Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:45 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixin və bu günün işığında Nadir şah
Tarixin və bu günün işığında Nadir şah
ANA SƏHİFƏ / Mədəniyyət
12:07 25.07.2018

 

İngilis şərqşünası və tarixçisi Maykl Aksvörtinin “İranın qılıncı. Nadir şah tayfa döyüşçüsündən fateh müstəbidə qədər” kitabının Azərbaycan dilinə tərcüməsi və nəşri son dövrdə elmi ictimaiyyətimizin həyatında baş vermiş diqqətədəyər hadisələrdən biridir. Bunun bir neçə səbəbi var. 

İlk növbədə ona görə ki, bu kitab Azərbaycan və Yaxın Şərq tarixində ən dərin iz qoymuş şəxsiyyətlərdən birinin həyat və fəaliyyətinə həsr olunub. Eyni zamanda nəzərə alınmalıdır ki, bu şəxsiyyətin tarixdəki yeri, onun siyasi və hərbi fəaliyyəti istər bizim tarixşünaslıqda, istərsə də xarici, xüsusilə Qərb şərqşünaslığında ənənəvi olaraq birmənalı qəbul edilməyib.
Bu baxımdan Nadir şah kimi möhtəşəm tarixi personajın bütün əzəməti və ziddiyyətləri ilə yenidən, ciddi və dərin şəkildə öyrənilməsi və dəyərləndirilməsi elmimizin ümdə vəzifələrindən biridir. Çünki Nadir şah İran və Qərbdə sadəcə bir İran hökmdarı kimi qələmə verilsə də, əslən Azərbaycan xalqının övladıdır, soykökü etibarilə oğuz-türkman mühitinin əfşar boyundan çıxmış Azərbaycan türküdür.
Nəhayət, Nadir şahın Azərbaycan xalqının tarixinə, xüsusilə dövlətçilik tarixinə aidiyyəti nədir, bunların arasında nə dərəcədə əlaqə mövcuddur - bu suallar yalnız akademik xarakter daşımır, onlar həm də bizim tarixi şüurumuzun fundamental məsələləridir. Və onların önəmini dərk etmək və ciddi elmi araşdırma mövzusuna çevirmək üçün Nadir şah haqqında dünya tarixşünaslığının, xüsusilə Qərb elminin önəmli əsərlərini dəyərləndirmək və konsepsiyalarını bilmək və təhlil etmək zəruridir. Xüsusilə nəzərə alsaq ki, dünya tarixində Sezar, Çingiz xan, Əmir Teymur, Napoleon kimi şöhrətli sərkərdə və fatehlərlə müqayisə edilən bu şəxsiyyət haqqında yazılan əsərlərin sayı nisbətən çox deyil.
Sadəcə, xatırlatmaq istərdim ki, sovet şərqşünaslığında Nadir şaha həsr edilən ən fundamental əsər Marianna Arunova və Klara Aşrafyanın 1958-ci ildə Moskvada rus dilində işıq üzü görmüş “Nadir şah Əfşarın dövləti” adlı monoqrafiyası sayılırdı və uzun müddət rusdilli elmi ədəbiyyatda bu böyük şəxsiyyətə, bir qayda olaraq, qeyd edilən monoqrafiyanın bir sıra mübahisəli dəyərləndirmələri əsasında qiymət verilirdi. Şübhəsiz, qeyd edilən kitabın müəlliflərinin milli mənsubiyyətindən doğan yanlış baxışlar və əsərin əsasən Sovetlər İttifaqında əldə edilə bilən mənbələr əsasında yazılması həmin tədqiqatda heç də Nadir şah haqqında tam gerçək tarixi yazmağa imkan verməmişdir. Bu mənada son dövrlərdə Qərb şərqşünaslığında Nadir şahla bağlı işıq üzü görmüş diqqətədəyər əsərlərdən biri tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin 2006-cı ildə Londonda nəşr olunmuş kitabıdır.
Zənnimcə, heç də təsadüfi deyildir ki, bu kitabın ana dilimizə tərcümə və nəşrinin təşəbbüskarı, eyni zamanda, redaktoru və ön söz müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Ramiz müəllim son illər tariximizin bir sıra fundamental problemləri ilə əlaqədar öz fikri və mövqeyini bir neçə mühüm çıxış, yazı və monoqrafiyalarında prinsipial şəkildə ifadə etmiş alimdir. Xüsusilə, dövlətçilik tariximizdə müstəsna rol oynamış Şah İsmayıl və Nadir şah kimi şəxsiyyətlər, tarixşünaslığımızın metodoloji və konseptual məsələləri, Azərbaycanda tarix elminin inkişafı üçün zəruri istiqamətlərin müəyyənləşdirilməsi kimi problemlər onun əsərlərində önəmli yer tutur.
Bunun səbəblərini aydınlaşdırmaq üçün qeyd edilən problemlər üzərində sadəcə, elmi çərçivə daxilində düşünməklə məhdudlaşmaq kifayət etmir. Məsələyə daha qlobal müstəvidə baxmaq, müasir dünyanın çağırışları kontekstində müstəqil dövlətçiliyimizin bu günü və gələcək perspektivlərini nəzərə almaq zəruridir. Son zamanlar istər dünyada, istərsə də bizim ətraf regionda və qonşu ölkələrdə baş verən dramatik hadisələr məlum həqiqəti tam çılpaqlığı ilə bir daha üzə çıxarır və qarşımızda qoyur - tarixi yaddaşı zəif və milli şüuru yetkin olmayan xalqlar öz istiqlalı və dövlətçiliyinin qədrini lazımi səviyyədə dərk edə bilmir, onları istər daxili, istər xarici təhdidlər qarşısında qorumaq iradəsinə sahib olmur və bu müqəddəs dəyərləri itirmək təhlükəsi ilə üzləşir. Bu baxımdan Yaxın Şərqin bəzi ərəb ölkələrinin acı taleyi hamının gözü önündədir. Təhdid və təhlükələr qarşısında milli həmrəylik və yüksək dövlətçilik şüuru nümayiş etdirə bilməyən cəmiyyətlər qısa bir zamanda müxtəlif sosial, etnik və məzhəb maraqları əsasında parçalanır, nəticə etibarı ilə öz siyasi suverenliyi və ərazi bütövlüyünü qorumaq iqtidarından məhrum olurlar. Öz dövlətçiliyini itirən xalqın aqibəti isə məlumdur. Bu baxımdan müstəqil dövlətçiliyin qədrini bilmək, onu daxildə və xaricdə necə qorumağı anlamaq üçün cəmiyyətin güclü tarixi yaddaş, milli şüur və vətəndaşlıq həmrəyliyi hisslərinə sahib olması son dərəcə mühüm şərtdir. Düşünürəm ki, akademik Ramiz Mehdiyevin öz əsərlərində dönə-dönə tariximizin belə önəmli məsələlərinə diqqəti cəlb etməsi, ilk növbədə, onun təcrübəli dövlət xadimi və alim kimi müasir Azərbaycan dövlətçiliyinin keçmişi, bu günü və gələcək istiqaməti inkişafına işıq tutmaq ehtiyacından irəli gəlir.
Nadir şahın bir dövlət xadimi, sərkərdə, diplomat və inzibatçı kimi fəaliyyəti, üzərindən təqribən 300 il ötsə də, bu gün də öz aktuallığını qoruyur. Nadirin qurduğu dövlətin tarixi təcrübəsi Azərbaycan dövlətçilik tarixinin düzgün dərk edilməsi üçün son dərəcə zəngin material verir. Bu təcrübəyə müraciət etmək, üzərində düşünmək və müzakirələr aparmaq dövlətçilik arxetiplərinin güclü və zəif tərəflərini doğru dəyərləndirmək baxımından önəmlidir. Çünki ot kökü üstə bitdiyi kimi, hər dövlət də öz tarixi təcrübəsinin üzərində formalaşır və inkişaf edir. Bu nöqteyi-nəzərdən keçmişlə bugünün səsləşməsini, müasirliyin üzərinə tarixin kölgəsinin düşdüyünü nəzərə almadan bir sıra önəmli ictimai məsələlərin həlli müşkül ola bilər. Akademik Ramiz Mehdiyevin qeyd edilən məsələlərlə bağlı M.Aksvörtinin kitabına yazdığı və əslində, tarixi esse xarakteri daşıyan ön sözündə xeyli maraqlı düşüncələr yer alır. Tarixdə şəxsiyyətin rolu, dövlət qurucusu və başçısının keçdiyi sınaqlar və onların düzgün dəyərləndirilməsi, hökmdar-siyasi elita münasibəti, dövlət idarəçiliyində tutulması mühüm olan yol və tətbiq edilməsi gərək olan prinsiplər - bütün bu və digər suallarla əlaqədar ön söz müəllifinin irəli sürdüyü mülahizələr, dövlətçilik tariximizdə istər müsbət, istərsə də bəzi mənfi ənənələrin təhlili, əslində, universal xarakter daşıyır. Məsələn, Səfəvilərin son dövründə hakim feodal sinfin nümayəndələrinin öz şəxsi dar mənfəətlərini dövlətin mənafeyindən üstün tutmalarının mərkəzi hakimiyyəti necə zəiflətməsi, nəticə etibarilə Səfəvi dövlətinin çökməsi problemləri məharətlə təhlil edilir. Həqiqətən, M.Aksvörti özü də əsərində etiraf edir ki, “Şah Sultan Hüseynin hakimiyyətinin son illərində sanki məqsədli şəkildə iqtidarı gözdən salacaq hər şey edilirdi. Saray əyanlarından kimsə dövlətə təhdid törədən təhlükənin qarşısını almağa çalışdıqda, həmin şəxsin uğur əldə edəcəyindən ehtiyatlanan digər məmurlar çəkişmələrə əl atıb onu gözdən salmaq üçün bir-biri ilə yarışırdılar... Bütün bunların yekunu olaraq Səfəvi dövləti süquta uğradı. Çünki mühüm dövlət vəzifələrinin etibar edildiyi şəxslərin heç biri öz məsuliyyətini dərk etmir, əksinə, dövlətə zərər vuran fəaliyyətlə məşğul olurdular. Saray əyanları sanki başqa bir dünyanın sakini idilər və hakimiyyətin aqibəti onları qətiyyən maraqlandırmadığından hər kəs qayğısız və rahat həyat sürməyə davam edirdi”.
Dövlətçilik tariximiz baxımından ibrətamiz səciyyə daşıyan bu hadisələr, onların ingilis şərqşünası tərəfindən dəyərləndirilməsi akademik Ramiz Mehdiyevin diqqətini xüsusilə çəkir və onları bir alim və dövlət xadimi mövqeyindən təhlil etməyə sövq edir. Kitaba yazılan ön sözdə qeyd olunur ki, “Nadirin siyasi qərarlar vermək və dövlətçilik məsələlərində tutduğu qətiyyətli mövqe şəxsi mənfəətlərini güdən, mənsəbpərəst, qanun-qaydaya tabe olmaq istəməyən nüfuzlu feodalları və əyanları son nəticədə onları əməli fəaliyyət tələb edən hökmdara qarşı birləşməyə sövq etmiş başlıca amilə çevrilmişdi. Həmin feodallar həmişə tayfa-qəbilə münasibətləri sistemində yaşayan, əsrlərdən bəri sərt idarəçilik üsuluna alışmış, yalnız güclü, qətiyyətli şəxsiyyətin iradəsi ilə birləşib, böyük hərbi-siyasi uğurlar əldə etməyə adət etmiş insan kütləsinin ancaq işlək qanunlarla vahid siyasi çətir altında toplaşıb bütöv bir xalq ola biləcəyini anlamaqda çətinlik çəkirdilər. Bu cür siyasi şüursuzluğun nəticəsi idi ki, dövlətçilik miqyasında düşünmək qabiliyyəti olmayan, vətən təəssübkeşliyindən uzaq ayrı-ayrı əyanlar həlledici məqamda doğma xalqın gələcək taleyini qısamüddətli fərdi mənfəətlərə qurban verəcək qədər alçala bilmişdilər!”. Kitaba yazılan ön sözdə belə passajlar oxucunu düşündürür, istər-istəməz onun diqqətini Azərbaycan dövlətçilik tarixinin arxetipləri üzərində cəmləməyə və mühüm nəticələrə gəlməyə sövq edir.
