Gəzmək, yaxud istirahət üçün Azərbaycanı seçən turistlərin sayı 10 faizdən çox artıb
Dövlət Statistika Komitəsi cari ilin 6 ayı ərzində Azərbaycana gələn turistlərin sayı barədə məlumat açıqlayıb. Bildirilir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 30,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi vətəndaşlığı olmayan şəxslər olmuşdur. Onların 68,5 faizini kişilər, 31,5 faizini qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlmişdir.
6 ay ərzində Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5, Bəhreyn vətəndaşlarının sayı 2,6, Qətər vətəndaşlarının sayı 2,1, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artmışdır. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilmişdir. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər olmuşdur. Ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrinin payına düşmüşdür.
Digər regionlardan gələn qonaqların sayında da kifayət qədər artım var. Belə ki, bu dövr ərzində Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min, MDB-li qonaqların sayı 7,5 faiz artaraq 478,3 min nəfərə çatmışdır.
Məlumatda həmçinin xaricə gəzməyə, yaxud istirahətə gedən ölkə vətəndaşları haqqında da məlumat var. Həmin məlumata əsasən, yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2 milyon 19,8 min nəfər olmuşdur. Vətəndaşlarımızın 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiya Federasiyasına, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,8 faizi kişilər, 31,2 faizi qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artmış, Türkiyəyə gedənlərin sayı 6,8, Gürcüstana gedənlərin sayı 0,7, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalmışdır.
“Azərbaycan”