Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:51 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Strateji yol xəritələri milli inkişafa yeni təkan verir
Strateji yol xəritələri milli inkişafa yeni təkan verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 25.07.2018

 

Aparılan monitorinq və qiymətləndirmələr ötən il üçün nəzərdə tutulan proqramların əksəriyyətinin uğurla icra olunduğunu təsdiqləyir

 

Azərbaycanın 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası tədbirlər planının, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəflərini müəyyənləşdirən strateji yol xəritələrinin icrası uğurla davam etdirilir. Aidiyyəti qurumlar qarşısında qoyulan tapşırıqların icrası nəticəsində artıq ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyi artıb, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafı təmin edilib, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlər ön plana çəkilib.

 

Davamlı iqtisadi inkişafın təmini

 

Öncə onu vurğulayaq ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək sənəddir. Bu sənədə əsasən qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və ölkəmiz yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.
Yol xəritələri təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir.

 

Yol xəritəsi üzrə ümumi icra səviyyəsi müsbətdir

 

Bu günlərdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb.
Bütün strateji yol xəritələri üzrə icra səviyyəsi bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar kursu 2017-ci ildə də uğurla davam edib. 2017-ci ilin sabitləşdirmə və 2018-ci ilin isə iqtisadi inkişaf ili olmasında Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji yol xəritələrinin xüsusi rolu olub.
Bu xəritə üzrə nəzərdə tutulan işlərin ümumi səviyyəsi 92 faiz icra olunub. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib.

 

40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilib

 

2017-ci il ərzində milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin hədəflərindən biri olan özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə icra səviyyəsi belədir - 71 faiz tam icra, 29 faiz qismən icra.
Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” yenilənib. Dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək 40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilib və onlardan 13-ü artıq özəlləşdirilib.
Özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərə dair vahid məlumat bazası, “Özəlləşdirmə Portalı” və 2018-ci il üzrə “Özəlləşdirmə Gündəliyi” hazırlanıb. Nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə, əsasən prioritet sektorları əhatə edən müəssisələrin qiymətləndirilməsi aparılıb və potensial inkişaf istiqamətləri təhlil edilib. Yeni yanaşma hesab olunacaq daha bir məqam ondan ibarətdir ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək və bu zaman potensial alıcılardan investisiya proqramının (biznes-planın) icrası tələb olunacaq.

 

İnsan kapitalının inkişafı maksimum icra olunub

 

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəflərdən biri insan kapitalının inkişaf etdirilməsidir. Bu istiqamət üzrə icra səviyyəsi 100 faiz olub. Ötən ildə “Məktəbəqədər təhsil haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlar qəbul olunub, “Ümumi təhsildə keyfiyyət ili” elan edilib, müəllimlərin diaqnostik qiymətləndirilməsi davam etdirilib, “Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları” təsdiq edilib və təşkil olunan müsabiqə nəticəsində 198 nəfər direktor vəzifəsinə qəbul edilib.
Habelə “Peşə təhsili haqqında” qanun layihəsi işlənib hazırlanıb, “Ali təhsil müəssisələrinə tədqiqat universiteti statusunun verilməsinə dair Tələblər” təsdiq edilib və “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” keçirilib. Ölkədə innovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi istiqamətində beynəlxalq təcrübə öyrənilməklə, Azərbaycanın milli innovasiya sisteminin formalaşması və inkişafına dair proqramın layihəsi hazırlanıb.

 

Əlverişli biznes mühitinin inkişaf etdirilməsi - 94 faiz

 

Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində dördüncü hədəf olan əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə 2017-ci ildə nəzərdə tutulan hissənin 94 faizinin icrası tamamlanıb, 6 faizi qismən icra edilib.
Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.
“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Bu Tədbirlər Planı çərçivəsində beş mötəbər beynəlxalq hesabat üzrə 18 istiqamətdə biznes mühitinin əlverişliliyinin artırılması üçün fəaliyyətlər həyata keçirilir.
2017-ci ildə səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə “Dövlət xidmətlərinin təşkilində DATA analizi”, “Açıq hökumət məlumatlarından istifadə edilməsi” və “Elektron hökumət həlləri” kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib.
Bununla yanaşı, azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb.

 

Ağır sənaye və maşınqayırmanın uğurlu inkişafı

 

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmənin nəticələri də ürəkaçandır. Öncə onu vurğulayaq ki, bu strateji yol xəritəsi üzrə icra səviyyəsi bir daha ölkədə Prezident İlham Əliyevin rəhbərliyilə aparılan sənayeləşmə siyasətinin uğurla davam etdiyini təsdiqləyir. Elə bu ilin 6 ayında qeyri-neft sənayesinin 8,8 faiz artımı bunun əyani sübutudur.
Adıçəkilən xəritə üzrə ümumi icra səviyyəsi 68 faizdir. Onu da vurğulayaq ki, ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 44 faizinin icrası tamamlanıb, 47 faizi qismən icra edilib və 9 faizi isə icra edilməyib.
Bu strateji yol xəritəsinin hədəfləri olan mövcud aktivlərin optimallaşdırılması (tam icra 52 faiz, qismən icra 48 faiz səviyyəsində təmin olunub), rəqabətədavamlı sektorun yaradılması (36 faiz tam icra, 44 faiz qismən icra və 20 faiz icra edilməyib), maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi (tam icra 45 faiz, qismən icra 50 faiz olub, cəmi 5 faiz tədbir icra edilməyib) üzrə icra səviyyəsi göz önündədir.

