böyük tədbir keçirilir. Nicatın valideynləri də mərasimdə iştirak edir, onun döyüş yoldaşları, digər şəhid ailələrinin üzvləri ilə görüşürlər. Maya ana deyir ki, builki  görüşdə Lələtəpəyə Azərbaycan bayrağını sancan general Mais Bərxudarov özü bizi qəbul elədi, bildirdi ki, belə igid oğulların sayəsində indi Cocuq Mərcanlıda rahat yaşayan sakinlər kənddə qəhrəmanların abidəsinin ucaldılmasını istəyirlər.

Lələtəpəyə gedən yol... İgidlik, qəhrəmanlıq yolu. Qisas yolu. Hələ başa çatmayan  arzuların yolu. İndi bu yola həsrətlə dikilən gözlərdə ağrı, kədərlə yanaşı, qurur var, nikbinlik var. Bu əhval-ruhiyyəni doğuran ölkə rəhbərinin həyata keçirdiyi siyasət sayəsində 100 illiyini qeyd etdiyimiz Azərbaycan Ordusunun gündən-günə artan qüdrətidir. Bəhruz ata, Maya ana əmindirlər ki, bir zaman Lələtəpə fatehlərinin başa çatdıra bilmədikləri işi Azərbaycan Ordusu başa çatdıracaq və bir qarış torpağımız belə işğal altında qalmayacaq.

 

Svetlana BAĞIROVA,

Tərtər şəhəri

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video