28 Iyul 2018 08:07
363
Elm və texnika
A- A+

AMEA ilə Rusiya Elmlər Akademiyası Ural şöbəsinin Federal Araşdırmalar Mərkəzi arasında müqavilə imzalanıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdədir.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürov daxildir.

Səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

İyulun 27-də Azərbaycan nümayəndə heyətinin Udmurtiya Dövlət Şurasının Rəyasət Heyətinin üzvləri ilə görüşü olub. Görüşdə parlament sədrinin birinci müavini Vladimir Nevostruyev qeyd edib ki, Udmurtiya ilə Azərbaycanı qarşılıqlı hörmətə, əməkdaşlığa və dostluğa əsaslanan uzunmüddətli güclü tərəfdaşlıq əlaqələri birləşdirir. Vladimir Nevostruyev Azərbaycandakı sabitlikdən, ölkəmizdə bütün xalqların nümayəndələri üçün yaradılan bərabər şəraitdən, Azərbaycanın orijinal mədəniyyətindən bəhs edib. O, Azərbaycan Milli Məclisi ilə Udmurtiya Dövlət Şurası arasında müzakirələrin və təcrübə mübadiləsinin aparılması üçün bir çox ümumi mövzuların olduğunu qeyd edib, gələcəkdə səmərəli parlamentlərarası əməkdaşlığa ümid etdiyini bildirib.

İsa Həbibbəyli deyib ki, Udmurtiyaya səfər elmi və informasiya əməkdaşlığı sahəsində yeni perspektivlər açmaq məqsədi daşıyır.

Nümayəndə heyətinin üzvləri Udmurtiya respublikası ərazisində Azərbaycan mədəniyyətinin dəstəklənməsi və inkişafı, milli məsələlərin həllinə diqqət ayırdığı üçün Dövlət Şurasının deputatlarına minnətdarlıqlarını ifadə ediblər.

Sonra Nümayəndə heyətinin üzvləri üçün respublikanın parlament binasında, Parlamentarizm muzeyinin ətrafında ekskursiya təşkil edilib.

Qonaqlar Böyük Vətən müharibəsi zamanı həlak olmuş əsgərlərin xatirəsini yad edərək Udmurtiyanın döyüş və şərəfli əmək abidəsi önünə çiçəklər düzüblər.

Səfər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası Ural şöbəsinin Federal Araşdırmalar Mərkəzi arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Udmurtiya Federal Araşdırmalar Mərkəzinin direktoru Aleksey Borisoviç Seminihin imzalayıblar.

İmzalanma mərasimində İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan və Udmurtiya arasında münasibətlər birgə tədqiqat proqramlarının, layihələrin, elmi məlumatların, ədəbiyyat və biblioqrafik nəşrlərin mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqat qruplarının formalaşdırılması, birgə beynəlxalq konfransların, seminarların, simpoziumların və tərəflərin razılığı ilə qarşılıqlı fayda doğuran digər tədbirlərin təşkili üçün bərabərlik, tərəfdaşlıq və qarşılıqlı faydalılıq əsasında, dostluq, etimad və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək.

Müqavilənin imzalanması mərasimində REAUrŞ-nin Federal Araşdırmalar Mərkəzinin Udmurtiya Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini L.N. Bexterev, elm və təhsil nazirinin müavini İ.Q.Kroxina, respublika milli siyasət nazirinin müavini N.N.Mamayev, Kamsk Humanitar və Mühəndis Texnologiyaları İnstitutunun rektoru, professor V.A.Nikulin, həmçinin alimlər, elmi işçilər və “Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzinin nümayəndələri iştirak ediblər.

Daha sonra qonaqlar dünyaca məşhur “Buranovskiye babuşki”nin qonağı olublar. "Buranovskiye babuşki” muzeyində olan nümayəndə heyətinin üzvləri 200 illik tarixə malik yaylıqlar, xalq çalğı alətləri kolleksiyası, müxtəlif əşyalar və artistlərin tədbirlərdə qazandığı mükafatlara baxıblar.

“Buranovskiye babuşki” kollektivi qonaqlar üçün mahnılar ifa ediblər. Udmurt dilində ifa olunan Müslüm Maqomayevin "Mənim Azərbaycanım" mahnısı qonaqların qəlbini fəth edib. "Buranovskiye babuşki"nin rəhbəri Olga Tuktareva qeyd edib ki, bu mahnını onlar Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq ifa ediblər.

Nümayəndə heyəti "Buranovski babuşki"nin vəsaiti hesabına inşa edilən məbədi də ziyarət edib.

Azərbaycan Respublikasının nümayəndə heyəti daha bir neçə gün Udmurtiyada olacaq. Səfərin davamı olaraq bir sıra rəsmi tədbirlər planlaşdırılıb.

Qeyd edək ki, səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu və Zülfüqar Mirzəyevin rəhbərlik etdiyi “Dostluq”-Udmurtiya Azərbaycan İctimai Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video