27 Iyul 2018 08:07
342
Mədəniyyət
A- A+

Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələr inkişaf edir

İyulun 27-də mədəniyyət nazirinin müavini Rafiq Bayramov Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın dəvəti ilə Bakıda səfərdə olan rusiyalı nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini deyib ki, Azərbaycanın Rusiya ilə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də genişmiqyaslı əməkdaşlığı mövcuddur. Ölkəmiz Rusiyada keçirilən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir: “Son illər Rusiya ilə mədəni əlaqələrin inkişafına töhfə verən bir sıra tədbirlər keçirilib. Ötən il Moskvada mədəniyyət sahəsi ilə əlaqədar təşkil edilən ikitərəfli görüşlər məhsuldar olub, müəyyən razılaşmalar əldə edilib. Biz bu əlaqələri davam etdirmək niyyətindəyik. Xüsusən regional mədəni təşkilat və müəssisələrlə əlaqələrin qurulmasında maraqlıyıq. Çünki bu gün dünyada daha müasir metodlar tətbiq edilir. Mədəniyyət sahəsində müasir idarəetmə və metodologiyalara keçid dövründə bu təcrübələrin mübadiləsi vacibdir”.

R. Bayramov Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları, habelə xalq yaradıcılığı ənənələrinin yaşadılması və təbliğinə xidmət edən layihələr haqqında məlumat verib. Vurğulayıb ki, mədəniyyət sahəsində müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birini yaxından tanımasına öz töhfəsini verəcək.

“Azərbaycanda rusdilli təhsilin inkişafı iki xalq arasında daha dolğun bilgilər əldə etməyə, tədris və mədəniyyət sahəsində əməkdaşlığa şərait yaradır. Bu gün paytaxtımıza gələn hər bir turist onun gözəlliyinə heyran olur, inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə edir. Mədəniyyət Nazirliyi olaraq paytaxtın müasir görünüşü ilə bərabər qədimliyini, tarixi memarlıq abidələrini qoruyaraq gələcək nəsillərə ötürməyə məsuluq. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu işi nəzarətdə saxlayır”, - deyə nazir müavini söyləyib.

Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında irimiqyaslı mədəni layihələr mövcuddur və regionlar arasında da bu əlaqələrin genişləndirilməsi zəruridir. Azərbaycanın Gəncə, Şamaxı, Lənkəran və digər iri regionları ilə birgə təqdimatların keçirilməsi mədəni mübadilə üçün yeni imkanlar yarada bilər.

Moskva Şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippov Azərbaycana dəvətə görə təşəkkür edərək Bakıda ilk dəfə olduqlarını diqqətə çatdırıb. Bildirib ki, uzun illər bir sistemlə idarə edilən dövlətlər kimi bu gün Rusiya və Azərbaycanın bir-biri ilə mədəniyyət, təhsil və digər sahələrdə təcrübələrini bölüşməyə geniş imkanlar var.

Bu, həm də müasir və yenilənən hər iki dövləti tanımaq baxımından əhəmiyyət kəsb edir. Muzey işi, kitabxana, konsert müəssisələri arasında birgə layihələr və təqdimatlar, yaradıcı kollektivlərin birgə qarşılıqlı əlaqələri, müxtəlif şəhərlərdə tədbirlərin reallaşması birgə əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Moskvada Bakı günləri və Bakıda Moskva günlərinin keçirilməsi bu əməkdaşlıq üçün ilk addım ola bilər. Bu mədəni layihə çərçivəsində mədəniyyət müəssisələrinin birgə fəaliyyəti və eləcə də uşaqların istirahəti kimi qarşılıqlı mübadilələr də həyata keçirmək mümkündür.

Moskva Hökumətinin nazir müşaviri, Moskva Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin ölkələrimiz və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib.

Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, Moskva İstirahət və Turizm Agentliyinin Dövlət Mədəniyyət Müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva Şəhər Mədəniyyət Departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscov” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video