Alternative content

09:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella sərgi ilə tanış olublar
Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella sərgi ilə tanış olublar
ANA SƏHİFƏ / Səfərlər
04:07 19.07.2018

İyulun 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.

Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Uffizi Qalereyasının direktoru Hayke Şmidt məlumat verdi ki, sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır. Ədəbiyyatın və incəsənətin çiçəklənmə dövrü onların hakimiyyətdə olduqları illərə təsadüf edir. Azərbaycanın milli mədəniyyətinin inkişafı üçün Şah İsmayıl əlverişli mühit yaradıb, I Şah Təhmasib isə bu mühiti qoruyub saxlayıb. Həmin illərdə dövlətçiliyin elmi və yaradıcı potensialı formalaşıb, Azərbaycan torpaqlarının Səfəvilər dövlətinin tərkibində birləşdirilməsi başa çatdırılıb, Azərbaycan dili dövlət işlərində üstün qüvvəyə malik olmağa başlayıb, Avropa ölkələri ilə geniş ticarət əlaqələri qurulub. Bütün bu amillər həmin dövrün incəsənət əsərlərində öz əksini tapıb. Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotoşəkli də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya – bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür. Lakin sərginin əsl kulminasiyası Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portretidir. Kristofano Dell’Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunu təşkil edir. Bu gün tamaşaçı bu möhtəşəm sənət əsərləri ilə tanış olmaq üçün gözəl imkana malikdir.

Sonra Heydər Əliyev Mərkəzindəki "Mini Azərbaycan" sərgisi ilə tanışlıq oldu. Bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı var.

Sərgidəki eksponatlardan biri “Bakı Ekspo 2025”in ərazisinin maketidir. Burada 295 hektar ərazinin planı göstərilir.

Sərgi ilə tanış olanlar, həmçinin Dövlət Bayrağı Meydanının, Bakı Ağ Şəhərin, Heydər Əliyev Mərkəzinin, Ali Məhkəmənin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Hökumət evinin, Azərbaycan Xalça Muzeyinin maketlərinə baxdılar.

Heydər Əliyev Mərkəzində müxtəlif mövzuları əhatə edən sərgilər fəaliyyət göstərir. Maraqla qarşılanan sərgilərdən biri də klassik avtomobillərin sərgisidir.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirdi ki, Federasiyanın və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan bu sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar. Bu sərgi həm də avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır.

İtaliya Prezidenti Sercio Mattarella Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldıqlarını diqqətə çatdırdı.