Bununla yanaşı, tarixi düşüncə və dövlətçilik şüurunun sağlam inkişafı üçün tarix elmimizin müasir dünya elmi səviyyəsinə yüksəlməsi, müasir elmi konsepsiya və standartlara üz tutması da son dərəcə zəruri bir məsələdir. Bu məsələ akademik Ramiz Mehdiyevin istər “Nadir şah” kitabına yazdığı ön sözdə, istər onun Moskvada keçən il rus dilində çap olunmuş “Milli ideyanın formalaşmasında tarixin idrakının faydası haqqında” adlı monoqrafiyasında, istərsə də bir sıra digər yazılarında dəfələrlə vurğulanır. “Nadir şah” monoqrafiyasının elmi metodologiyasını və müəllifin üslubunu dəyərləndirən Ramiz müəllim xüsusi olaraq qeyd edir ki, bu kitabın Azərbaycan dilində nəşrinin faydalarından biri onun bir tarixi araşdırma nümunəsi kimi bizim elmi ictimaiyyətə təqdim edilməsindədir. Bəzən təsvirçiliyə, və ya “salnaməçiliyə” meyil edən müasir tarixçilərimizin bir hissəsi “analitik tarix”in nümunəsi olan bu əsərdən mühüm metodoloji üsullar əxz edə bilərlər. Bunların arasında ilk növbədə, hadisələri geniş tarixi kontekstdə təhlil etmək, onları bir-biri ilə əlaqəli şəkildə və səbəb-nəticə zənciri çərçivəsində dəyərləndirmək kimi cəhətlər nəzərdə tutulur. Eyni zamanda, müasir Azərbaycan tarixşünaslığında mövcud olan bir sıra digər dərin kök salmış problemlərin aradan qaldırılmasının zərurəti vurğulanmaqla tarix elmi sahəsində yaradıcılığın dəyərinin artıq məlum faktlar və başqa müəlliflərin fikirlərinin təkrarlanması və ya tərcümə edilməsi ilə deyil, bu sahədə yeni, orijinal və analitik yanaşmaların ortaya qoyulması ilə ölçüldüyü bir daha xatırladılır və qeyd edilir ki, “elm saxtakarlığı, gözdən pərdə asmağı qətiyyən sevmir və belə cəhdlər edənlər başa düşməlidirlər ki, onlar heç kəsi deyil, məhz özlərini aldadırlar”.
M.Aksvörtinin öz əsərində Nadir şahın şəxsiyyəti və fəaliyyəti, dövrün tarixi hadisələri ilə bağlı irəli sürdüyü bir sıra konseptual mülahizələri qəbul etmək mümkündür, bəziləri ilə isə birmənalı şəkildə razılaşmaq imkansız görünür. Bundan başqa, bu kitab sırf akademik xarakter daşımır, müəyyən dərəcə elmi-populyar üslubda qələmə alınıb. Belə ki, müəllif bir çox önəmli və yeni mənbə və araşdırma əsərlərinə istinad versə də, elmi aparat kitabda öz əksini tapmayıb. Belə olan halda ortaya sual çıxa bilər ki, bu əsərin Azərbaycan dilində nəşr edilməsinin səbəbi nə idi? Şübhəsiz, ən mühüm səbəblərdən biri Qərb şərqşünaslığında meydana çıxan, tariximizlə bilavasitə əlaqədar olan və xüsusilə haqqında nisbətən az fundamental əsər qələmə alınmış Nadir şahla bağlı yeni əsərlərlə Azərbaycan oxucusunu tanış etməkdir. Sonuncu məqama müəllif özü kitabında düzgün qiymət verir. Nadir şahın 1739-cu ildə Dehlini fəth etməsindən sonra Hindistanda öz müstəmləkəçilik siyasətini fəal şəkildə həyata keçirməyə başlayan İngiltərə bu zəkalı hökmdarın fəaliyyəti və uğurlarını uzun müddət kölgədə saxlamağı üstün tutmuşdur. Çünki Viktorian dövrü ingilis tarixşlünaslığının ənənələrinə görə, Şərq aləmi “dinamik və tərəqqiyə yönəlmiş” Avropa toplumlarından fərqli olaraq, “statik və passiv” bir cəmiyyət tipi kimi dəyərləndirilirdi. Nadir şahın enerjili və islahatçı fəaliyyəti isə bu avrosentrist ictimai-tarixi konsepsiya ilə ziddiyyət təşkil edirdi, sxemin əsas postulatlarını pozurdu. M.Aksvörti etiraf etmək məcburiyyətində qalır ki, Nadirin “Hindistanda hərbi uğurları Kliv və digər müstəmləkəçilərin şöhrətini geridə qoya bilərdi və ümumilikdə Qərbin hərbi gücünün müstəsnalığına kölgə salmış olardı”.
Nadir şah şəxsiyyəti nə səbəblə bizim tarix üçün mühümdür? Axı, zahirən Nadir Azərbaycanda deyil, İranın şərq bölgəsi olan Xorasanda anadan olub, fəaliyyətinin böyük hissəsi orada keçib, hətta öz dövlətini qurduqdan sonra paytaxtını da Məşhəd şəhərinə keçirib. Yeri gəlmişkən qeyd etmək gərəkdir ki, İran və Qərb şərqşünaslığında da bu zahiri əlamətlərə üstünlük verilərək, Nadir şahı məhz İran hökmdarı, İranın xilaskarı və İran tarixinin qəhrəmanı kimi dəyərləndirirlər. Bu baxımdan M.Aksvörtinin kitabı da istisna deyil. Bu əsərdə Nadirin Azərbaycanla, Azərbaycanın tarixi-mədəni mühiti ilə əlaqəsi barədə bir kəlmə də söz deyilmir. Və bu cəhət akademik Ramiz Mehdiyevin ön sözündə haqlı və kəskin tənqidə məruz qalır.
