20 Iyul 2018 01:07
202
İQTİSADİYYAT
A- A+

Tənəzzülə tamam, inkişafa davam

 

Yeni iqtisadi inkişaf modeli qarşıya qoyulan hədəflərə çatmağa imkan verir

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır.
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Sənəd təkcə iqtisadi islahatların məqsəd və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, onun tam və hərtərəfli diaqnostikasını, mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Strateji Yol Xəritəsində qeyd olunur ki, qısamüddətli dövrdə seçilmiş prioritetlərlə fokuslanaraq orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaq. Bu sənəd iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcək. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaq.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son illər ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu müddətdə ölkədə həyata keçirilən siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli genişlənməsinə, əhalinin sosial rifahının yüksəlməsinə, sosial-iqtisadi infrastrukturun tamamilə müasirləşməsinə imkan vermişdir. Təkcə 2004-2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilmiş, ÜDM-in nominal həcmi 7,6 dəfə yüksəlmişdir. Sözügedən dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bu da Azərbaycanın dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə qalxmasına, əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarmışdır. Yoxsulluq səviyyəsinin 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enməsi faktı bunun konkret göstəricisidir.
Bu dövr həmçinin əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkənin neft gəlirlərinin artımı ilə müşayiət olunması, əldə edilmiş maliyyə vəsaitlərinin sürətli iqtisadi inkişafın maliyyələşdirilməsinə imkan verməsi ilə yadda qalmışdır. 2004-2015-ci illər ərzində neft gəlirlərindən istifadə etməklə reallaşdırılmış iqtisadi artım modeli aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu xarakterli olmaqla həmin dövr üçün qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına zəmin yaratmışdır.
Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərini də əhəmiyyətli dərəcədə yüksəltmişdir. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “Lider islahatçı dövləti” olmuşdur. Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na əsasən, Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşmışdır. Həmin hesabata görə, Azərbaycan makroiqtisadi mühitin keyfiyyət göstəricisi üzrə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyəti üzrə isə 55-ci yerə layiq görülmüşdür.
Bunlardan əlavə, ardıcıl həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsi ilə nəticələnmişdir. Dünya Bankının təsnifatına (atlas metodologiyasına görə) əsasən, Azərbaycan 2004-cü ildə adambaşına düşən milli gəlirin həcminə görə yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olmuşdur.
Digər mühüm məqam: son illər reallaşdırılmış iqtisadi artım modeli iri həcmdə strateji valyuta ehtiyatları yaratmağa imkan vermişdir ki, bu da ölkə iqtisadiyyatının üzləşə biləcəyi potensial riskləri zərərsizləşdirmək, həmçinin gələcək iqtisadi inkişafı maliyyələşdirmək üçün mühüm vasitədir. Xatırladaq ki, hazırda ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 42 milyard dollardan çoxdur. Bu gün adambaşına düşən strateji valyuta ehtiyatına görə Azərbaycan nəinki region və MDB ərazisində, hətta dünyada ön yerdədir. Nəzərə alsaq ki, strateji valyuta ehtiyatlarımızın formalaşmasının əsas mənbəyi olan neft və təbii qazın qiymətləri bahalaşır, onda valyuta ehtiyatımızın artmaqda davam edəcəyi şübhəsizdir. Üstəlik, ölkədə valyuta ehtiyatlarından səmərəli istifadə siyasətinin həyata keçirildiyini də unutmaq olmaz.
Həmçinin 2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi nəticəsində Azərbaycanın xarici valyuta gəlirlərinin azalması ilə müşayiət olunması da yaddan çıxarılmamalıdır. Çünki bu ucuzlaşma ölkədə reallaşdırılan iqtisadi artım modelinin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Bu isə yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini daha da gücləndirmişdir.
Hər iki amil bir daha onu göstərir ki, mövcud iqtisadi inkişaf modeli bu gün qarşıya qoyulmuş hədəflərə çatmağa imkan verir. Strateji Yol Xəritəsində də göstərilir ki, artıq yeni dövrün ən mühüm strateji çağırışı “kapital akkumulyasiyası” adlanan əsaslı modeldən “məhsuldarlıq (effektivlik)” əsaslı artım modelinə keçidi təmin etməkdir. Bunun üçün isə institusional mühitin keyfiyyətinin daha da yüksəldilməsi, əlçatan maliyyələşmə mənbələri, biznesin düzgün seqmentasiyası və ixtisaslaşması, makroiqtisadi siyasətin yeni çağırışlar əsasında müasirləşdirilməsi, ən başlıcası intensiv şəkildə yüksək ixtisaslı insan kapitalının hazırlanması tələb olunur.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video