19 Iyul 2018 02:07
214
İQTİSADİYYAT
A- A+

Hasilatın ahəngdarlığı AÇG-nin potensialını əks etdirir

 

5 ayda bu yataqlar blokundan 3 milyard 785 milyon dollar gəlir əldə olunub

 

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından bu il yanvarın 1-dən iyunun 1-dək 3 milyard 785 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Bu barədə ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) məlumat verib.

AÇG-dən hasilat ahəngdar davam edir. Hazırda bu yataqlar blokunda 8 platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat, 2-si texnoloji platformadır. AÇG-dən əldə olunan gəlirlər bu qurğuların hamısının etibarlı şəkildə işləməsini təsdiq edir. Əməliyyatçı olan BP şirkətindən verilən məlumatda da AÇG-də ilin əvvəlindən hasilatın sabit və təhlükəsiz davam etdiyi bildirilir. Birinci rüb ərzində ümumi hasilat gündə orta hesabla 597 min barel olub. Rüb ərzində ümumilikdə təqribən 54 milyon barel, yəni, 7 milyon ton neft alınıb. Gündəlik hasilat “Çıraq”dan 53 min, “Mərkəzi Azəri”dən 156 min, “Qərbi Azəri”dən 123 min, “Şərqi Azəri”dən 94 min, “Dərinsulu Günəşli”dən 109 min və “Qərbi Çıraq”dan 62 min barel təşkil edib.

Keçən ilin sonunda AÇG-də ümumilikdə 118 neft hasilat quyusu, 52 qaz və su injektor quyusu istismarda olub. Bununla yanaşı, blokda qazma işləri davam edir. Belə ki, birinci rüb ərzində 5 neft hasilat quyusu qazılıb.

Xatırladaq ki, hazırda AÇG layihəsində BP (30,37 faiz), SOCAR (25 faiz), “Şevron” (9,57 faiz), “İnpeks” (9,31 faiz), “Statoyl” (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), “İtoçu” (3,65 faiz), ONGC Videş Limited (2,31 faiz) şirkətləri tərəfdaşlıq edirlər. Birinci rübdə AÇG-nin əməliyyat xərcləri təqribən 102 milyon dollar, əsaslı məsrəfləri isə 260 milyon dollar həcmində olub.

İstər hasilatın davamlı olması, istərsə də yeni quyuların qazılması göstərir ki, AÇG-nin potensialı böyükdür. Məhz ehtiyatlarının bol olduğuna görə, keçən il sentyabrın 14-də AÇG yataqlarının beynəlxalq tərəfdaş şirkətlərlə birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandı. Oktyabrın 31-də saziş Milli Məclis tərəfindən ratifikasiya olundu. Bu, 2049-cu ilin sonunadək davam edəcək müqavilədir.

Bu il mayın 29-da Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimində Prezident İlham Əliyev bu barədə demişdir: “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış “Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır”.

Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın neft-qaz sektoruna marağın azalmadığı vurğulanıb. Belə ki, xarici şirkətlər Azərbaycanda bu sahəyə daha böyük maraqla vəsait qoyurlar.

Keçən il imzalanan yeni saziş AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, texnologiyalar və birgə səylərlə blokun neftvermə əmsalını ən yüksək həddə çatdırmaq imkanı yaradır. Bu sazişin həyata keçirilməsi AÇG-nin Azərbaycana gətirdiyi iqtisadi mənfəətləri də maksimuma çatdıracaq. Müqavilənin şərtləri ölkənin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına inamını göstərir və real tərəfdaşlığı yeni müstəviyə qaldırır.

Sazişdə AÇG-də SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. 2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Qeyd edək ki, bu il yanvarın 29-da ARDNF-yə AÇG üzrə imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib. 

ARDNF-nin məlumatına görə, AÇG yataqlarından əldə olunan ümumi gəlirlər 2001-ci ildən bu il iyunun 1-dək 132 milyard 271 milyon dollar təşkil edib.

Xatırladaq ki, ARDNF 1999-cu ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində yaradılmışdır. Sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafına sərf olunan daxili investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına formalaşmışdır.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video