Bir vaxtlar “Ən yaxşı hədiyyə kitabdır”, “Kitab bilik mənbəyidir” sözləri tez-tez işlənərdi. Maraqlı kitablar əldən-ələ gəzər, tapa bilməyənlər tanış-bilişdən götürüb oxuyardılar. Çapdan çıxan hər təzə kitab hadisəyə çevrilərdi. O illərin gəncləri yaşa dolandan sonra da kitab oxumağa üstünlük verirlər.
Lerik Ağsaqqallar Şurası bu cəhəti diqqətdə saxlayaraq üzvlərinin mütaliəsi üçün yaxşı şərait yaradıb. Bundan əlavə, şurada yeni nəşrlərin təqdimatları, yazarlarla görüşlər keçirilir, poeziya nümunələrindən lent yazıları dinlənilir, fikir mübadiləsi aparılır. Rayon Ağsaqqallar Şurasının kitab rəflərində 350 nüsxəyə yaxın hədiyyə nəşrlər də var. Buna Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göndərdiyi islama dair nəşrləri, akademik İsa Həbibbəylinin kitablarını, xalq yazıçısı Zəlimxan Yaqubun 13 cildliyini, yazıçı-dramaturq Hüseynbala Mirələmovun roman və povestlərini, Qulammirzə Təbrizinin bağışladığı “Şeirlər toplusu”nu misal göstərmək olar.
Bu günlərdə Lerik ağsaqqalları Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, əməkdar incəsənət xadimi Kəmalə Ağayevadan da 10 kitab hədiyyə almışlar. K.Ağayeva istedadlı tərcüməçi kimi də tanınır. Rus, ukrayna, fransız, özbək, türkmən yazıçılarının şeirlərini dilimizə çevirmişdir.
Kəmalə xanımın göndərdiyi kitablar arasında “Məshəti” pyesi, “Könül verdiyim ellər”, “Apardı sellər Saranı”, “Ay-ulduzlu gülüstanım”, “Vətənə sevdalıyam”, “Bir gül kimi”, “Əlixan məhəlləsi”, “Nuh diyarının heyranı” kitabları da var.
Ruslan İSMAYILOĞLU,
Lerik şəhəri