Bununla belə, obyektiv olaraq Nadir şahın şəxsiyyətini Azərbaycan mühiti və tarixindən bir neçə səbəbə görə ayrı tutmaq qətiyyən mümkün deyil. Bunları sadalamaq və təhlil etmək yerində olardı:
1. Yuxarıda da qeyd edildiyi kimi, Nadir əslən Azərbaycan türklərindən olub, Azərbaycandan Xorasana köçürülmüş qızılbaş oğuz-türkman boyu olan əfşarların qırxlı tayfasına mənsub idi. Bu baxımdan Nadirin nəsli etnomədəni köklə Azərbaycana bağlı idi.
2. Bu nəsil Xorasana, yəni, İranın şimal-şərqinə köçürüldükdən sonra bir çoxlarının təsəvvür edə biləcəyi kimi, yabançı fars mühitinə düşmədi. Xorasan orta əsrlərdə polietnik və türklərin də çox sayda yaşadığı bir bölgə idi. Hələ Səlcuq dövründə, yəni, X əsrin sonu-XI əsrin əvvəllərində buralar bir oğuz-türkman eli idi və bu yerlərdən Azərbaycana və Anadoluya güclü türk köçləri və axınları baş verirdi. Əslində, Səlcuq imperiyasının ilkin formalaşması və bərqərar olması da burada baş vermişdi. Bilindiyi kimi, Toğrul bəy özünü 1038-ci ildə Xorasanda Nişapur şəhərində sultan elan etmişdi. Xorasan islam dövründə oğuz-türk mədəniyyəti və ədəbiyyatının formalaşması və inkişafında da müstəsna rol oynamışdır. Orta əsrlər türk təsəvvüfünün ocağı Xorasan olmuş və tariximizdə “Xorasan ərənləri” kimi tanınan türk sufilərinin adı da təsadüfən meydana çıxmamışdı. Və nəhayət, biz anadilli ədəbiyyatımızın köklərini araşdırarkən istər-istəməz üzümüzü Xorasana tuturuq, çünki XIII əsrin sonunda Azərbaycan-türk dilində ilk qəzəllərini yazan Həsənoğlu əslən Xorasanın Əsfərain şəhərindən idi. Bütün bunlar bir şeyi nümayiş etdirir: Azərbaycan məfhumu və Azərbaycan tarixi yalnız bugünün siyasi sərhədləri çərçivəsində götürüldükdə, onları qətiyyən tam dolğunluğu və mənasıyla anlamaq mümkün olmur. Keçmiş zamanlarda Azərbaycanın tarixi-mədəni mühiti bugünkündən qat-qat geniş olmuşdur, ona görə də siyasi və mədəni tariximizi öyrəndikdə bu gerçəklik mütləq nəzərə alınmalıdır.
3. Nadirin həyat və fəaliyyətinə diqqət yetirdikdə bir daha şahid oluruq ki, bu gerçəklik əsrlərlə, hər halda, XX əsrdə İranda Pəhləvilər tərəfindən irqçi paniranizm siyasəti həyata keçirilməyə başlayana qədər dəyişməmişdir. Biz görürük ki, Nadir ailədə, məişətdə, öz dostları, əqrəbaları, həmyerliləri ilə həmişə ana dilində, yəni, türk dilində danışıb. Fars dilini o, artıq xeyli böyüdüyü zaman öyrənib. Ordu sıralarında və hətta böyük hökmdar olduğu zaman da Nadir həmişə türkcə danışıb, müstəsna hallarda fars dilindən istifadə edib. Nadirin saray tarixçisi və yaxın sirdaşı olan Mirzə Mehdi xan Astarabadi bu dövrdə türk dilinin lüğəti və qrammatikasına həsr olunmuş özünün məşhur “Sənglax” əsərini qələmə almışdır. Nadirin dövründə sarayda, dövlət işlərində, orduda ən çox işlənən dil türk dili olub. Osmanlı səfirləri ilə və hətta 1739-cu ildə Hindistanın hökmdarı Məhəmməd şahla görüşündə o, türk dilində danışırdı. Nadir şah Hindistanın paytaxtı Dehlini tutduqda Məhəmməd şahı taxtdan endirməmiş və bunun səbəbini onunla izah etmişdir ki, onlar hər ikisi türk-türkman nəslindən gəlirlər və türkmanlıq adətinə görə Nadir Əmir Teymurun və Baburun nəslinə mənsub olan Məhəmməd şahın hakimiyyətinə qıya bilməzdi. Nadirin öz dilindən bu türkmanlıq təəssübü belə səsləndirilir: “Bu ölkənin (Hindistanın, Böyük Moğol imperiyasının - Ş.M.) vilayətlərinin fəth edilməsi və işlərin qaydaya salınması asanlaşıb təkmilləşəndən bir az sonra İlahi dərgahına möhtac olanın (Nadir şahın - Ş.M.) türkman və adı çəkilən padşahın (Məhəmməd şahın - Ş.M.) türkmaniyyə ümmətinin və cəlalətli Gürqaniyyə (Teymurilər - Ş.M.) sülaləsinin nümayəndəsi olduqlarını nəzərə alaraq, bundan əvvəl olduğu kimi, el və birlik qaydası ilə Hindistan padşahlığını adı zikr olunmuş o ali məqama həvalə etdik və xütbə ilə sikkəni onun adına düzəltdik”.
Burada belə bir önəmli cəhətə də diqqəti cəlb etmək istərdim ki, orta əsrlərdə bütün islam şərqində yayılmış türk siyasi hakimiyyətinin etnomədəni şüur ilə bağlı cəhətlərini tədqiq etmək son dərəcə mühümdür. Çünki Nadir şahın nümayiş etdirdiyi türkman həmrəyliyi hissi Azərbaycan tarixində müstəsna bir hadisə deyildi. Belə ki, hələ XV əsrin əvvəllərində Qaraqoyunlu hökmdarı Qara Yusif Ağqoyunlu bəyi Qara Yölük Osmana məktub göndərərək sülh bağlamağı təklif etmişdi. Bu müraciətin ən önəmli tərəfi ondan ibarət idi ki, Qara Yusif barışığın zərurətini məhz onların ortaq etnik mənsubiyyəti - türkmanlığı ilə əsaslandırırdı: “Biz hər ikimiz türkman xalqındanıq. Bundan sonra bir-birimizə qarşı vuruşmamalıyıq, bundan artıq bir-birimizi əzməməliyik”.
4. Ancaq məsələ yalnız Nadirin şəxsi görüşlərində, onun türk dili və mədəniyyətinə bağlılığında, hətta müəyyən mənada onun türk təəssübkeşliyində deyildi. Bu məsələni daha geniş kontekstdə, Azərbaycan dövlətçiliyi fonunda dəyərləndirmək lazımdır. Səfəvi dövləti və sülaləsinin daxili tənəzzül və xarici zərbələr, daha doğrusu, 1722-ci ildə əfqanların hücumları nəticəsində çökməsindən sonra mərkəzi müsəlman torpaqları və ya bu gün İran adlanan geniş ərazidə siyasi hakimiyyətsizlik, parçalanma, xaos hökm sürürdü. Keçmiş Səfəvi ərazilərinin şərq və cənub torpaqları İsfahanla birlikdə əfqanların, şimal-qərb torpaqları, yəni, Azərbaycanın böyük hissəsi Osmanlıların, Azərbaycanın Xəzəryanı əraziləri isə rusların əlinə keçmişdi. Belə bir şəraitdə bu ərazilərin siyasi birliyini bərpa etmək ağlasığmaz dərəcədə çətin, bəlkə də artıq mümkün olmayan bir məsələ idi. Ancaq bu dəfə də Azərbaycan və bütün İranın türk xalqı öz milli varlığı və dövlətçilik iradəsini ortaya qoydu, Nadir kimi həqiqətən, dünya tarixində nadir bir şəxsiyyəti yetişdirdi, o, dəmir iradəsi, əzmkarlığı, hərbi və inzibati istedadı ilə ordular yaratdı və təqribən 7-8 il ərzində Amu dəryadan Fərat çayına qədər əraziləri bütün yadellilərdən azad etdi. Bu təsəvvür edilməyəcək dərəcədə ağır bir işi yerinə yetirən, bu yolda olmazın əziyyətlərə məruz qalan, qurbanlar verən, əlində qılınc və tüfənglə düşmənlərə qarşı vuruşan və yenidən bu böyük ərazidə dövlətçiliyi bərpa edən xalq, ilk növbədə, məhz türklər - Azərbaycan türkləri idi. Azərbaycan xalqının bu qəhrəmanlıq dastanını yazmasının başlıca təsdiqi və Nadir tərəfindən etirafı onda idi ki, yeni dövlətin qurulması, Nadirin taxta çıxıb şah elan edilməsi 1736-cı ildə Azərbaycanda Muğan düzündə çağırılan qurultayda baş verdi. Bu qurultay qədim türk dövlətçilik ənənələrinin davamı olaraq, yeni qurulan Əfşar dövlətinin türk xarakterini vurğulamaq üçün təşkil edilmişdi. Çünki ən əski zamanlardan bəri, hələ islamdan öncə qədim Hun imperiyası və Türk xaqanlığı dövrlərində türk xaqanlarının taxta çıxma mərasimi məhz bu şəkildə baş verirdi. Təsadüfi deyil ki, Muğan qurultayında da qərar qəbul edə biləcək əmir və sərkərdələrin hamısı türk bəyləri idi. Heç şübhəsiz, Nadir şah Osmanlı sultanına yazdığı məktubda özünü “Tanrının inayəti ilə ... türkman elinin böyüyü və İran ilə Türküstan məmləkətlərinin sahibi” kimi təqdim etdikdə öz ali statusunun mahiyyətini açıq şəkildə ifadə edirdi. Burada İran və Türküstan məmləkətləri daha çox coğrafi anlayış kimi işlədildiyi halda, “Türkman eli” sözü birmənalı olaraq etnosiyasi anlam daşıyırdı. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, “türkman” sözü orta əsrlərdə islamı qəbul etmiş oğuzların etnonimi kimi istifadə edildiyi halda, təqribən XIII əsrdən etibarən Yaxın Şərq oğuzlarının, o cümlədən azərbaycanlıların xoroniminə də çevrilmişdi. Artıq XIV-XV əsrlərdə Azərbaycan və Şərqi Anadoluda yaranan dövlətlər özlərini “türkman” dövlətləri kimi təqdim edirdilər. Xüsusilə, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri tarixi mənbələrdə birmənalı şəkildə “məmaliki-türkmaniyyə”, sülalələr isə “səlatini-türkmaniyyə” adlandırılırdı. Mühüm bir amil ondan ibarətdir ki, bu dövlətlərin mərkəzini təşkil edən Azərbaycan və Şərqi Anadolu da tarixi qaynaqlarda “Türkman eli” olaraq tanıtdırılır. Məsələn, Osmanlı tarixçisi İbn Kamal XV əsrdə Qaramanlı bəyi Pir Əhmədin Ağqoyunlu Uzun Həsənin sarayına qaçması haqqında yazırdı ki, o, “tərki-diyar edib türkman elinə qaçdı, çıqdı vardı Azərbaycanda qərar etdi, asitani-Həsən xanda xizmət ixtiyar etdi”: və ya Azərbaycanın paytaxtı Təbriz barədə deyirdi ki, “Şəhri-Təbriz ki, darül-mülki-Türkman idi...”
Yuxarıda Qaraqoyunlu Qara Yusifin məktubundan da göründüyü kimi, xüsusilə XV əsrdə Azərbaycan türkləri öz etnomədəni mənsubiyyətlərini “türkman” kimliyi, öz vətənlərini isə “Türkman eli” məfhumu ilə ifadə edirdilər. Bu baxımdan Nadir şahın özünü “Türkman elinin böyüyü” adlandırması onun bu etnomədəni və etnosiyasi ənənənin davamçısı kimi çıxış etdiyini təsdiqləyir.
