Alternative content

19:35 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnvestisiyanın özünü sərbəst hiss etdiyi məkan - azad iqtisadi zona
İnvestisiyanın özünü sərbəst hiss etdiyi məkan - azad iqtisadi zona
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 28.07.2018

 

Məlumdur ki, hər bir ölkə bazar münasibətlərini inkişaf etdirmək üçün daha çox xarici investisiya cəlb etməyə çalışır. Çünki xarici investorlar ölkə ərazisinə kapitaldan savayı müasir təcrübə və biliklər də gətirirlər. Həm də bu səbəbdən dünyanın iqtisadı müstəvisində gərginliklərin və qarşıdurmaların artması ilə birlikdə xarici kapitalın cəlb edilməsi uğrunda rəqabət də güclənir. Son onilliklərdə bu üsul və mexanizmlərdən özünü ən çox doğruldanı azad iqtisadi zonaların yaradılmasıdır. Bu mövzu getdikcə aktuallaşır və azad iqtisadi zonalar müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərir.

18 may 1973-cü il tarixli Kioto Konvensiyasına əsasən, azad zonada mallar milli gömrük sərhədlərindən kənarda sayılır, gömrük nəzarətinə, rüsum və vergilərə cəlb edilmir. Artıq ötən əsrin 90-cı illərində dünyada çoxsaylı və müxtəlif növlü azad iqtisadi zona fəaliyyət göstərirdi. İkinci minilliyin sonuncu ilində isə dünya əmtəə dövriyyəsinin 30 faizi müxtəlif azad iqtisadi zonaların payına düşürdü. Günü bugünədək beynəlxalq korporasiyalar, transmilli şirkətlər azad iqtisadi zonalardan gəlirlərini artırmaq üçün əsas amil kimi istifadə edirlər.
Beynəlxalq təşkilatların hesabatlarında “azad iqtisadi zona” termin kimi istifadə edilsə də, göstərilən zonaların mahiyyətini tam ifadə etmir. Çünki tətbiq edilən iqtisadi qaydalar, alətlər və qanunlar müəyyən hüquqi və təsərrüfat rejimini saxlamaqla sadəcə qaydaları yüngülləşdirir və güzəştləri sahibkarlığın inkişafına yönəldir. Azad iqtisadi zonaların inkişafı üçün ölkədə siyasi sabitlik, yüksəksəviyyəli qanunvericilik bazasının mövcudluğu, inkişaf etmiş infrastruktur, əlverişli təbii-coğrafi mühit və iqtisadi konyunkturun olması investorları cəlb edən amillərdir. Bundan başqa, vergi, maliyyə, inzibati və xarici ticarət güzəştləri də xüsusi əhəmiyyət kəsb edir.
Dünyada azad iqtisadi zonaların geniş növləri mövcuddur. Azad ticarət zonaları (Free trade zones) iqtisadi zonaların dünyada ən geniş yayılmış növüdür və onun iki əsrlik tarixi var. Ən qədimləri XIX əsrdə Almaniyanın Hamburq və Bremen şəhərlərində yaradılmış zonalar hesab olunur. Azad (rüsumsuz) gömrük zonaları (Free customs zone) isə XVII-XVIII əsrlərdən mövcuddur. Buna baxmayaraq, ixrac-istehsal zonaları (Export-production zones) ikinci nəsil azad iqtisadi zonalara aid edilən sənaye-istehsal zonalarının ən geniş yayılmış növüdür. “Avropa pələngi” sayılan İrlandiyada ilk ixrac-istehsal zonası 1959-cu ildə yaradılmışdır. XX əsrin 70-80-ci illərində isə belə zonalar Tayland, Banqladeş, Şri-Lanka, Pakistana gəlib çatmışdır. 1990-cı ildə inkişaf etməkdə olan ölkələrdə 260-dan çox yeni tipli ixrac-istehsal zonaları iri elm mərkəzlərinin ətrafında formalaşmağa başlamışdır. XX əsrdə baş vermiş elmi-texniki inqilabın təkan verdiyi bu cür zonalar azad elmi-texniki zonalar (Free scientific-technical zones) da adlandırılır.
