27 Iyul 2018 02:07
167
İQTİSADİYYAT
A- A+

Azərbaycana maraq artıb

 

Odlar Yurduna gələn turistlərin sayının hər il çoxalması ölkəmizin cəlbedici məkana çevrildiyini bir daha təsdiqləyir

 

Əlverişli coğrafi mövqeyə malik Azərbaycan son illər dünya turistlərinin daha çox üz tutduqları ölkələr sırasında yer almaqdadır və demək olar ki, bu istiqamətdə nəzərəçarpacaq uğurlar əldə edilir. Bu gün ölkədə turizm infrastrukturunun müasirləşdirilməsi və mövcud potensialın səmərəli şəkildə realizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və həmin imkanlardan kifayət qədər istifadə edilir.

 

Paytaxtımız rusiyalı turistlərin ən çox səfər etdiyi şəhərdir

 

Azərbaycana gələn turistlərin sayında xeyli artım müşahidə olunur və 6 ayın hesabatı da bunu təsdiqləyir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, son 6 ayda Azərbaycana dünyanın 189 ölkəsindən 1,3 milyon nəfərdən çox xarici turist gəlib. “TurStat” analitik agentliyinin açıqladığı yeni reytinqdə ölkəmizdə turizmin inkişafı öz əksini tapıb. Aparılan araşdırmalardan sonra bəlli olub ki, rusiyalı turistlərin yay səyahətləri üçün üz tutduqları populyar şəhərlərin içərisində Bakı liderlik edir. Siyahıda paytaxtımızdan sonra Minsk və Almatı şəhərləri gəlir.
Həmişə olduğu kimi, yenə də qonaqlar ölkəmizdə özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Paytaxtımızı “sabitlik adası” adlandıran turistləri Bakının tarixi məkanlarında, muzeylərində, mərkəzi hissələrində olarkən müşahidə etmək də mümkündür.

 

Gördüyümüz pozitivlik məni yenə Azərbaycana gətirəcək

 

Jin Spektor Rusiya vətəndaşı olsa da Nyu Yorkda yaşayır, ilk dəfədir ki, Azərbaycana səfər edir. Gəlişinin səbəbini isə belə izah edir: “Azərbaycanla bağlı həm internet, həm də buraya səfər edən dostlarımdan xeyli məlumatlar toplamışdım. Qısa müddətdə zəngin təəssüratlarım yaranmışdı. Ölkənizin qədim tarixə malik olması haqqında xeyli məlumatlar oxumuşdum. Buraya gəldikdə isə bunun şahidi oldum. Gördüklərimdən deyə bilərəm ki, insanlarınız rahat yaşayır. Dinindən, millətindən asılı olmayaraq, kimsəni narahat etmirlər. Əksinə, bir çətinlik olduqda kömək etməyə çalışırlar. Burada multikulturalizmin həqiqətən yüksək səviyyədə təmin olunduğu aydın görünür. Müxtəlif millətlərin nümayəndələri burada çox rahatlıqla yaşayırlar. Belə xoşbəxtlik hər ölkəyə nəsib olmur. Mətbəxinizə isə söz ola bilməz. Şəhərinizdə olan pozitivlik, rəngarənglik məni yenə Azərbaycana gətirəcək. Hər şey çox gözəldir. Bakını çox sevdim”.
Rusiya vətəndaşı olan Denis Belyayev və Yelena Nefyodova da ölkəmizin onlarda xoş təəssürat yaratdığını bildirdilər. Onlar da Azərbaycan haqqında dost-tanışlarından məlumat əldə ediblər. Buraya gəldikdə isə ölkəmizin doğrudan da mədəniyyətlər körpüsü olduğuna inanıblar. Onların sözlərinə görə, Azərbaycandakı qonaqpərvərlik, multikultural dəyərlər bura gələn hər kəsi valeh edir. Ona görə də Bakını və insanlarını sevirlər: “Səkkiz gündən artıqdır ki, buradayıq. Həqiqətən də, Azərbaycan çox gözəl ölkədir. İnsanları qonaqpərvər, mətbəxi zəngindir. Hələ ki Bakıdan başqa şəhərlərinizdə olmamışıq. Bölgələrə də getməyi düşünürük. Bakının tarixi yerlərini, ticarət mərkəzlərini gəzmişik. Biz nisbətən sərin iqlimə uyğunlaşmışıq. Bu il yayın qızmar vaxtı Bakıya səfər etdik. Lakin buranın havasından çox zövq aldıq. Xəzərin qoynunda yerləşən Bakı nə qədər isti olsa da, sərin mehi, dəniz havası ilə insanları xoşhal edir. Çox güman ki biz gələn yay da istirahətimizin bəzi hissəsini Bakıda keçirəcəyik”.