 

Milli brendlərin yaradılması

 

Daxili istehsal imkanları və regional tələbat nəzərə alınmaqla ölkəmizdə həm istehsal potensialı, həm də regional idxal tələbatı yüksək olan məhsullar üzrə region ölkələrinin bazarları əsas ticarət göstəricilərindən istifadə edilməklə araşdırılaraq bir sıra təhlillər aparılıb, region ölkələrinin bazarlarında idxal tələbatı yüksək olan məhsullar müəyyən edilib. Bundan əlavə, müvafiq məhsulların ölkə daxilində istehsal potensialını və ixrac imkanlarını daha yaxşı müəyyən etmək üçün rəqabətqabiliyyətli məhsullar üzrə müəyyən araşdırmalar aparılıb.
Sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və korporativ idarəetmə səviyyələrinin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri və sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması qaydalarının ilkin layihəsi hazırlanıb. Milli brendlərin yaradılması sahəsində həyata keçirilmiş araşdırmalar nəticəsində brend indeksinin yaradılmasına dair konseptual təklif hazırlanıb. Bundan əlavə, “Made in Azerbaijan” brendinin inkişafına və milli brendlərin yaradılmasının təşviq edilməsinə həsr olunmuş birinci Marketinq Sammiti keçirilib.

 

Əksər istiqamətlər üzrə proqramlar uğurla icra olunub

 

Prezident İlham Əliyev tərəfindən uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ölkəmizdə ilk belə sənəd olan strateji yol xəritələri isə iqtisadiyyatın dayanıqlı inkişafına xidmət edir.
Çox ciddi təhlillər üzərində qurulan sənəd hazırlanarkən Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb. Yol xəritələrinin ötən il üçün icra vəziyyətinin qiymətləndirilməsi və monitorinqləri bir daha təsdiq edir ki, bir-iki istiqamət istisna olunmaqla əksər istiqamətlər üzrə proqramlar, layihələr uğurla icra olunub.
Digər yol xəritələrinin icra vəziyyəti belədir: maliyyə xidmətləri 87 faiz, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı 79 faiz, uyğun qiymətə mənzil təminatı 76 faiz, logistika və ticarət 73 faiz, peşə təhsili və təlimi 72 faiz, kommunal xidmətlər (elektrik və istilik enerjisi, su və qaz) 68 faiz, telekommunikasiya və informasiya texnologiyaları 61 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı 46 faiz, ixtisaslaşmış turizm sənayesi 36 faiz icra olunub.

 

Ən aşağı göstərici - ixtisaslaşmış turizm sənayesi

 

Göründüyü kimi, monitorinq və qiymətləndirmələr zamanı ən aşağı göstərici - 36 faizlə İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi üzrə qeydə alınıb.
Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrə, infrastruktura sahib olan respublikamızda bu sahənin inkişafı ilə bağlı 2017-ci il üçün müəyyən edilən layihələrin icrasının cəmi 36 faiz yerinə yetirilməsi təbii ki, ürəkaçan deyil.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sahədə böyük pozuntuların olduğunu demişdi. Bunun ilk növbədə aeroportlarda turistlər üçün yaradılan əngəllərdən başladığını söyləyən dövlət başçısı ciddi xəbərdarlıq da etmişdi: “Aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.
Dövlət başçısı vurğuladı ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə, rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar.
Bu tənqiddən sonra bu sahədə ciddi dönüş yarandı. İxtisaslaşmış turizm sənayesinin inkişafı istiqamətində mühüm addımlar atıldı. Təkcə bir fakta nəzər yetirsək görərik ki, son altı ayda Azərbaycana dünyanın 189 ölkəsindən 1,3 milyon nəfərdən çox xarici turist gəlib. Bu da onu təsdiq edir ki, ölkəmizə gələnlər üçün yaradılan şərait get-gedə daha da yaxşılaşdırılır. Yəqin ki, bu istiqamət üzrə əldə olunan uğurlu göstəricilər adıçəkilən sənəd üzrə layihələrin 2018-ci il üçün icra vəziyyətinin monitorinq və qiymətləndirilməsində öz əksini tapacaq.

 

Monitorinqlər şəffaflıq və hesabatlılıq meyarına uyğundur

 

Bu gün Azərbaycanda tamamilə yeni strategiya formalaşdırılır. Ölkə Prezidenti tərəfindən iqtisadi artımın alternativ mənbələri formalaşdırılıb. Bunlar qeyri-neft sənayesi, kənd təsərrüfatı və valyuta gətirən xidmətlərdir. Əsas məqsəd Azərbaycanın uzun müddət dayanıqlı inkişafını təmin etmək, qeyri-neft sektorunun daha da inkişafı və bu sahənin ölkədə prioritet sahə təşkil etməsidir. Məhz bu baxımdan dövlət başçısı tərəfindən təsdiq edilən strategiyada 11 istiqamətin müəyyənləşməsi çox önəmli və mühüm hadisələrdən biridir.
Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin ictimaiyyətə təqdim edilməsi açıq hökumət, yaxşı idarəetmə, şəffaflıq və hesabatlılıq meyarlarına uyğundur. Bu xəritələrin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi, əhalinin sosial rifahı, habelə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsi işlərinə xidmət edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM