20 Iyul 2018 01:07
608
Səfərlər
A- A+

Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.

Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdirdilər.

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu dedi. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışdı, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd etdi. Bildirdi ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Görüşdə vurğulandı ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu dedi. Vurğulandı ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır.

Söhbət zamanı parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edildi, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırıldı.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Senatın sədri vurğuladı ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzaladı.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video