 

Qız Qalasını gəzəndə sanki bir neçə yüz il əvvələ səyahət etdik

 

Fil Conson isə Şotlandiyadan gəlib. İlk dəfədir ölkəmizdə olduğunu bildirən qonaq burada bir həftə qalacağını deyir: “Bakı xüsusi arxitekturaya malik gözəl şəhərdir. Buranın maraqlı memarlıq üslubu var. Alov qüllələri, İçərişəhər, Fəvvarələr meydanında oldum və çox xoşuma gəldi. Ölkəniz böyük sürətlə inkişaf edir. Parklarınız, fəvvarələr, piyada gəzintisi üçün yerləriniz, təmizlik məni valeh edir. Qədim şəhərin küçələrində gəzmək mənə çox xoş təsir bağışlayır”.
Pakistan vətəndaşı Həsən Zərdari də birinci dəfədir Bakıya gəlir. Deyir ki, Bakıya bundan sonra daha çox səfər edəcək. Çünki paytaxtımız onun xəyalındakı şəhərdir - müasir, tolerant, İslam və Avropa dəyərlərini özündə birləşdirən məkandır: “Şəhərinizi çox bəyəndim. Şirvanşahlar sarayını, Qız Qalasını gəzəndə sanki bir neçə yüz il əvvələ səyahət etdim. Tarixi abidələrlə tanışlıq mənə Azərbaycanın keçmişi haqqında məlumat verdi. Xəzər dənizi Bakıya xüsusi gözəllik verir, Dənizkənarı Milli Park isə yerli sakinlərlə bərabər turistlərin də sevdiyi məkandır. Özümlə bərabər bir neçə turistin istirahətini gördükdə bu qənaətə gəldim ki, Azərbaycana maraq artıb. Üç gündən sonra Qəbələyə getməyi düşünürəm. Lənkəran və Qubada da olmaq istərdim. Dostlarımdan bu yerlər haqqında çox eşitmişəm. Ümumiyyətlə, Azərbaycan hər bir turistin zövqünü oxşayır. Bura gələn bir də gəlmək istəyir. Çünki burada sabitlik, əmin-amanlıq, mehribanlıq var”.

 

Bakı son dərəcə tolerant şəhərdir

 

Dostları ilə Azərbaycana səfər edən norveçli turist Kiçl Branaes isə deyir ki, Bakı gözəl və müasir bir şəhərdir, burada olmaqdan məmnundur: “Tanışlarımdan ölkəniz haqqında, turizmin imkanları barədə eşitmişdim. Paytaxtınız çox təmiz və heyrətamizdir. Burada sizin insanların xarici qonaqlara necə xoş münasibət bəslədiyinin şahidi oluruq. Etiraf edim ki, yeni, möhtəşəm göydələnlər, əzəmətli tarixi memarlıq abidələri, səliqəli küçələr, yaşıllıqlar ilk andan məndə Qərblə Şərqin qovuşduğu bir məkanı xatırlatdı. Mən bir daha şahidi oldum ki, Bakı son dərəcə tolerant bir şəhər, sakinləri isə olduqca mehriban və səmimidirlər. Bundan sonra da Bakıya tez-tez səfər etməyi düşünürəm. Heyfslənirəm ki, əvvəllər bura niyə gəlməmişəm. Bir sözlə, Bakını sevdik, ölkənizə ürəkdən bağlandıq”.
Turistlərlə söhbətlərimizdən bəlli oldu ki, Azərbaycanın turizm sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunun şahidləridirlər. Amma bu hələ harasıdır?! Bakının kommunikasiya və marketinq planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür. Xüsusən paytaxtda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Hazırda turizm sektorunda bir neçə istiqamət üzrə bazarlar öyrənilir.
Ölkəmizə gəlmək istəyən turistlər üçün yaradılan şərait onların özləri tərəfindən də etiraf edilir və müsbət qiymətləndirilir. Əminik ki, ölkəmiz yaxın illərdə xarici qonaqların istirahət etmək üçün seçdikləri ən öncül məkanlardan biri olacaq.

Səbinə MƏMMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video