20 Iyul 2018 03:07
185
İQTİSADİYYAT
A- A+

Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir

İyulun 20-də Tbilisidə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi və Almaniya Federativ Respublikasının Özəlləşdirmə Qurumu rəhbərlərinin üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyinin sədri Yekaterina Sisauri rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, agentliyin əsas məqsədi dövlətin əmlakını, hökumətin iştirak payı olan şirkətləri ölkənin infrastrukturunun və iqtisadiyyatın inkişafını dəstəkləyən üsullarla idarə etməkdir. Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində də əlaqələrin genişləndirilməsi yeni layihələrin reallaşmasına imkan verəcəkdir. Y.Sisauri Gürcüstanda dövlət əmlakının, mədəni tarixi abidələrin, mühafizəsi, özəlləşdirilməsi qaydaları, agentliyin beynəlxalq əməkdaşlığı barədə məlumat verib. O, iki ölkə arasında dövlət əmlakı məsələləri sahəsində əlaqələrin bundan sonra da uğurlu olacağına ümidvar olduğunu qeyd edib və bildirib ki, Gürcüstan Azərbaycanla dövlət əmlakı sahəsində təcrübə mübadiləsinə də hazırdır.

Kərəm Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində Dövlət Komitəsi yeni metodların və yanaşmaların tətbiqini genişləndirib. Eyni zamanda, ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli Fərmana əsasən də özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir. Dövlət əmlakının idarəçiliyi və özəlləşdirilməsi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Bildirilib ki, özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron şəkildə tətbiqi bu prosesdə optimallığı daha da artırıb, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirib, çevikliyi təmin edib.

Diqqətə çatdırılıb ki, iqtisadiyyata fayda verə biləcək iri müəssisələr, səhmdar cəmiyyətlərin səhm zərfləri, qeyri-yaşayış sahələri hərraclar vasitəsilə özəlləşdirilir. Eyni zamanda, iri kapital tələb edən müəssisələr investisiya müsabiqələri vasitəsilə uğurlu biznes planı olan investorlara təklif edilir. Beynəlxalq investisiya fondları, müxtəlif profilli şirkət və assosiasiyalara ünvanlanan tanıtım müraciətləri, xarici ölkələrdə keçirilən təqdimatlar da özəlləşdirilmə prosesinin sürətləndirilməsinə imkan verir. Hazırda sənaye, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, xidmət, telekommunikasiya və digər sahələrə aid iri dövlət müəssisələri özəlləşməyə açıq elan edilib. İnvestorlar üçün istifadəyə verilən elektron “Özəlləşdirmə portalı” və oradakı geniş informasiya mövcudluğu onların prosesə olan marağını daha da artırır. Elektron portala baxış sayının 2 milyona yaxınlaşması da bunu deməyə əsas verir.

Tədbirin əhəmiyyəti və nəticələri barədə danışan Kərəm Həsənov bildirib ki, görüş daşınmaz əmlak idarəçiliyi sistemində müasir yanaşmalar və beynəlxalq təcrübənin iştirakçı dövlətlər arasında yayılması və bu sahədə fikir mübadiləsinin aparılması üçün uğurlu platformadır. Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, bu sahədə yüksək göstəricilərin əldə olunması məqsədilə xarici ölkələrin təcrübəsi öyrənilir və aparılan təcrübə mübadiləsi daim genişləndirilir.

Komitə sədri bu görüşün müəyyən olunmuş sahələrdə əməkdaşlığın daha da genişlənməsinə imkan yaratdığını vurğulayıb.

Kərəm Həsənov Gürcüstanla daşınmaz əmlak sahəsində əməkdaşlığın gələcəkdə daha səmərəli nəticələr verəcəyini qeyd edib.

Almaniya Federativ Respublikası Özəlləşdirmə Qurumunun rəhbəri xanım Petra von Vik qeyd edib ki, ölkəsi digər dövlətlərlə əlaqələrin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafına zəmin yaradacaq yenilikləri dəstəkləməkdə maraqlıdır. Daşınmaz əmlak idarəçiliyi sahəsi ilə bağlı əlaqələrin qurulması isə bu sahənin daha da genişlənməsinə imkan verəcək.

Görüşdə alman partnyorlarla əməkdaşlıq və beynəlxalq münasibətlərin rolu, Azərbaycan və Gürcüstan arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əlaqələrin inkişafı, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi prosesinin dəstəklənməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub. Dövlət əmlakının idarə edilməsi, özəlləşdirmə prosesinə investisiyaların cəlb olunması potensialından danışılıb, təcrübə mübadiləsinin perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov görüşdə iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video