Alternative content

18:44 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgə qala konsertlə başa çatıb
“Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgə qala konsertlə başa çatıb
ANA SƏHİFƏ / Mədəniyyət
08:07 28.07.2018

Daşkəsəndə 7 ölkədən (Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan, Belarus, Qırğızıstan, Azərbaycan) 100-dək gəncin iştirakı ilə “Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgə qala konsertlə yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qala konsert Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə Daşkəsən rayonun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində təşkil edilib.

Mərkəzin stadionunda açıq havada keçirilən konsertdə rayon icra hakimiyyətinin məsul işçiləri, gənclər və idman nazirinin müavini İntiqam Babayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, iyulun 20-də Bakıya səfər edən nümayəndə heyətləri növbəti gün Daşkəsən rayonuna yola düşüblər. İyulun 21-dən “Yaradıcılıq emalatxanası”nda təlimlərə start verilib. Bir həftə ərzində yaradıcı gənclər milli musiqi alətləri, rəqs, estrada ifası, dekorativ-tətbiqi sənət, kulinariya və teatr kimi incəsənət sahələrində təlim və ustad dərsləri keçib, Azərbaycan mədəniyyətinin incəliklərini öyrəniblər.

Konsertdə Belarus, qazax, qırğız, Moldova, rus və tacik gəncləri öz ölkələrinin milli musiqi alətlərində “Sarı gəlin” xalq mahnısını səsləndirib, Azərbaycan və rus dillərində bəstəkar Oqtay Kazıminin “Ey həyat sən nə qəribəsən” mahnısını, “Bayram” və “İgidlər” kimi milli rəqslərimizi ifa edib, özlərinin bişirdikləri Azərbaycan milli mətbəxinin nümunələri olan düşbərə, qutab, xəngəl kimi xörəkləri, xalçaçılıq sənətimizin sirlərinə yiyələnərək atdıqları ilk ilmələri nümayiş etdiriblər.

Həmçinin beynəlxalq düşərgənin üzvləri Azərbaycanın klassik dramaturqu M.F.Axundzadənin yaradıcılığından “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasından bir səhnəcik göstəriblər.

Konsertin sonunda gənclər və idman nazirinin müavini İntiqam Babayev ilk dəfə Daşkəsən rayonunda keçirilən beynəlxalq düşərgənin təşkilində yaradılmış şəraitə görə minnətdarlığını bildirib, düşərgə çərçivəsində gənclərin Azərbaycan mahnı və musiqilərini, sənət və rəqslərini öyrəndiklərini diqqətə çatdırıb. Nazir müavini xarici gənclərin Azərbaycandan vətənlərinə xoş təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev bu cür beynəlxalq tədbirlərin Daşkəsən rayonunda keçirilməsinin mühüm əhəmiyyətini qeyd edib, növbəti belə konsertlərin işğal altında olan Qarabağımızda təşkil olunmasını arzulayıb.