Alternative content

09:12 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mətbuat fədaisi Qulam Məmmədli ilə sonuncu görüş
Mətbuat fədaisi Qulam Məmmədli ilə sonuncu görüş
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 22.07.2018

 

Tanınmış jurnalist, mətbuat fədaisi, tərtibçi, ədəbi irsin toplayıcısı kimi tanınan Qulam Məmmədli ziddiyyətli bir ömür yaşayıb. Cənubi Azərbaycanda doğulsa da, bütün uğurlarını bu tayda - Bakıda qazanıb. Aşqabadda dəmirçi kimi işə başlayıb. Amma Bakıya köçəndən sonra ömrünü sözün işığında əridib. Aleksndrov mətbəəsində mürəttib işləyib. İkinci Dünya müharibəsindən sonra müxtəlif mətbuat orqanlarında çalışıb. Əsl jurnalist kimi nəyə qadir olduğunu sübut etməyə çalışıb. Bir-birindən maraqlı tədqiqatlar, araşdırmalar aparıb. Ərsəyə gətirdiyi dəyərli yazılar ona nüfuz və hörmət qazandırıb.

“Kommunist” qəzetində şöbə müdiri, “Azərbaycan kolxozçusu” qəzetinin redaktoru, “Kommunist” nəşriyyatının baş direktoru kimi məsul vəzifələrdə çalışıb. Uzun illər “Kirpi” jurnalına rəhbərlik edib. Qulam Məmmədli harada işləyibsə, o mühitə yeniliklər, qaynarlıq gətirib.
1934-cü ildə böyük rus yazıçısı Maksim Qorki ilə görüşüb. Bu görüş onun yaddaşında dərin iz qoyub. Böyük ədib Qulam Məmmədlini xalq sərvətinin bilicisi, Azərbaycan mətbuatının yanar ürəyi adlandırıb. Bu dəyərli qiymət Qulam Məmmədliyə böyük ruh verib. Özü deyirdi ki, belə nəhəng yazıçı ilə həmsöhbət olmaq özü də xoşbəxtlikdir. Həmin vaxtdan uzun illər ötsə də, Qulam müəllim bu görüşün təəssüratlarını dönə-dönə xatırlayırdı.
Qulam Məmmədli ömrü boyu ədəbi mühitdə az tanınan yazıçı və şairlərin yaradıcılığı ilə maraqlanmış, onları ardıcıllıqla öyrənib tədqiq etmişdir. Heyran xanımın ədəbi yazılarını dərindən tədqiq edən Qulam Məmmədli ömrünün sonuna qədər bu xeyirxah işi davam etdirmişdi. O gördüyü belə işlərdən qətiyyən yorulmurdu. Nə də ciddi bir umacağı yox idi. O, yalnız xalq sərvətini dönə-dönə tədqiq edib, xalqa çatdırmaq istəyib.
Qulam Məmmədli xatirələrində yazırdı ki, mənim üçün ən böyük mükafat gördüyüm işlərin bəhrəsi olub. Az tanınan, o qədər də yada düşməyən şair və yazıçıların əsərlərini itib-batmaq təhlükəsindən xilas edib. Zəhmətinin uğurlu nəticəsini görəndə o qədər sevinərdi ki... Elə ömrünün sonuna qədər də bu amalla yaşayıb.
O, yalnız ədəbiyyatın, mətbuatın inkişafı, yeniləşməsi barədə düşünürdü. Qulam Məmmədli ilə son görüşümüzü yaxşı xatırlayıram. 1994-cü ildə ağır yataq xəstəsi idi. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan televiziyasının rəhbərliyindən xahiş etmişdi ki, Qulam Məmmədli ağır xəstədir, heç olmasa, onun ömrünün son anlarından bəzi fraqmentləri lentə köçürüb gələcək nəsillər üçün saxlayın. Bunun özü də faydalı bir iş olar. Biz xalq yazıçısı Anarın xahişi ilə qocaman jurnalist, mətbuat fədaisi Qulam Məmmədli ilə son dəfə xəstə yatağında görüşdük. Arıqlamışdı, dəmir çarpayıda son anlarını yaşayırdı. Doğrusu, ondan söz qoparmaq o qədər də asan deyildi. Seyrək-seyrək danışırdı. Hər halda, ötənləri xatırlayırdı:
- A bala, az sorğu-suala tutun məni - dedi. Nə etmişəmsə, xalqıma əmanətdir. Sonra əlavə etdi ki, yarımçıq işlərim çoxdur, deyəsən, ömür vəfa etməyəcək. Qismət belə imiş, a bala...
Soruşduq ki, dostları, onu tanıyanlar son günlərdə görüşünə gəlirmi? Sualımız qocaman jurnalisti xeyli kövrəltdi:
- Gözüm yolda qalıb, ay oğul. Bir neçə dəfə yazıçı Anar gəlib, vəssalam.
Əslində, Qulam Məmmədlinin əhatəsində xeyli dostu, tanışı olmuşdu. Bununla belə, ömrünün çətin anlarında balaca bir otağa sığınmaq məcburiyyətində qalmışdı. Amma yenə də heç kəsdən giley etmirdi. Bəlkə də bu məqamda qocaman jurnalist heç kəsi yox, ölümünün gəlişini gözləyirdi. Özü belə dedi.
Yaşadığı darısqal mənzilin ən böyük bəzəyi qalaq-qalaq kitablar idi. Deyirdi ki, bunlar mənim ən böyük sərvətimdir. Qabiliyyətim nəyə çatıbsa, zərrə qədər də xalqımdan əsirgəməmişəm. İstirahətə o qədər də çox vaxt sərf etmədim. Ömrümü faydalı araşdırmalara, tədqiqatlara sərf etdim. Elə məndən sonra ömrümə ömür calayan da bunlar olacaq. O, ərsəyə gətirdiyi bütün əsərləri, hətta ən kiçik yazıları da böyük məsuliyyətlə işləyirdi. İmzasına hörmətlə yanaşırdı. Oxucu ilə ünsiyyətdən böyük zövq alırdı. Ona görə də nə qədər ki, mətbuatımız tərəqqidədir, Qulam Məmmədli kimi fədailər də unudulmayacaq. Ən azı, nəsil-nəsil yaddaşlarda yaşayacaq...
Qulam Məmmədli ağır xəstə olsa da, son dəfə tövsiyələr verməkdən çəkinmədi. Aramla danışırdı. Deyirdi ki, Azərbaycan mətbuatı uğurlu bir yol üstədir. İnanıram ki, gələcək nəsil bizdən qalan ənənələri daha da inkişaf etdirəcək, yeniliklər gətirəcəklər. Gərək bu sahədə çalışan hər kəs ona cəhd etsin ki, köhnə ənənələr dəyərdən düşməsin, əksinə, bu böyük xalq sərvətinə ciddi əlavələr olunsun. Onda inkişafdan arxayınlıqla danışmaq olar.
Mətbuat fədaisi onu da xatırlatdı ki, biz sözün dəyərini bilsək, oxucu da bizə o qədər dəyər verəcək. Onda yazarla oxucu arasında asanlıqla ünsiyyət yaranır. Hər şey vaxtın, zamanın sınağından çıxır. Təzə fikir, yeni söz həmişə oxucunu təlatümə gətirir. Belə olanda oxucu öz müəllifini dönə-dönə arayır, onun yazılarına hörmətlə yanaşır. Mən mətbuatda belə ünsiyyətin tərəfdarıyam. Yaddaşlarda qalmağın yeganə yolu yorulmadan axtarışlar aparmaqdır. Nə yazmışamsa, xalqımın sərvətidir. Arxivlərdə, qəzet və jurnal səhifələrində çox əmanətim qalıb. Elə məni bu yaşa çatdıran da gördüyüm işlərdir.
Bu gün mətbuatda Qulam Məmmədlinin arzularını, istəklərini davam etdirən yeni nəsil boy atır. Oxucu ilə ünsiyyət yaratmaq, sözün təzəsini, nübarını arayıb-axtarmaq o qədər də asan deyil. Qulam Məmmədli deyirdi ki, bizim mətbuatın Həsən bəy Zərdabi ənənələri var. Gərək o şəxsiyyətlərin adına, əməlinə layiq nümunələr yarada bilək. Yoxsa, bu çətin yolu sona qədər davam etdirmək asan olmaz. İnanıram ki, bizim başladığımız ənənələr uzun illər dəyərini itirməyibsə, varislərimiz də bu yolu ləyaqətlə davam etdirəcək...
Qulam Məmmədli son nəsihətlərini, tövsiyələrini dilinə gətirəndə bir qədər kövrəldi. Dedi ki, bizim nəsil ömrünü də başa vurur, üzdə olan yaradıcılığını da... Gərək yarımçıq qalan işlərimizi ləyaqətlə davam etdirsinlər. Onda Azərbaycan mətbuatı daha da zənginləşər, itkilərimiz az olar.
Mətbuat fədaisi ilə söhbətimizi bitirəndə ev telefonu zəng çaldı. Yenə də yazıçı Anar qocaman jurnalistlə maraqlanırdı. Hal-əhval tutdu, ehtiyaclarını öyrənməyə çalışdı. Amma Qulam müəllim həmişə olduğu kimi, yenə də təvazökarlıq göstərdi. “Heç nəyə ehtiyacım yoxdur” - dedi. Təki davamçılarımız sağ olsun!

Bəşir ŞƏRİFLİ,
“Azərbaycan”