25 Iyul 2018 12:07
374
İQTİSADİYYAT
A- A+

Kəndlinin yay günləri

 

Bu günlər yayın istisi qədim Muğanın bir parçası olan Biləsuvar rayonunda da tüğyan edir. Hər tərəf sanki yanan təndiri xatırladır. Hərdən meh əssə də, özü ilə isti gətirib, üz-göz vurur. Hər yerdə olduğu kimi, burada da havaların belə anomal isti keçməsi kənd adamlarını, fermer və torpaq mülkiyyətçilərinin əlini işdən soyutmur. Onlar səhər və axşam vaxtları işləyir, istinin pik vaxtında dincəlirlər. Biləsuvar RİH-nin məsul işçisi Mirzə Cəfərovla kənd əməkçilərinə baş çəkdik, onların işi, qayğıları ilə maraqlandıq.

 

Taxıl biçini başa çatmışdır

 

Taxıl elin sərvəti, xalqın çörəyidir. Qədim zamanlardan indiyə kimi kəndli yetişdirdiyi taxılın bir hissəsini öz ailəsi üçün saxlamış, bir hissəsini yem, bir hissəsini növbəti təsərrüfat ili üçün toxum götürmüş, qalanını satıb xeyirini-şərini yola vermişdir.
Biləsuvarlılar məhsuldarlığa həmişə çox diqqət verirlər. Buna görə də şumdan başlamış biçinə kimi aqrotexniki tədbirlərə vaxtında əməl edir, sahələrə nümunəvi qulluq göstərirlər, toxum məsələsi də öz yerində. Rayonda toxumçuluq üzrə ixtisaslaşdırılmış bir neçə fermer təsərrüfatı fəaliyyət göstərir.
Cari ilin məhsulu üçün keçən ilin payızında rayon üzrə 27 min 480 hektara taxıl səpilmişdir. Bunun 14 min 414 hektarı buğda, 13 min 64 hektarı arpa olmuşdur. Bunlar birlikdə keçən təsərrüfat ilindəkindən təxminən 6 min hektar çoxdur. Muğanda, o cümlədən Biləsuvarda taxıl biçini artıq başa çatmışdır. Mövsüm ərzində hər gün zəmilərdən gün batana kimi 50 kombaynın səsi kəsilməmişdir. Nəticələr torpaq mülkiyyətçilərini, fermerləri qane edir. Orta hesabla hər hektardan 30 sentner buğda, 26 sentner arpa götürülmüşdür. Ayrı-ayrı fermerlərdən Valeh Seyfiyev, Səxavət Bağırov, Telman Əliyev, Xudaverdi Mahmudov, Yusif Zeynalov və başqaları isə daha çox - 45-55 sentner arasında məhsul əldə etmişlər.
Xırmandalı rayonun ən iri kəndlərindəndir. Adından da göründüyü kimi, burada yaşayan əhali qədimdən əkin-biçin, o cümlədən taxılçılıqla məşğuldur. Sovetlər birliyi zamanında buradakı “Telman” adına kolxoza uzun müddət Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Həsənova rəhbərlik etmişdir. Ərəstun Məmmədov, Yunis Hacıyev kimi əmək qəhrəmanları da vaxtilə bu təsərrüfatda işləyib, ad-san qazanmışlar.
Kənd inzibati ərazi nümayəndəsi Rahib Hacıyev dedi ki, hazırda kənddə 10 mindən çox əhali yaşayır. 2,6 min ailənin hər biri keçmişdən miras qalan əmək ənənələrini davam etdirir. Taxıl, pambıq, yonca, bostan-tərəvəz əkib-becərir, mal-qara saxlayır. Kənddə 2 məktəb, 1 xəstəxana, poçt, EATS, uşaq bağçası (bu günlərdə daha bir uşaq bağçası da istifadəyə veriləcək), 3 şadlıq sarayı, mağazalar və digər sosial obyektlər fəaliyyət göstərir. Kəndin yolları, demək olar ki, başdan-başa asfaltlaşdırılmışdır. Keçən il kənddə 50 müasir yaşayış evi tikilmiş və bu qədər də gənc ailə qurmuşdur. Kəndə çəkilən su kəməri cari ilin mart ayında istifadəyə verilmişdir. Nümayəndəliyin ərazisində 2 min 634 hektar əkin sahəsi vardır.

