19 Iyul 2018 02:07
163
İQTİSADİYYAT
A- A+

Müasir inkişaf kursunun lokomotivi

 

İlham Əliyevin yeni iqtisadi strategiyasının əsas istiqamətlərindən olan modern sənayeləşmə artıq real nəticələr verməkdədir

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, məhsul istehsalının həcmi dəfələrlə artıb.
Valyuta ehtiyatlarını 44,3 milyard dollara çatdıran Azərbaycanda rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilir, yeni iş yerləri açılır. Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

611 sahibkara 100 milyon manatdan çox güzəştli kredit verilib

 

Ölkəmizdə müasir sənaye müəssisələrinin qurulması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi qarşıda duran prioritet vəzifələrdəndir.
2018-ci ilin ötən dövründə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrin ümumi dəyəri 468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manatdan çox güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu layihələr hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə, 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcək.

 

İnvestisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyətdədir

 

İqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i bu ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. İnvestisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.

 

Yüksək texnologiyalar əsasında şaxələnən sənaye sektoru

 

Əlbəttə ki, qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi var. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir. Bu həm də yüz minlərlə iş yeri, yüksək gəlir və əlavə dəyər imkanları deməkdir.
Azərbaycanda həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb.

 

Rəqabətqabiliyyətli sənayenin inkişafı

 

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır.
Prezident İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi da sürətləndirilib.
Sənaye parklarının yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.

 

Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb

 

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev digər sahələrlə yanaşı, sənaye parkları və məhəllələrinin sayının artırılması və bu işdə sahibkarlara güzəştli kreditlərin verilməsi, sahibkarların bu prosesə yaxından cəlb olunması ilə bağlı tapşırıqlarını verdi.
Təbii ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri açılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

 

Qafqazın ən böyük kimya sənaye parkı

 

Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanına əsasən yaradılan Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək. Artıq demək olar ki, 7 ildir fəaliyyət göstərən sənaye parkının rezidentlərinin sayı getdikcə artır.
Burada fəaliyyət göstərən şirkətlər tərəfindən sənaye parkına ümumilikdə 2.7 milyard dollar investisiya yatırılması gözlənilir. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə burada daha 4 müəssisə fəaliyyətə başlayıb, 3 müəssisənin isə təməli qoyulub. Yeni fəaliyyətə başlayan müəssisələr atrıq məhsul istehsal edir və hətta “made in Azerbaijan” brendi adı altında xaricə də ixrac edirlər.

 

Toxuculuq sənayesinin inkişafına dəstək verən Mingəçevir Sənaye Parkı

 

Dövlət başçısının 2015-ci il 26 fevral tarixli sərəncamı qurulan Mingəçevir Sənaye Parkı ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalını təşkil etmək məqsədi ilə yaradılıb.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür.
Artıq sənaye parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.
“Open End” üsulu ilə alınan iplik daha sərt olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək.

 

Balaxanı Sənaye Parkında daha 9 yeni istehsal sahəsi tikiləcək

 

Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı sərəncama əsasən yaradılan Balaxanı Sənaye Parkı bu gün Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Sənaye parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə xidmət edir.
Ölkədə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaq.

 

Ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı

 

Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli sərəncamı ilə yaradılıb. Məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, əczaçılıq sənayesinin inkişafına nail olmaq, əczaçılıq məhsullarının idxalından asılılığını azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etməkdir.
Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sənaye parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq.

 

Azərbaycanın ilk sənaye məhəlləsi

 

Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb. Bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb.
Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılan “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunur. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac edilir.
Ümumiyyətlə, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrinin üstünlüyü ondan ibarətdir ki, ilk növbədə, sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Yalnız icarə haqqı ödəyir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılır.
Tezliklə açılışı nəzərdə tutulan Masallı Sənaye Məhəlləsində bütün işlər başa çatdırılıb, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin də ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, hazırda respublikanın digər rayonlarında da yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır.
Prezident İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradır. Azərbaycanın dövlət büdcəsi isə il ərzində qarşıda duran hər bir vəzifənin həyata keçirilməsi üçün yetərlidir və modern sənayeləşmə istiqamətində həyata keçirilən hər bir layihə Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramdır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video