5. Nadir şahın Azərbaycanın taleyinə biganə olmaması həm də Azərbaycanın tarixi bir bütöv olaraq torpaqlarının inzibati birliyinin təmin edilməsində özünü göstərir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “Nadirin Azərbaycan tarixində müstəsna yerini şərtləndirən və Qərb şərqşünaslarının göz yumduqları həqiqətlərdən biri də onun azərbaycanlıların yaşadıqları torpaqları ilk dəfə “Azərbaycan” adlanan inzibati vahiddə birləşdirməsi faktıdır”. Həqiqətən, tarixi mənbələr də Nadirin istər taxta çıxmasından öncə, istərsə də Muğan qurultayından sonra şərti ifadə ilə “Azərbaycan məsələsini”, onun torpaq bütövlüyünü diqqətdə saxladığını təsdiq edir. Osmanlı sultanı I Mahmuda ünvanladığı məktubda Nadir şah xüsusi olaraq vurğulayırdı ki, Səfəvi dövlətinin yaranmasından sonra Osmanlı-Səfəvi müharibələri nəticəsində “keçmiş zamanlarda Türkman sultanlarına bağlı olmuş Azərbaycan məmləkətlərindən bəziləri ali Osman dövlətinin tərkibinə keçmişdi”. Nadir şah Əfşar iki dövlət arasında barış və dostluq şərtlərinə görə, “həmin iki məmləkətdən birini bağışlamaq qaydası ilə bu tərəfin tabeliyində olan məmləkətlərin hövzəsinə” qatılması, yəni, Azərbaycana qaytarılması arzusunu izhar edirdi.
Təbii ki, bütün yuxarıda deyilənlər məsələnin birtərəfli - sırf türkmərkəzli və Azərbaycanmərkəzli tarix görüşü çərçivəsində dəyərləndirilməsi mənasına gəlmir. Şübhəsiz, Azərbaycan və İran ərazisində yaranmış dövlətlərin şərti olaraq “etnik kimliyi” problemi daha mürəkkəb idi, tarixi gerçəklik daha əlvan, etnomədəni mühit daha rəngarəng idi. Bu dövrdə Şərqdə mövcud olan bütün böyük imperiyalar kimi Nadir şahın yaratdığı Əfşar dövləti də polietnik xarakter daşıyırdı və onun ərazisində yaşayan bütün xalqların nümayəndələri dövlətin inkişafına öz töhfələrini verirdilər. Burada söhbət sadəcə, bir qisim İran və Qərb şərqşünas və tarixçilərinin əsərlərində bu dövləti yalnız İran dövlətçilik tarixi çərçivəsində təqdim etmək, bu sahədə digər xalqların, xüsusilə Azərbaycan türklərinin aparıcı rolunu inkar etmək və ya kölgədə saxlamaq meyillərinə qarşı alternativ bir nəzər nöqtəsinin ortaya qoyulmasından gedir. Və qeyd etmək gərəkdir ki, akademik Ramiz Mehdiyevin ön sözündə bu problem kifayət qədər obyektiv və ətraflı işıqlandırılmış və qeyd edilmişdir ki, “Azərbaycanla İranın, Azərbaycan türkləri ilə farsların müştərək tarixə malik olduqları, eyni siyasi taleyi bölüşdükləri tarixi dövrlər, əlbəttə ki, olmuşdur və onların inkarı mənasızdır. Eyni ilə də həmin dövrlərin böyük əksəriyyətində farsların Azərbaycan türkləri tərəfindən qurulmuş müxtəlif imperiyaların təbəəsi olması faktı danılmaz faktdır”.
Beləliklə, öz tarixini mifləşdirmiş, Pəhləvilərin paniranizm siyasəti və nəzəriyyəsi çərçivəsində bütün məziyyətləri, mədəniyyəti, dili və hətta hərbi şücaəti farslara aid edən bəzi İran millətçiləri və tarixçiləri unudurlar və ya unutdurmağa çalışırlar ki, əgər bu gün onlar “İran” adlı vahid bir dövlətin sərhədləri daxilində yaşayırlarsa, bu xoşbəxtlikləri üçün ilk növbədə, Azərbaycan türklərinin fədakarlığı və qəhrəmanlığına borcludurlar. Çünki Nadir şah bu ərazidə dövlətçiliyi bərpa etməsəydi, Osmanlı və Rusiya kimi qüdrətli imperiyaların təzyiqi, baş qaldıran Avropa müstəmləkəçiliyinin zərbələri altında burada yenidən bir dövlət yaratmaq, bəlkə də bir daha mümkün olmayacaqdı. Ancaq Nadirin və Azərbaycan xalqının fədakarlığının sonrakı tarixdə nə ilə nəticələndiyi də göz qabağındadır. Nadirin ilk növbədə, bir türk imperiyası kimi gördüyü və qurmaq istədiyi dövlət XX əsrdə Pəhləvi dövründə fars şovinizmi və ari irqçiliyinin hökm sürdüyü, Azərbaycan dili və mədəniyyətinin qadağan edildiyi bir ölkəyə çevriləcəkdi. Təsadüfi deyil ki, ustad şairimiz Şəhriyar vətəninin acı taleyini ürək ağrısı ilə təsvir etdiyi “Azərbaycan” şeirində yuxarıda qeyd edilən həqiqətləri dilə gətirir:

Bütün dünya bilir - sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülk-i İran, Azərbaycan,

Bisütun-i inqilabda Şirin-Vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman,
Azərbaycan,

Qurtarmaqçün zalımların əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan,
Azərbaycan.