Əlbəttə, bir yazıda azad iqtisadi zonanın çoxsaylı və mürəkkəb növləri haqqında ətraflı məlumat vermək çətindir. Amma bu sırada ABŞ, Yaponiya və Çində geniş yayılan elmi-texniki zonaları mütləq qeyd etmək lazımdır. Belə zonalar Yaponiyada texnopolislər, ABŞ-da və Çində texnoparklar adlandırılır. Dünyada ilk dəfə 1950-ci ildə ABŞ-da Stenford Universitetində elmi-texniki park yaradılmışdır. Onların sayı 1990-cı illərin sonunda 170-i keçmiş, ümumi sahəsi 2600 hektara qədər artmışdır. Avropada belə parklar 1970-ci illərin sonlarında Böyük Britaniyada, Belçika və Fransada meydana gəlmişdir. Almaniya isə bu işə 1983-cü ildən qoşulmuşdur. Ümumiyyətlə, Avropa İttifaqı üçün texnoparkların yaradılması xüsusi əhəmiyyət kəsb edir və bu quruma üzv dövlətlər zəruri innovasiya mühitinin yaradılmasında, elmin istehsala təsirinin güclənməsində texnoparklardan ciddi faydalanırlar.
Texnoparkların yaradılması qabaqcıl ölkələrdən tədricən inkişaf etməkdə olan dövlətlərə (Braziliya, Hindistan və d.) keçmişdir. Təsadüfi deyil ki, ötən əsrin sonuna yaxın dünyada texnoparkların sayı 7 mindən çox olmuşdur. Dünyanın ən məşhur texnoparkı ABŞ-ın “Silikon vadisi”dir. 20 mindən artıq işçisi olan bu texnopark ümumdünya kompüter hesablama texnikası vasitələri istehsalının 20 faizini verir.
Texnoparkların əsas təşkilati formaları belədir:
- elmi parklar - universitetlərin, elmi-araşdırma mərkəzlərinin yaxınlığında araşdırma obyektlərinin inkişafı və tətbiqi məqsədilə yaradılır və istehsalla məşğul olmurlar;
- innovasiya mərkəzləri - bazarda nisbətən böyük risklə bağlı olan yeni texnologiyaların reallaşdırılması ilə məşğul olan sahibkarlara araşdırma, texnologiya, maliyyə və kommersiya fəaliyyəti məsələləri üzrə məsləhətlər verir;
- kommersiya parkları - istehsalla, müxtəlif növ kommersiya fəaliyyəti, müxtəlif sərgilərin təşkili, hazır məhsulun qablaşdırılması və satışı ilə məşğul olur.
Ölkəmizə gəldikdə, Azərbaycanda xüsusi iqtisadi zonaların təşkil olunması üçün dünya təcrübəsi dərindən araşdırılaraq ətraflı öyrənilmişdir. Hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” dövlət başçısı tərəfindən fərman imzalanmış, 2009-cu ildə “Xüsusi iqtisadi zonalar haqqında” qanun qəbul edilmişdir. Həmçinin Prezidentin 2010-cu il 20 aprel tarixli fərmanı ilə “Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydaları” təsdiq olunmuşdur. Dövlət başçısının imzaladığı sonuncu sənəd Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqındadır. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə faktiki olaraq azad iqtisadi zonaların müxtəlif formaları əsasında və təbii ki, müvafiq güzəştlər tətbiq edilməklə işləyən yerli və xarici şirkətlər fəaliyyət göstərirlər. Bu şirkətlər Azərbaycan hökumətinin tətbiq etdiyi geniş güzəştlər sistemindən ciddi faydalanırlar. Dövlət başçısının imzaladığı sonuncu sənəd bu işin artıq yeni mərhələyə keçməsindən xəbər verir.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”