 

Pambıq tarlalarında ikinci kompleks becərmə gedir

 

Rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrində olduğu kimi, pambıqçılıqda da yaxşı təcrübə mövcuddur. Biləsuvarlılar pambığın strateji əhəmiyyətli bitki olduğunu, yüksək gəlir gətirdiyini, eyni zamanda, digər bitkilər üçün sələf olduğunu çox yaxşı bilirlər. 2016-2017-ci illərdə onlar yüksək göstəricilərə nail olublar.
Hazırda rayonda pambıq istehsalı və tədarükü ilə üç təşkilat - “MKT-İK” MMC-nin Biləsuvar filialı, “CTS-AQRO” MMC və “Biləsuvar Kənd Təsərrüfatı” MMC məşğuldur. Keçən il rayon üzrə 11 min 153 hektar sahədən 24 min ton pambıq yığılmış, hər hektarın məhsuldarlığı 21,8 sentner olmuşdur. Pambığın 1 kiloqramının 60 qəpiyə yüksəldilməsi və əlavə olaraq dövlət tərəfindən hər kiloqram üçün 10 qəpik subsidiya verilməsi sahəyə marağı daha da artırmışdır. Bu il də keçən ildəki qədər pambıq əkilmişdir. Yazın yağmursuz keçməsi çıxış alınmasında müəyyən çətinliklər yaratsa da, mülkiyyətçilər çıxış yolu tapmışlar. Onlar suvarma sistemləri idarəsinin kollektivi ilə əl-ələ verərək çiyid səpilmiş sahələri vaxtında suvarmış və normal çıxış almağa müvəffəq olmuşlar. Hazırda 2-ci kompleks becərmə aparılır.
Günəşli kəndinin əhalisi də pambığın qədrini yaxşı bilir. Sovet dövründə burada Kirov adına təsərrüfat fəaliyyət göstərib. Bu il kənd ərazisində 168 hektar pambıq əkilib ki, onun da 47 hektarı İkram Əzimovun payına düşür. Onunla tarlada görüşdük. Bir az kənarda işləyən kultivatora nəzarət edirdi. Dedi ki, pambıqçılığa orta məktəbdə oxuyarkən həvəsi olub. O zaman kolxozda pambıqçılıq briqadiri işləyən atası Bafa kişidən tez-tez xahiş edirdi ki, onu da özü ilə çölə aparsın. Atası da onun könlünü qırmır, sözünü yerə salmırdı. İndi o vaxtdan çox keçib. Quruluş dəyişilsə, kolxoz təsərrüfatı ləğv edilsə də, o çöllər, sahələr yerindədir və İkram da atasının yolunu davam etdirir. İndi Bafa kişi də darıxanda, evdə qərar tuta bilməyəndə xahiş edir ki, hərdən onu da sahəyə aparsın. İkram da onun sözünü yerə salmır, “Niva”sına mindirib sahələri gəzdirir.

 

Hələlik su qıtlığı yoxdur

 

Biləsuvar rayonunun əkin sahələri relyefinə görə çətin suvarılan torpaqlardır. Əvvəllər, yəni, rayonun ərazisindən Cəliabad ərazisinə çəkilən beton kanaldan öncə burada bəzi əkin sahələri 90-10 pilləli suvarılardı. Özü də dizel yanacağı ilə işləyən suvuran motorlar vasitəsilə. Lakin suyun 2-3 pillə şəklində hündür yerlərə qaldırılması bu gün də qalmaqdadır.
Çətinliklərə baxmayaraq, su təsərrüfatı işçiləri əkinlərin vaxtında suvarılması üçün əllərindən gələni edirlər. Bu işlə rayonda iki təşkilat - Cənub Muğan Kanal İstismarı İdarəsi və rayon Suvarma Sistemləri İdarəsinin kollektivləri məşğuldur. Bundan əlavə, 11 sudan istifadə edənlər birliyi bu işə xidmət göstərir. Yuxarıda dediyimiz kimi, rayonda 27 min 480 hektar taxıl zəmilərindən bol məhsul əldə olunmuşdur. Pambıq, yonca, bostan-tərəvəz sahələrində becərmə işləri aparılır. Bitkilərə lazımi qədər su verilir.

 

Yem tədarükü davam edir

 

Biləsuvarda hansı istiqamətdə getməyindən asılı olmayaraq, yol boyu yonca, taxıl bəlim kipləri ilə yüklənmiş maşınlarla, lafetlərlə rastlaşırsan. Kəndlinin yay qayğılarından biri də elə budur - mal-qarası üçün qışa yem tədarükü etmək. Bəli, mal-qara kəndlinin həyatında, gün-güzəranında həmişə böyük önəm kəsb etmişdir.
Son vaxtlar mal-qara ilə məşğul olanların sayı artmaqdadır. Bu, ilk növbədə, heyvandarlığın səmərəli olması ilə bağlıdır. Kənd rayonu olan Biləsuvarda bu, daha çox hiss olunur.
Hazırda rayonda 5 min 100 hektardan çox yonca sahəsi vardır. Bir kipin qiyməti 3 manatdır. Təcrübəli və tədbirli heyvandarlar qışın tədarükünü indidən görürlər ki, mal-qaranı qışdan gümrah çıxarsınlar, süd istehsalını azaltmasınlar, sağlam bala alsınlar.
Bütün bunlarla əlaqədar kənd adamları, fermerlər, torpaq mülkiyyətçiləri hər gün səhərdən axşama kimi tarlalarda, heyvandarlıq fermalarında yorulmaq bilmədən çalışır, Günəşi iş üstündə qarşılayırlar.

Seyran CAVADOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video