Bu da yəqin ki, tariximizdən çıxarmalı olduğumuz əsas ibrət dərsidir. Öz dilinin, mədəniyyətinin, dövlətinin qədrini bilməyən və qayğısını çəkməyən, canını, qanını, varını, gücünü özgələrin xidmətinə sərf edən xalq həmişə uduzmağa və kiçilməyə, alçaldılmağa və cılızlaşmağa məhkumdur. Cılız cəmiyyətlər isə Nadir kimi möhtəşəm şəxsiyyətlər yetişdirməyə qadir deyil. Və heç də təsadüfi deyil ki, Azərbaycan milli mədəniyyəti və şüurunun yüksəldiyi bir dövrdə, yəni, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milli müstəqil dövlətçilik düşüncəsi yaranmağa başladığı bir zaman ölkənin mütəfəkkir ziyalıları bu ideyaların rəmzinə çevrilə biləcək tarixi qəhrəmanlar axtararkən, ilk növbədə, Nadir şah obrazına müraciət etdilər. Bunun ilk örnəklərindən biri Nəriman Nərimanovun 1898-ci ildə yazdığı “Nadir şah” pyesidir.
Bir önəmli sual üzərində də diqqəti cəmləşdirmək düzgün olardı: Nadir şahın öz fəaliyyətinin əsas qayəsi kimi gördüyü siyasi və ictimai həyatın hər sahəsində köklü islahatlar aparıb möhtəşəm və cahanşümül imperiya qurmaq təşəbbüsü hansı səbəbdən nəticə etibarı ilə məğlubiyyətə uğradı? Nə üçün onun yaratdığı böyük dövlət öz qurucusunun ölümündən qısa bir müddət sonra süquta uğrayıb parçalandı? Sualın cavabı bu yazının formatına sığa bilməyəcək xeyli tarixi-sosioloji təhlil, çeşidli fakt və mülahizələrin analizini tələb edir. Ancaq məsələni qısa şəkildə dəyərləndirmək gərək olarsa, bir önəmli məqama xüsusi toxunmaq lazımdır. Əslində, nə qədər acı olsa da, etiraf edilməlidir ki, Nadir şahın böyük planları öncədən uğursuzluğa məhkum idi və bu uğursuzluğu onun yaşadığı zaman və məkanın özü müəyyənləşdirmişdi. Nadirin yaşadığı dövr ənənəvi sosial struktur və həyat tərzinə malik olan Şərq cəmiyyətlərinin çökdüyü və yeni, müasir və dinamik Avropa burjua toplumlarının sürətlə önə çıxdığı bir dövr idi. Burjua inqilabları mərhələsindən keçmiş Hollandiya və İngiltərə artıq Hind-Çindən başlamış Yaxın Şərqə qədər əhalinin sayı və təbii zənginlik baxımından özlərindən qat-qat iri olan ölkələri öz iqtisadi və siyasi təsiri altına almağa başlamışdılar. Onların qurduqları Ost-İnd şirkətləri, əslində, yeni bir hərbi-ticari müstəmləkə imperiyası tipini təmsil edir və bəşər tarixində kapitalizm dövrünün başlanğıcının müjdəsini verirdilər.
Kapitalizm özü ilə sosial dinamizm, rasional düşüncə tərzi və texnoloji tərəqqi gətirir və bununla dünya tarixində möhtəşəm rol oynamış ənənəvi tipli zəngin Şərq imperiyalarının sonunun yaxınlaşdığından xəbər verirdi. Nadir şahın var gücü ilə Osmanlılara qarşı mübarizə aparıb Səfəvi dövlətinin keçmiş qüdrətini kölgədə qoyacaq bir imperiya qurmaq arzusu ilə çarpışdığı zaman üç qitəyə yayılmış Osmanlı imperiyası artıq burjua Avropasının nəzərində “xəstə adama” çevrilməkdə idi. Nadirin Dehlini tutmasından bir müddət sonra İngiltərə müstəmləkəçiləri dünyanın ən zəngin və parlaq imperiyası olmuş Böyük Moğolları diz çökdürüb Hindistanı Britaniya imperiyasının baş tacına çevirəcəkdilər. XIX əsrin ortalarında isə həmin ingilislər “tiryək müharibələri” sayəsində Çin kimi qüdrətli imperiyanı yarımmüstəmləkə halına salacaqdılar. Bütün bu cahanşümul Şərq imperiyalarının Avropa müstəmləkəçiliyinə müqavimət göstərmək cəhdlərinin süquta uğramalarının səbəbi onların məhdud maliyyə və ya insan resurslarına malik olmalarında deyildi. Tam əksinə, Qərb burjuaziyasını tamahlandıran da elə onların əfsanəvi zənginlikləri idi. Səbəb ənənəvi Şərq cəmiyyətlərinin artıq keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş kapitalist toplumlarla yarışda rəqabətə dözə bilməmələri, intellektual, sosial, iqtisadi və texnoloji baxımdan geri qalmaları idi.
Avropa müstəmləkəçiliyi ilə ənənəvi cəmiyyət formatında qalaraq uğurlu mübarizə aparmaq mümkün deyildi. Yeganə yol köklü və hərtərəfli ictimai islahatların həyata keçirilməsi ilə sivilizasional müasirləşmənin təmin edilməsindən keçirdi. Bütün XIX əsr Şərq tarixində bu transformasiyanı zamanında və lazımi qətiyyətlə həyata keçirən və beləliklə, özünün istiqlalını və dünyadakı yerini təmin edə bilən ölkə Yaponiya olmuşdur. Meydzi islahatları yaponlara kapitalist düşərgədə özlərinə məxsus yer tutmağa imkan yaratmışdı. Ancaq unutmaq olmaz ki, Yaponiyada baş tutan islahatlar Nadir şahın ölümündən təqribən 120 il sonra, yəni, Böyük Fransız inqilabının təsiri ilə liberalizm və millətçilik ideyalarının Şərqi Avropaya və Asiya ölkələrinə yayılmasından sonra həyata keçirilmişdi.
