Alternative content

05:36 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhalinin məşğulluq probleminin həlli ardıcıl xarakter daşıyır
Əhalinin məşğulluq probleminin həlli ardıcıl xarakter daşıyır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 28.07.2018

 

Bu ilin birinci yarısında ölkədə 67 min yeni iş yeri yaradılıb

 

Bu ilin birinci yarısında 67 min yeni iş yerinin yaradılması ölkədə əhalinin məşğulluq probleminin həllinə yönəldilən tədbirlərin ardıcıl olduğunu təsdiqləyir. Yeni iş yerlərinin 58 mini daimidir. Müxtəlif səbəblərdən 20 mindən çox iş yeri bağlansa da, bu sahədə dinamika müsbətdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş üçüncü Dövlət Proqramının icrasına başlanan 2014-cü ilin əvvəlindən bu ilin yanvarınadək ölkədə 721,2 min yeni iş yeri açılıb. Onlardan 530,4 mini daimidir. Təkcə keçən il 179,3 mini daimi olmaqla 281,4 min yeni iş yeri yaradılıb.

Yeni iş yerlərinin 61 faizi qeyri-dövlət sektorunda açılıb. Təqdirəlayiq haldır ki, iş yerləri təkcə şəhərləri deyil, bölgələri də əhatə edir. Belə ki, onların 24,4 faizi Bakıda açılsa da, qalanı Azərbaycanın digər bölgələrin payına düşür.

Daimi iş yerlərinin bir hissəsi yeni yaradılmış, eləcə də mövcud və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Əsas hissəsi - 74,2 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb. Bu, dövlətin sahibkarlığın inkişafına yönəltdiyi tədbirlərin bir nəticəsidir ki, özünü həm də əhalinin işlə təmin olunmasında göstərir. Yəni dövlətdən hərtərəfli dəstək alan sahibkar öz işini daha uğurlu qurduqca, fəaliyyətini genişləndirdikcə ətrafına daha çox əməkçi toplayır, beləliklə, onların dolanışığı təmin olunur.

Bununla belə, Azərbaycanda hələ də daimi iş axtaran vətəndaşlar var. Ona görə də dövlət yeni iş yerlərinin açılması prosesini ardıcıl davam etdirir.

Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin məşğulluğu barədə danışılarkən bağlanmış iş yerlərinin təhlilinin aparılmasının vacibliyi də vurğulanıb. Qeyd edilib ki, iş yerlərinin hansı səbəblərdən bağlandığı araşdırılıb öyrənilməlidir. Eyni zamanda aydınlaşdırılmalıdır ki, həmin iş yerlərini itirmiş vətəndaşların məşğulluğu təmin edilib, ya yox. Bu faktın özü də göstərir ki, əhalinin məşğulluq probleminin həlli ardıcıl xarakter daşıyır və dövlətin daim hərtərəfli diqqət mərkəzindədir.

Aparılan təhlillər nəticəsində məlum olub ki, keçən il bağlanan iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşür. 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi isə müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması səbəbindən bağlanıb. Qalan iş yerlərinin itirilməsi fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub.

Müasir dövrdə əhalinin işlə təminatının bir yolu da özünüməşğulluq proqramının həyata keçirilməsidir. Bu proqram bir neçə cəhətdən təqdirəlayiqdir. Onun yerinə yetirilməsi iqtisadi inkişafa təkan verməklə bərabər bölgələrdə əhalinin məşğulluğuna kömək edir. Ən başlıcası isə insanları ələbaxımlıq vərdişindən çəkindirir. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər”.

Bu sahədə görülən əməli tədbirlərdən biri də qeyri-formal məşğulluqla mübarizədir. Qeyd edək ki, qeyri-formal məşğulluq bütün ölkələrdə mövcuddur. Baxır ki, hansı ölkədə onunla necə mübarizə aparılır. Azərbaycanda qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlər görülür. Bunun müsbət nəticəsi ölkə iqtisadiyyatına böyük dəstək verəcək. 

Bir sözlə, bütün tədbirlər ölkə vətəndaşının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldilib. Nazirlər Kabinetinin sözügedən iclasında Prezident İlham Əliyev bunu bir daha bəyan edib: “Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq”.

 

Flora SADIQLI,

“Azərbaycan”