28 Iyul 2018 12:07
128
İQTİSADİYYAT
A- A+

İşi və qazancı olan vətəndaşın dövlətin sosial yardımına ehtiyacı olmur

 

Bu, əhalinin sosial müdafiəsinin ən ədalətli həlli yoludur

 

Demokratik inkişaf yolu seçən dövlətin ən ali vəzifələrindən biri əhalinin sosial müdafiəsini təmin etmək, həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaqdır. Azərbaycanda əhalinin sosial müdafiəsi üçün qəbul edilən qanunlar, dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, görülən tədbirlər sözügedən sahədə ölkəmizdə mühüm nəticələrə gətirib çıxarmaqla yanaşı, insanların maddi rifah halının yüksələn xətt üzrə inkişafında da önəmli rol oynayır. Buna baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən siyasət günün tələbinə uyğun olaraq daim təkmilləşdirilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin sosial müdafiəsinin dövlət üçün önəmli olduğunu vurğulayaraq demişdir: “Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq... Əlbəttə ki, ağır vəziyyətdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün biz yeni şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. ...58 min yeni daimi iş yeri açılmışdır. Ancaq, eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əlbəttə, bu rəqəmə baxanda görərik ki, yenə də dinamika müsbətdir”.
Eyni zamanda dövlət başçısı bildirmişdir ki, bağlanan iş yerlərinin səbəbləri təhlil edilməlidir. Belə halların aradan qaldırılması üçün dövlət qurumları müvafiq tədbirlər görməli, iş yerlərini itirən vətəndaşlarla aidiyyəti dövlət təşkilatları maraqlanmalı və onların işlə təmin edilməsinə çalışmalı olduqlarını deyən Prezident sahibkarları da yeni iş yerləri açmağa təşviq edir. Çünki ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb və onlar bunun əvəzini verməlidir.
Bununla dövlət başçısı əhalinin sosial müdafiəsinə həssaslıqla yanaşdığını, sosial təminat sahəsində ciddi islahatların aparılmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən buraxılmış səhvlərin qısa zamanda düzəldilməsini, sosial ədalətin və şəffaflığın təmin edilməsini tələb edir. Məqsəd hər bir Azərbaycan vətəndaşının sosial hüququnun ədalətli şəkildə qorunmasıdır.
Azərbaycanda əhalinin sosial müdafiəsinin müxtəlif formalarından istifadə edilir. Bunlardan biri əhalinin özünüməşğulluğunun təminidir. Dövlətin qəbul etdiyi özünüməşğulluq proqramı uğurla icra edilərək müsbət nəticələrini verir. Bunun üçün büdcədən kifayət qədər vəsait ayrılır. Məqsəd bu yolla 6-7 min vətəndaşı proqrama cəlb edərək onların məşğulluğunu təmin etməkdir. Çünki işi olan və pul qazanan vətəndaşın dövlətin sosial yardımına ehtiyacı olmur. Bu isə əhalinin sosial müdafiəsinin ən ədalətli yoludur.
Bu gün ölkə üzrə statistikada göstərilən rəsmi işsizliyin səviyyəsi, demək olar ki, bir qədər qeyri-dəqiqdir. Ona görə ki, ölkədə qeyri-formal məşğulluq kütləvi xarakter daşıyır. Bəzi sahibkarlar işçilərinin sayını gizlətməklə Dövlət Sosial Müdafiə Fonduna pul köçürməkdən və vergi ödəməkdən yayınırlar. Buna görə də sosial sahədə şəffaflığın və beynəlxalq təcrübənin tətbiq edilməsi vacibdir. Düzdür, son dövrlər ölkə rəhbərinin tapşırığı ilə bu sahədə olan nöqsanların aradan qaldırılması üçün ciddi işlər görülür. Amma görünür, onların kəsəri hələ istənilən nəticəni əldə etməyə kifayət etmir. Odur ki, bu cür tədbirlər həm keyfiyyət, həm kəmiyyətcə artırılmalıdır.
Ölkədə mövcud iqtisadi inkişafın dinamikası əhalinin gəlirlərinin artmasına da təkan verir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 541 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 3184,6, qeyri-neft sektorunda 480,7 manat olub. Bu dövrdə dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 421,5, özəl müəssisələrdə 703,9 manata çatıb. Hesabat dövründə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Əhalinin gəlirlərinə gəldikdə, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb və hər nəfərə orta hesabla 2623,8 manat gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında keçən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox vəsait qalıb.
Əhalinin sosial məsələlərinin həlli ilə paralel sosial infrastruktur layihələri də həyata keçirilir. Cari ildə 137 modul tipli məktəbin tikilməsi, Bakıda 12 məktəbin əsaslı təmiri, ölkə üzrə 6 xəstəxananın istifadəyə verilməsi, eyni zamanda 4 min məcburi köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulub. Bunlardan əlavə, ölkə üzrə qazlaşdırmanın ilin sonunadək 95 faizə çatdırılması proqnozlaşdırılır. Həmçinin cari ildə nəzərdə tutulan plana görə, 2 min kilometr yeni avtomobil yolunun salınması gözlənilir. Bununla ən azı 600 kəndin sakinləri yeni salınan yoldan istifadə edəcək. Sevindirici haldır ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 36-cı yerdədir. Bu, istər keçmiş SSRİ məkanında, istərsə də dünyada yüksək göstərici sayılır.
Su ilə təminat əhali üçün önəmli sosial məsələlərdən biridir. Son dövrlər əhalinin içməli su və suvarma suyu ilə təminatı istiqamətində mühüm işlər görülüb. Xüsusilə içməli suya ehtiyacı olan bölgələrə su xətləri çəkilir, sutəmizləyici qurğular quraşdırılır, artezian quyuları qazılır, şəhər və rayonlarda kanalizasiya sistemi qurulur. Yeri gəlmişkən qeyd edək ki, cari ildə ehtiyacı olan 100 min hektar torpaq sahəsinə su verilməklə yanaşı, 300 subartezian quyusunun qazılması da planlaşdırılıb. Artıq artezian quyularından 175-i istifadəyə verilib.
Ümumiyyətlə, son illər Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri sayəsində minlərlə təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Bununla yanaşı, enerji verilişi və qaz xətləri yenidən çəkilib və ya əsaslı şəkildə təmin edilib, yeni yollar və körpülər salınıb. Xüsusilə kənd yollarının tikilməsi layihəsinin icrası pis vəziyyətdə olan yolların müasir standartlar səviyyəsinə çatmasını təmin edib. Bütün bunlar dövlətin vətəndaşların sosial rifahının yaxşılaşmasına yönələn siyasətinin uğurlu nəticəsidir.

Rüstəm KAMAL,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video