20 Iyul 2018 01:07
907
İQTİSADİYYAT
A- A+

Nar çiçəyi əfsanələr və reallıqlar arasında

 

Bəlkə də belə deyil, bəlkə də bir çiçək bu dərəcədə insan ruhuna bütün gözəlliklərin və eşqlərin rəmzi kimi hakim kəsilmək gücündə deyil! Amma özünü unudub nar çiçəyinin ləçəklərinin arxasındakı qərib fəzaları kəşf etdinsə, geriyə yolun olmayacaq. İstəsən də, istəməsən də misilsiz əfsanələrin əsarətindən qurtula bilməyəcəksən. İndi ölkədə hər yanda nar çiçəkləyib. Yayın ortasında nar baharının gur vaxtıdır. Bu gün belədir, bizdən min il əvvəl də belə olub, min il sonra da belə olacaq.

Şərq narı bütün meyvələrin tacı kimi uca tutulub, onun şəninə əfsanələr yaradılıb. Bu əfsanələr Qərb mədəniyyətindən də eyni poetik tərzdə keçir. Xatirələrin kəpənək qanadlarında çırpınaraq ruhumuzda əbədi pərvazlanan bu nar ləçəkləri bütün bəşəriyyətin ən gözəl, həzin və lirik bəstəsidir. Bəlkə də heç bir xalq nara bizim qədər şeir və mahnı həsr etməyib.

Bakıda ilk nar ağacı mayın 15-də çiçəkləyir və bu bənzərsiz nar baharı sentyabrın sonuna kimi davam edir. Axtarsanız, nar ağaclarında sonuncu çiçəklərlə payızda vidalaşa bilərsiniz. Yüz gün davam edən nar baharından zövq almağı unutmayın və bir də unutmayın ki, nar 150 gündən tez yetişmir.

Əksər xalqlarda narın meyvəsi də, çiçəyi də sərvət, bolluq və bərəkət rəmzi sayılır. Bizim müqəddəs kitabımız Quranda deyilir ki, nar ağacları cənnət bağında bitir. Bibliya əfsanələrindən birində ilk qadının cənnət bağında alma yox, məhz narla yoldan çıxarıldığı danışılır. Sən demə, əsl “cənnət alması” narın özü imiş. İtalyanlar da Həvvanın cənnətdə narla şirnikləndirildiyinə inanırlar. Fars imperiyasının banisi hökmdar Kir isə bacarıqlı sərkərdələrin sayının narın içərisindəki dənələr qədər çox olmasını arzu edərdi.

Sevimli peyğəmbərimiz də paxıllığı, nifrəti və kini təmizləyən meyvə kimi nar yeməyi məsləhət görərdi. Narın rəsmi Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, antik yunan və ərəb ornamentlərində tapılmışdır. Misir fironları nar şirəsini içmədikləri günü ömürlərindən keçən gün saymazdılar. Qədim misirlilər, assuriyalılar heykəllərində çox zaman narı müqəddəs “həyat ağacı” kimi əks etdirərdilər. Hətta qədim Misirdə vəfat edənləri qayıdacağına ümidi simvolizə edən nar meyvələri ilə basdırardılar.

Qədim yunan mifologiyasında narın öz yeri var. Yunanlar inanardı ki, nar yemək insana ölümsüzlük bəxş edir. Antik yunan əsatirlərində Olimp allahlarının yeməyi nar sayılardı. Nar Yunanıstanda həm də ər-arvad sadiqliyinin simvolu olmuşdur. Yunanlar hesab edirdilər ki, nar Dionisin qanından yaranmış, nar ağaclarında isə xüsusi nimfalar yaşayır. Bir əfsanadə isə nar ağacının Kiprdə məhəbbət Allahı Afrodita tərəfindən əkildiyi iddia edilir. Yunanlar bu gün də toylarında nar ağacı köklərini sındırırlar. Çin toylarında şirin nar dənələrini yeməklə bəylə gəlinə xeyir-dua verirlər. Yetişmiş nar rəsminin hədiyyə edilməsi isə ən gözəl və dəbdə olan toy hədiyyəsidir.

Azərbaycan əfsanələrində isə deyilir ki, nar sevgi və eşq simvoludur. Qədimdə sözlə sevgini bildirməkdə çətinlik çəkən gənclər qızlara nar meyvələrini gətirməklə öz hisslərini büruzə verərdilər. Nargilə, Gülnarə kimi adların verilməsi də bizim nara olan sonsuz bağlılığımızın nişanəsidir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video