Müstəqilliyin bərpasından sonrakı illərdə Gədəbəy rayonunda da xeyli abadlıq-quruculuq işləri görülüb. Rayonda yaraşıqlı binalar tikilmiş, göz oxşayan park və xiyabanlar salınmış, təzə yollar çəkilmişdir.
Rayon mərkəzini kəndlərlə birləşdirən yollarda aparılan yenidənqurma işləri sakinlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını rahat şəkildə digər şəhərlərə aparıb satmağa imkan yaratmışdır. Düzdür, əvvəllər də yollar təmir edilirdi, amma o qədər də səmərəsi olmur, qarlı-şaxtalı günlərdə sıradan çıxırdı.
Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu problem öz həllini tapır. Təkcə onu demək kifayətdir ki, son bir neçə il ərzində ümumi uzunluğu 120 kilometrə yaxın yeni yollar çəkilib ki, bu da rayonun 11 min nəfərdən çox sakininin rayon mərkəzinə və ətraf bölgələrə gediş-gəlişini asanlaşdırıb, Slavyanka-Qoşabulaq-Pərizamanlı yolu yenidən qurulur. Artıq bu yolun 18 kilometr hissəsində torpaq işləri başa çatdırılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən bu işləri ilin sonunadək başa çatdırmaq nəzərdə tutulmuşdur.
Bizim Nəriman kəndi Gədəbəy şəhərindən 21 kilometr məsafədə yerləşir. Kənddən rayon mərkəzinə getmək üçün təxminən bir saat vaxt itiririk. Yol istismara verildikdən sonra bu yolu cəmi 10 dəqiqəyə qət edəcəyik. Biz bu işdə əməyi olan hər kəsə “əlin-qolun var olsun” deyirik.
Kaman MƏMMƏDOV,
Gədəbəy rayonunun Nəriman kəndinin sakini