Nadirin dövründə isə islam aləmində Avropa ilə Şərqin inkişaf istiqamətləri və sürətləri arasındakı fərq artıq hiss edilməyə başlansa da, onların dərin sivilizasional səbəbləri hələ lazımi səviyyədə dərk edilmirdi. Belə ki, Avropa ilə bilavasitə və yaxın münasibətləri olan Osmanlı imperiyasında ilk ciddi islahat təşəbbüsləri XVIII əsrin ilk illərində başlamışdır. Sultan III Əhməd və baş vəzir Nevşəhirli Damad İbrahim paşa kimi islahatçı Osmanlı dövlət xadimləri imperiyanın Qərbdən get-gedə geri qalmasını anlayır və təcili dəyişikliklərin həyata keçirilməsini zəruri hesab edirdilər. Bu dövrdə Osmanlı cəmiyyətinin həyatında Avropanın təsiri ilə, həqiqətən, bir sıra önəmli yeniliklər əmələ gəlmiş, onlardan ən ciddisi də ilk mətbəənin yaradılması və türk kitab nəşrinin başlanması olmuşdur. Ancaq Osmanlı elitası bu cahanşümul proseslərin dərinliyini dərk etməkdə hələ aciz idi və bu tarixi çağırışlara səthi cavab verməklə vəziyyətdən çıxa biləcəyini sanırdı. O, sürətlə tərəqqi edən Qərblə rəqabətdə geri qalmamaq üçün Avropanın bəzi hərbi və mədəni nailiyyətlərini təqlid etməklə ortadakı fərqi aradan götürəcəyinə inanırdı. Təsadüfi deyil ki, bu avropasayağı islahatlar dövrü Osmanlı tarixində “Lalə dövrü” adını almışdır. Çünki Osmanlı elitası Holland lalələrinin gözəlliyinə düşkünlüklə ictimai-mədəni həyatın bu zahiri atributlarına aludə olub Şərqlə Avropa arasındakı dərin sosial və intellektual fərqi nəzərdən qaçırmışdı. “Lalə dövrü” islahatlarının uğursuzluğunun, 1730-cu ildə Patrona Xəlil üsyanı nəticəsində III Sultan Əhmədin taxtdan endirilməsi və baş vəzir İbrahim paşanın qətlə yetirilməsinin əsas səbəbi Osmanlı elitasının baş verən qlobal tarixi transformasiyaların mahiyyətini tam şəkildə dərk edə bilməməsi və ənənəvi cəmiyyət çərçivəsində səthi islahatların aparılması ilə Osmanlı dövlətinin Avropadan geri qalmasına son qoymaq cəhdləri olmuşdur.
Öz daxili siyasətində Nadir şahın nə dərəcədə “Lalə dövrü” Osmanlı islahatlarından təsirlənməsi məsələsi hələ də ciddi tədqiqatlara ehtiyacı olan mövzu kimi qalmaqdadır. Ancaq bir şey aydındır ki, Nadir şah da bir sıra tərəqqipərvər görüşləri, reformist ruhu və qətiyyətli siyasətinə baxmayaraq, Osmanlı elitasından o qədər də irəli gedə bilməmiş, bütün gücünü mərkəzləşdirilmiş və qüdrətli, lakin, eyni zamanda, ənənəvi Şərq tipli imperiyanın yaradılması və möhkəmləndirilməsinə sərf etmişdi. Bu baxımdan, Əmir Teymurun ömür yolunu xatırladan Nadirin həyatı bəlkə də Maykl Aksvörti tərəfindən təsadüfi olaraq “tayfa döyüşcüsündən fateh müstəbidə qədər” aparan yol kimi dəyərləndirilməmişdir. Bu yolda dahiyanə şəxsi keyfiyyətləri sayəsində müstəsna uğurlar qazansa da, Nadir şah qlobal tarixin məntiqi və gedişatına qələbə çala bilmədi. Beləliklə, onun da islahatları ənənəvi cəmiyyət qəlibindən kənara çıxa bilmədiyi üçün nəticə etibarı ilə öz məqsədinə yetə bilməmişdi.
Heç şübhəsiz, Nadirin ömrünün faciəvi sonu, onun 1747-ci ildə öz yaxın silahdaşları tərəfindən qətlə yetirilməsi həm də bir məlum həqiqətdən xəbər verir: cəmiyyətdə dərin və köklü islahatlar aparmaq üçün yalnız liderin enerjisi, qətiyyəti və zəkası kifayət etmir. Ən önəmli şərt mühitin də bu dəyişiklikləri anlaması, onları dəstəkləməsi amili olmalıdır. XVIII əsrin birinci yarısında Azərbaycan və İranda belə mühit hələ yetişməmişdi. Tarixi mənbələrin verdiyi məlumatların sətiraltısı Nadirin enerjisinin əksər hissəsinin xarici qəsbkarlara deyil, daxili müqavimətə qarşı mübarizəyə sərf olunduğunu göstərir. Ən faciəli fakt da ondan ibarətdir ki, bu mübarizə, sadəcə, keçmiş Səfəvi dövlətinin Təhmasib başda olmaqla İsfahanın çürük ruhunu içinə hopdurmuş elitasına deyil, aşağı təbəqənin, hətta öz əlləri ilə yaratdığı ordunun nümayəndələrinə qarşı idi, həm də bu qarşıdurma aralıqsız hər gün, hər saat və hər dəqiqə davam edirdi. Buna kiçik bir örnək vermək kifayətdir. Dehlinin ələ keçirilməsindən sonra Nadir şah oğlu Nəsrullah Mirzəni Teymurilər nəslindən olan bir xatunla evləndirdiyi gün onun əsgərlərindən bir hissəsi itaətdən çıxmış və Nadirin dini sahədə yasaqlarına əhəmiyyət verməyərək, şəhərin meydanlarında toplaşıb məhərrəm ayının ənənəsinə uyğun şəkildə mərsiyələr deyib əzadarlıqla məşğul olmağa başlamışdılar. Bu sahədə ciddi islahatlar aparmaq fikrində olan Nadir hətta öz əsgərlərinin müqavimətinə rast gədikdə son dərəcə qəzəblənmiş və M.Aksvörtinin yazdığı kimi, itaət etməyən adamlarını edam etdirmiş və meyitlərini şəhər darvazasında bir ay müddətində asılı saxlamağa əmr vermişdi ki, digərlərinə də ibrət olsun.

(ardı var)

 

Şahin MUSTAFAYEV,
akademik


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM