Alternative content

05:07 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 6 ayda 2,8 milyard manatdan çox xarici sərmayə
6 ayda 2,8 milyard manatdan çox xarici sərmayə
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 27.07.2018

 

Məlum olduğu kimi, artıq neçə illərdir ki, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində uğurlu islahatlar aparılır. Bu islahatlar çərçivəsində konkret məqsədlərə nail olmaq üçün iqtisadiyyatın investisiya ilə təminatına xüsusi diqqət yetirilir. Əlavə olaraq iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi də öz töhfəsini verir. 

Artıq 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib və həmin layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan çox investisiyanın yatırılması təmin edilib. Nəticədə 19 minədək yeni iş yeri açılıb, investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə fəaliyyətə başlayıb. Bundan əlavə, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 1,6 dəfə çoxdur. İllik müqayisədə verilən kreditlər hesabına 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yeri açılıb.
Qeyri-neft sektorunun inkişafı məhsul ixracında da özünü göstərir. Belə ki, hesabat dövründə kənd təsərrüfatında məhsul istehsalı 7,6, o cümlədən bitkiçilik üzrə 14 faiz artıb. Bu sektorda məhsul istehsalının artımı ölkənin ümumi ixrac potensialına da müsbət təsir edir. Təkcə cari ilin 6 ayı ərzində xarici ticarət dövriyyəsi 31 faiz artıb. İxracın 34, o cümlədən qeyri-neft ixracının 20 faiz artması müşahidə olunub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna kapital qoyuluşunun əhəmiyyətini qeyd edərək demişdir: “İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik, 2,5 milyard manat sərmayəni özəl sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir... Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onlardan 2,6 milyard dolları artıq qoyulub”.
Dövlət Statistika Komitəsinin bu dövrə aid açıqladığı məlumata görə, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 331,7 milyon manat vəsait yönəldilib. Bu dövrdə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 21,5, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 72,8 faiz artıb. İstifadə olunan vəsaitin çox hissəsi, yəni 4 milyard 555,2 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.
Ölkədə sahibkarlığın inkişafı sərmayə qoyuluşunda da aydın görünür. Məsələn, hesabat dövründə yatırılan ümumi sərmayənin 50,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarına məxsus olub. Digər tərəfdən, sərmayə qoyuluşunda daxili mənbələr də üstünlük təşkil edir. İlin 6 ayı ərzində iqtisadiyyata yatırılan sərmayənin 54,3 faizi daxili mənbələr hesabına təmin edilib. Ümumiyyətlə, əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3 milyard 342,1 milyon, bank kreditləri 929,5 milyon, büdcə vəsaitləri 1 milyard 545,2 milyon, büdcədənkənar fondların vəsaitləri 80,7 milyon, əhalinin şəxsi vəsaitləri 392,9 milyon və digər vəsaitlər 41,3 milyon manat təşkil edib.
Heç kəsə sirr deyil ki, indi dünyada siyasi rəqabətə görə ciddi iqtisadi qarşıdurmalar mövcuddur. Ticarət müharibələri kimi tarixə düşən bu hal kapital qoyuluşuna da mənfi təsir göstərir. Bunun nəticəsində bir çox ölkələrin iqtisadiyyatına sərmayə yatırımı kəskin şəkildə aşağı düşüb. Lakin ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, siyasi sabitlik, xarici investisiyanın qorunması üçün mövcud qanunvericilik bazası xarici sərmayədarları ölkəmizə kapital qoyuluşuna təşviq edir. Bunun nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 892,6 milyon manat vəsait yönəldilib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən sərmayənin 2 milyard 298 milyon manatı İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran investorlarına məxsusdur.
Ölkə iqtisadiyyatına qoyulan sərmayə sayəsində cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, 922 şagirdlik 3 ümumtəhsil məktəb binası və bir ambulatoriya-poliklinika müəssisəsi, Bakıda Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” hoteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboyda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, “Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu və digər obyektlər istifadəyə verilib.

Rüstəm KAMAL,
“Azərbaycan”